İlin əvvəlindən quruculuğa 9,4 milyard manat kapital qoyulub
Azərbaycanda milli iqtisadiyyatın inkişafını və rəqabətqabiliyyətinin artırılmasını hədəfləyən islahatların müsbət nəticələri getdikcə artır. Son 21 ilə yaxın bir müddətdə ölkəmizdə sosial-iqtisadi sahələrin inkişafına 300 milyard dollara yaxın sərmayənin yatırılması da bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, son illər bütün dünyada sabitlik məkanı kimi tanınan Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti əksər dövlətlər və beynəlxalq qurumlar tərəfindən bəyənilir, təqdir edilir. Elə Beynəlxalq Valyuta Fondunun 2024-cü il üzrə dərc etdiyi hesabatda Azərbaycanın dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi kimi önə çəkməsi də bunu təsdiqləyir.
Ölkəmizdə əlverişli biznes mühitinin yaradılmasının əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış düzgün iqtisadi strategeyi ilə qoyulub. Belə ki, Ulu öndər müstəqilliyin ilk illərində tənəzzülə uğramış iqtisadiyyatı böhrandan çıxarmaq üçün ölkədə azad bazar iqtisadi münasibətlərinin formalaşdırılmasını təmin edib. Ötən müddətdə Azərbaycanda hökm sürən daxili sabitlik, dövlətin siyasi iradəsi, mükəmməl qanunvericilik bazasının yaradılması, ölkədə investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması investorları iqtisadiyyatın bu və ya digər sahələrinə vəsait yönəltməyə sövq edir. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına kapital qoyuluşu getdikcə artır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar–yul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 438,7 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Ümumi investisiyanın 3 milyard 297,5 milyon manatı neft-qaz sektorunun, 6 milyard 141,2 milyon manat isə qeyri-neft-qaz sektorunun inkişafına sərf edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz və qeyri-neft-qaz sektorlarına yatırılmış investisiyaların həcmi müvafiq olaraq 0,4 faiz, və 2,9 faiz artıb. Ümumi sərmayənin 4 milyard 914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1 milyard 119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Cari ilin ötən 7 ayında ölkə iqtisadiyyatına yönəldilmiş sərmayənin 57,1 faizi dövlət, 42,9 faizi isə qeyri-dövlət sektorunu təmsil edən sərmayədarların payına düşüb. Hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 81,9 faizini təşkil edib. Ümumi investisiyaların 39,6 faizi sənaye, 26,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 22,7 faizi tikinti, 3 faizi informasiya və rabitə, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,7 faizi dövlət idarəetməsi və müdafiə, hər birində 0,6 faiz olmaqla, ticarət; nəqliyyat vasitələrinin təmiri, təhsil, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,1 faiz olmaqla, istirahət, əyləncə və incəsənət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
Cari ilin yanvar–iyul ayları üzrə ümumi kapital qoyuluşunun 70,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Hesabat dövründə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 faizini əsaslı təmir, 4,8 faizini cari təmir, 4,7 faizini sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,6 faizi isə qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
Azərbaycan iqtisadiyyatına xarici sərmayə axınının əsası isə 30 il əvvəl Bakıda imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Məhz həmin tarixi sazişin imzalanmasından sonra ölkəmizin qapıları xarici sərmayədarların üzünə taybatay açılıb. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev deyib: “Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk”.
Ümumilli liderin söylədiyi həmin tarixi kəlamlar ötən müddətdə özünü tam doğruldub, Azərbaycan əlverişli investisiya məkanı kimi bütün dünyada tanınıb. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu bu ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına 1 milyard 710 milyon manatdan artıq investisiya yönəldilib. Ümumi xarici investisiyanın 1 milyard 628,8 milyon manatı (95,2 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri və Fransa sərmayədarlarının payına düşüb.