Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) e-AHİK elektron rezervasiya sistemi istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə sanatoriya və istirahət ocaqlarına yollayışların verilməsində e-AHİK elektron rezervasiya sisteminin üstünlükləri haqqında məlumat verilib.
Bildirilib ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb. Yeni elektron sistem vasitəsi ilə sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq. Qeyd olunub ki, e-AHİK sistemi üzərindən müraciət qəbul olduqda təsdiq barədə müraciət edən şəxsə məlumat verilir. Sonra şəxsi kabinetdə ödəniş linki ilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən tarixdə sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşır. Mərasimdə sistemdən istifadə qaydaları haqqında media nümayəndələrinə geniş təqdimat edilib.
Tədbirdə ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahətinin təşkili istiqamətində görülən işlərdən, aparılan islahatlardan və tətbiq edilən yeniliklərdən bəhs edən video nümayiş etdirilib. Konfederasiyanın həyata keçirdiyi “AHİK könüllüləri”, “Layiqli əmək səfirləri”, “Sağlamlığa doğru qaç!”, “Həmkardan həmkara qayğı ilə” layihələri barədə də ətraflı məlumat verilib, həmin layihələrdən hazırlanmış videoçarx izlənilib.
Diqqətə çatdırılıb ki, konfederasiya tərəfindən ittifaq üzvləri üçün əlavə xüsusi endirimlər və bonuslar təqdim edən “AHİK plus” proqramının da yaxın vaxtlarda icrasına başlanılacaq. Proqram üzvlərin sosial rifahının yüksəldilməsini, mal və xidmətlərə daha sərfəli çıxış imkanlarının yaradılmasını hədəfləyir.
Tədbirdən sonra media nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, e-AHİK sistemi üzərindən edilən müraciətlər burada emal olunur. Media nümayəndələri, həmçinin konfederasiya tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində də olublar. Bildirilib ki, mərkəzdə ittifaq üzvlərinə əməyin hüquq və texniki müfəttişləri tərəfindən əmək münasibətlərində hüquqi məsələlərlə bağlı ödənişsiz hüquqi yardım göstərilir. Məqsəd həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir.