Qarabağ və Şərqi Zəngəzurda kredit qoyuluşu yüksəlib

post-img

Mərkəzi Bankın məlumatına əsasən, bu il mayın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 486 min manat və ya 4,7 faiz artaraq 10,8 milyon manata bərabər olub.

Məlumata əsasən, bu göstərici üzrə orta faiz dərəcəsi 16,94 faiz təşkil edib. Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 10,1 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib. Eyni zamanda, cari ilin mayın 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 491,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 10 milyon manat və ya 2 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 61,2 milyon manat və ya 14,2 faiz çoxdur.

Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,43 faizə bərabər olub. Dövr ərzində regiona qoyulmuş kreditlərin 489,8 milyon manatı milli valyutada, 1,4 milyon manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin mayın 1-nə ölkənin regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 219,4 milyon manat və ya 0,8 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,5 milyard manat və ya 14 faiz artaraq 28,096 milyard manata bərabər olub.

 

İqtisadiyyat