Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrində yeni mərhələ

post-img

İlkin olaraq ticarət dövriyyəsi 1 milyard dollara yüksələcək

Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illər qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yeni bir dinamizm gətirib. Dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını sürətləndirib, qəbul edilən qərarlar əmtəə dövriyyəsinin artmasına, nəqliyyat və energetika sektorlarında əməkdaşlığın möhkəmlənməsinə geniş imkanlar yaradıb.

Keçən il Azərbaycan və Özbəkistan arasında 500 milyon dollarlıq investisiya fondunun yaradılmasına dair ikitərəfli sa­ziş imzalanıb. Prezident Ş.Mirziyoyevin Bakıya sonuncu səfəri zamanı isə tərəflər arasında fondun kapitalının artırılması ilə bağlı razılıq əldə edilib. Bundan əlavə, bu il iki ölkənin birgə onlayn ticarət platfor­masının yaradılması nəzərdə tutulub. Bu platforma Azərbaycan və Özbəkistanın bizneslərinə asanlıqla qarşılıqlı əlaqə qur­mağa, ticarət əməliyyatlarını asanlaşdır­mağa və birgə investisiya layihələri ger­çəkləşdirməyə imkan verəcək. Bu onlayn platformanı işə salmaqla hər iki ölkənin özəl bölməsi uyğun tərəfdaşlar tapacaq və ticarət-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar əldə edəcək. Cari ilin iyul ayında isə Azərbaycan–Özbəkistan Hökumətlə­rarası Komissiyasının 13-cü iclası zamanı iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair yekun protokol im­zalanıb.

Bütün bunlar ölkələrimiz arasında ti­carət dövriyyəsinə müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə ticarət dövriyyəsi 26,5 faiz artaraq 231,6 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə Azər­baycan ilə Özbəkistan arasında bu göstərici 118,2 milyon dolları ötüb. Hazırda ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması istiqamətində tədbirlər həyata keçirilir. 

Onu da qeyd edək ki, Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cüm­lədən 62 müştərək müəssisə, respublika­mızda isə 70 Özbəkistan şirkəti fəaliyyət göstərir. Özbəkistan–Azərbaycan birgə investisiya fondu bu artımın stimullaşdırıl­masında mühüm rol oynayır. Əməkdaşlıq üçün perspektivli sahələr ipək istehsalı, toxuculuq klasterinin yaradılması, bey­nəlxalq məktəbin tikintisi və qida istehsalı layihələridir.

Bir sözlə, münasibətlər demək olar ki, həyatın bütün sahələrində özünü qa­barıq büruzə verir. Məsələn, dövlətimizin başçısının çıxışlarının birində vurğulandı­ğı kimi, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayın­da imzalanan “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdi­rilməsi üzrə Əməkdaşlıq Memorandumu” “yaşıl” enerji sahəsində əməkdaşlıqda ilk addımdır.

Bundan başqa, qarşılıqlı fəaliyyət nəqliyyat-tranzit sahəsində də diqqət çə­kir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Bey­nəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində reallaş­dırılan genişmiqyaslı layihələr, Xəzər də­nizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəh­lizin praktiki cəhətdən önəminin daha da artırılması bunun bariz ifadəsidir. 

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrast­rukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olu­nub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Öz­bəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasın­da beynəlxalq avtomobil əlaqələri haqqın­da Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Özbəkistan məişət tex­nikasının birgə istehsalı sahəsində əmək­daşlıq etməyi planlaşdırır. Birgə istehsal baxımından digər əməkdaşlıq sahəsi Ələt Azad İqtisadi Zonasıdır. Bu, yeni sənaye sahələri yaratmaqda maraqlı olan özbəkis­tanlı sahibkarlar üçün əlverişli məkandır. Artıq Ələt Azad İqtisadi Zonası ərazisində məişət texnikası və alüminium radiatorla­rın istehsalı üzrə layihələrin hazırlanması və həyata keçirilməsinin fəal mərhələsinə keçilib. 

Hər iki ölkənin aparıcı enerji korpora­siyaları olan SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında da yüksək səviyyədə əməkdaşlıq münasibətləri mövcuddur. 2023-cü ildə bu qurumlar tərəfindən qaz ticarəti üzrə ixtisaslaşan birgə müəssisə yaradılıb. Bununla bərabər, “Özbək­neftqaz”ın respublikamızda qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar artıq yekun mərhələdədir. 

Azərbaycan ilə Özbəkistan arasında “yaşıl” enerji əməkdaşlığının inkişafı da diqqətdə saxlanılır, hər iki ölkənin “yaşıl” texnologiyalarının öz enerji sistemlərinə inteqrasiyasına mühüm önəm verilir. Azər­baycan, Özbəkistan və Qazaxıstan arasın­da “yaşıl” enerjinin ötürülməsinə dair üç­tərəfli sazişin imzalanması da buradan irəli gəlir.

Yeri gəlmişkən, bir müddət bundan əv­vəl Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında saziş Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Qazaxıstanda ke­çirilən ilk görüşündə əldə olunub. Sazişin imzalanması Mərkəzi Asiyadan Avropaya təmiz enerji ixracı üçün baş ofisi Bakıda yerləşən birgə müəssisə yaratmaq məqsədi daşıyır. Bu, 2022-ci ilin dekabrında Azər­baycan, Gürcüstan, Rumıniya və Macarıs­tan arasında Qafqazdan Avropaya enerji dəhlizinin yaradılmasına dair imzalanan sazişə əsaslanır. Bu təşəbbüs çərçivəsində Azərbaycandan təmiz elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumı­niyaya, oradan isə Macarıstana və digər Avropa ölkələrinə ötürmək üçün 1195 ki­lometr uzunluğunda sualtı kabel çəkiləcək. Layihənin məqsədi 4 QVt-a qədər təmiz enerji istehsal etməkdir.

Bundan əlavə, əsas nəqliyyat marş­rutları üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mühüm nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirib və hazırda beynəlxalq nəq­liyyat şəbəkələrinə inteqrasiya olunub. Bu, Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan Azərbaycan vasitəsilə yük axınını xeyli artıracaq. 

Sonda belə nəticəyə gəlmək olar ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələ­rimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. İki dövlət arasında­kı qarşılıqlı etimada söykənən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaş­masına xidmət göstərəcək.

İqtisadiyyat