Milli iqtisadiyyatımız “Fitch Ratings” reytinqində önə çıxıb

post-img

“Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.

“Fitch Ratings” reytinq agentliyinin bu barədə məlumatına görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xari­ci valyuta həssaslığını, aşağı dövlət borcunu, habelə inkişafda olan monetar siyasəti əks etdirir.

Agentliyin xəbərinə əsasən, illik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il 3,5 faiz səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7 faizə yüksələcəyi gözlənilir. Bundan başqa ölkə iqtisadiyyatının 3,2 faizə qədər bərpa olunacağı, lakin gələn il 2,7 fa­izə, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşla­yacağı proqnozlaşdırılır.

“Eyni zamanda, neft sektorunun ge­riləməsi əvvəlki illərə nisbətən azalacaq, bu da azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və daha yüksək təbii qaz hasilatı ilə əlaqədardır”, – agentlik vurğulayıb.

Yeri gəlmişkən, Maliyyə Nazirliyi “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzun­müddətli xarici valyutada reytinqinin bir pil­lə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.

Bu barədə Maliyyə Nazirliyinin açıq­lamasında bildirilib. “Səkkiz ildən sonra suveren reytinqimizin yenidən investisi­ya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilmə­si heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcu­nun, xüsusilə xarici dövlət borcunun aşa­ğı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətn­ləndirilməsinin təzahürüdür”, – açıqlamada qeyd olunub.

Bildirilib ki, dövlət qurumu “əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqlə­ri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı”.

“Sevindirici haldır ki, artıq “Fiç Rey­tingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şə­kildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya sə­viyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqe­dən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər”, – Maliyyə Nazirliyinin açıqla­masında diqqətə çatdırılıb.

Xatırladaq ki, “Fitch Ratings” Azər­baycanın uzunmüddətli xarici valyuta emi­tentinin defolt reytinqini “BB+” səviyyə­sindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.

Yuxarıda qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, uğurla həyata keçirilən is­lahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkəmizin maliyyə imkanları tarixi maksimuma çatlıb. Res­publikamız Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir möhtəşəm layihələrin təşəbbüskarı missi­yasını qətiyyətlə öz üzərinə götürüb.

Ötən illər ərzində iqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transforma­siya edilib, iqtisadiyyatın fiziki və texnolo­ji infrastrukturu tamamilə müasirləşdirilib. Sürətli artım sayəsində əhalinin həyat sə­viyyəsi əhəmiyyətli şəkildə yüksəlib, yox­sulluq səviyyəsi xeyli azalıb.

Bu müddətdə regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmlən­dirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib, Şərq-Qərb və Şi­mal-Cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib. Beləliklə, Prezident İlham Əliye­vin qarşıya qoyduğu müasir dövlət, daya­nıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hə­dəfləri artıq günümüzün reallığına çevrilib.

“Fitch Ratings” kimi nüfuzlu bey­nəlxalq agentliyin Azərbaycanın uzun­müddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit pers­pektivlə qiymətləndirməsi haqqında danı­şarkən isə xatırlatmaq lazımdır ki, reytinq ölkəmizin çox güclü xarici balansı, müva­fiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələş­mə çevikliyi ilə dəstəklənib.

Azərbaycanın xarici dövlət borcunun davamlı olaraq azaldılması isə dövlətin beynəlxalq maliyyə institutlarından asılılı­ğının minimuma enməsinə gətirib çıxarıb. Xarici borc əsasən dövlət istiqraz emissi­yası vasitəsilə aşağı salınıb. 

Respublikamızda istiqraz bazarı son illər sürətlə inkişaf etməkdədir və dövlətin bazarı stimullaşdırmaq üçün atdığı əhə­miyyətli addımlar əhalinin vəsaitlərini bu yöndə investisiya etməsinə imkan yaradır. Xarici dövlət borcunun Maliyyə Nazirli­yinin istiqrazları vasitəsilə azaldılması da dövlət istiqrazları bazarına müsbət təsir göstərir. Fiziki şəxslərin bank depozitləri­nin faiz gəlirlərinin vergiyə cəlb olunması isə əmanətçiləri bu bazara yatırım etməyə həvəsləndirir. Çünki dövlət istiqrazları­nın faiz gəlirləri vergidən azaddır. Bank əmanətinə alternativ maliyyə aləti olan is­tiqrazların bir çox üstün konturları da var. Bank əmanəti vaxtından əvvəl götürülən zaman yığılan faizlər əmanətçiyə verilmir, lakin dövlət istiqrazlarına vəsaitini yerləş­dirən əmanətçilər pullarını istədikləri vaxt yığılan vəsaitlə birlikdə geri götürə bilirlər.

Son illər ölkəmizin daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamə­tində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə so­sial-iqtisadi inkişaf Strategiyası” və “Azər­baycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan və­zifələr uğurla reallaşdırılıb. Bundan sonra da həmin sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezi­dent İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respub­likasının 2022–2026-cı illərdə sosial-iqti­sadi inkişaf Strategiyası”nda bir sıra dəyi­şikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. 

Xatırladaq ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu il iyulun 1-nə Azər­baycanın dövlət borcu 25 milyard 696,65 milyon manat olub. Borcun 16 milyard 571,9 milyon manatı daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.

“Daxili dövlət borcalmasının artı­rılması, dövlət qiymətli kağızlar baza­rının inkişafının dəstəklənməsi, dövlət borcunun ortamüddətli və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb”, – deyə məlumatda qeyd olunub.







İqtisadiyyat