Əmlak Məsələləri Dövlət Xidməti 7 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 123 milyon manat vəsait qazandırıb.
Dövlət Xidmətindən redaksiyamıza bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb.
Hesabat dövrü ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
Cari ilin 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 101 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 350-si qeyri-yaşayış, 1881-i isə torpaq sahəsi üzrə olmaqla 2231 yeni icarə müqaviləsi bağlanılıb.
Hesabat dövründə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artım qeydə alınıb.