Kənd dövlət dəstəyindən güc alır

post-img

7 ayda 7,5 milyard manatlıq məhsul istehsal edilib

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin yanvar–iyul aylarında ölkəmizdə  7 milyard 508 milyon manat dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox) kənd təsərrüfatı məhsulu istehsal edilib.   

Son bir ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 0,2 faiz artaraq 3 milyard 836 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 faiz artaraq 3 milyard 671 milyon manat olub. Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2937,3 min ton məhsul toplanıb, məhsuldarlıq 30 sentner olub. Məhsulun 1680,3 min tonunu və yaxud 57,2 faizini  buğda, 1227,4 min tonunu və yaxud 41,8 faizini arpa, 29,6 min tonunu və yaxud 1 faizini isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

26 rayonda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub. Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97 min ton) rayonlarında müşahidə olunub.7 ay ərzində ölkədə diri çəkidə 331,2 min ton ət, 1 milyon 312 min ton süd, 1 milyon 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb.

Avqustun 1-nə kimi 1 milyon 245,7 min ton (0,2 faiz çox) tərəvəz, 429 min ton (10,3 faiz çox) bostan məhsulları, 331,1 min ton (5,1 faiz çox) meyvə yığılıb.

7 ay ərzində ölkədə diri çəkidə 331,2 min ton ət, 1 milyon 312 min ton süd, 1 milyon 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz artıb.

Diqqətə çatdırılan bu göstəricilər son illər ərzində kənd təsərrüfatında islahatların daha da dərinləşdirilməsi, aqrar sahəyə dövlət dəstəyi mexanizminin davamlı şəkildə təkmilləşdirilməsi və çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və kənd təsərrüfatı istehsalçılarına verilən birbaşa subsidiyaların əhatə dairəsinin genişləndirilməsi nəticəsində əldə edilib. Eyni zamanda, yanacaq və motor yağlarının, mineral gübrələrin, pestisidlərin, pambıq və şəkər çuğundurunun satışına, toxum və tinglərin istehsalına  görə subsidiyaların verilməsi də aqrar sektorda dinamik inkişafı şərtləndirib.     

Son illər respublikada  aqrar sahədə istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlərə də böyük əhəmiyyət verilib. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faiz ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilib. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunub.

Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.

Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq cari ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının da ödənilməsinə başlanılıb. 

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.

Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi barədə Sərəncamından irəli gələrək hazırlanan  “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsidir. Bu sənəddə müəyyənləşdirilən fəaliyyətlərin uğurlu icrası nəticəsində kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq artır, həmçinin yeni iş yerlərinin  yaradılması davamlı xarakter alır.  

İqtisadiyyat