Vergi islahatları iqtisadi yüksəlişə əlverişli şərait yaradır

post-img

Son illərdə ölkədə tətbiq edilən vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı gerçəkləşdirib. Bu istiqamətdə həyata keçirilən islahatlar qeyri-neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşmasına, sahibkarların yükünün azaldılmasına, daimi iş yerlərinin və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasına müsbət təsir göstərib. Nəticədə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı nəzərə çarpıb. 

Ölkədə sahibkar-dövlət münasibətlərində etimad da getdikcə güclənir. Bu isə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamika ilə müşahidə olunur. Son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları isə vergi öhdəliklərinə əməletmənin asanlaşmasını şərtləndirir, eyni zamanda, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-in artım tempini üstələyir.

Ümumiyyətlə, hazırda sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir. İqtisadi şəffaflaşma, biznes mühitinin ­cəlbediciliyinin artırılması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, intizamlı biznes üçün mühitin təmin edilməsi vergi siyasətinin əsas istiqamətləridir. 

Son illər ərzində vergi sistemində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində sahənin maddi-texniki bazası müasirləşdirilib, vergi inzibatçılığı texnoloji cəhətdən yenidən qurulub, biznes mühiti münbitləşib. Nəticədə, vergi ­daxilolmalarında davamlı artım gerçəkləşib. Dövlət Vergi Xidmətinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, 5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. 

Bu istiqamətdə uğurla gerçəkləşdirilən layihələr sayəsində cari ilin 7 ayı ərzində vergi daxilolmaları 10 milyard manatı keçib. Hesabat dövründə Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 272,8 milyon manat vergi daxil olub. Vergi daxil­olmalarının 6 milyard 944,1 milyon manatı və yaxud 67,6 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 faiz çoxdur.

Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyətin–müəyyənləşdirilən hədəfə nail olmaq üçün dövlət tərəfindən dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunur.

Son illərdə bütün bu istiqamətlərdə gerçəkləşdirilən təşəbbüslər ölkəmizin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırıb, sahibkarlıq sahəsində sürətli inkişafın davamlılığını təmin edib və rəqabət qabiliyyətini möhkəmləndirib, eyni zamanda, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırıb.

Azərbaycanda hazırda “kölgə iqtisadiyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütəmadi olaraq təkmilləşdirmələr aparılır. Bu, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsini, vergiödəyicilərinə xidmətlər çeşidinin artırılmasını və özəl bölmədə biznesin fəaliyyətinə səmərəli şəraitin yaradılması şərtləndirir. 

İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanılan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439 min 564 vahid artaraq bu il avqustun 1-nə 1 milyon 841 min 479-a yüksəlib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 428 min 791 vahid artaraq 968 min 713 olub.

Vergi orqanları tərəfindən ictimai əməkdaşlıq nöqteyi-nəzərindən bir sıra əhəmiyyətli tədbirlər platforması da yaradılıb. Sahibkarlar, onların ictimai ­birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə mütəmadi görüşlər çərçivəsində qarşılıqlı əlaqələr genişləndirilib. Bu görüşlərdə səsləndirilən bir çox rasional təkliflərin reallaşdırılması ilə biznes mühiti daha da təkmilləşdirilib. Bununla da sahibkarlıq fəaliyyətini təşviq edən alətlər artıb, Vergi Məcəlləsində müxtəlif dəyişikliklər edilib və fiskal maraqlar iqtisadi inkişafla uzlaşdırılıb. 

İqtisadiyyatın bütün sahələrində ­dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi və özəl sektorun iqtisadi inkişafda rolunun artırılması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən qabaqcıl təcrübəyə əsaslanan yeni qanunun qəbul edilməsi də vergi daxilolmasına mühüm təsir göstərib. Qanunun tətbiqi ilə ölkə iqtisadiyyatında investisiya fəallığının həm dinamikası, həm də keyfiyyətində yeni bir səhifə açılıb. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələrin reallaşdırılmasına başlanılıb. 

Qarşıdakı dövrdə də vergi siyasətinin, ilk növbədə, iqtisadi təşviq, səmərəli nəzarət, rəqəmsallaşma prinsipləri əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolunun davam etdiriləcəyi, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin miqyasının genişləndiriləcəyi planlaşdırılıb.

İqtisadiyyat