Bu il strateji valyuta ehtiyatlarımız 74 milyard dollara yüksələcək

post-img

Azərbaycanın strateji valyuta ehtiyatları 2024-cü ildə 74 milyard ABŞ dollarına çatacaq. Bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin ölkə üzrə reytinq qiymətləndirməsində bildirib. Qeyd edilib ki, bu il üzrə Azərbaycanın strateji valyuta ehtiyatları proqnozlaşdırılan ÜDM-in 98 faizinə yaxınlaşacaq.

Ölkə rezervlərinin 80 faizi Azərbayca­nın Dövlət Neft Fonduna (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankına (ARMB) aiddir.

Ekspertlərin fikrincə, ölkənin strateji valyuta ehtiyatlarının davamlı olaraq art­ması bir sıra amillərlə şərtlənir. Bu, ilk növbədə, Azərbaycanın bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində gerçək­ləşdirdiyi islahatların ardıcıl xarakter da­şıması, sahibkarlıq fəaliyyətinin genişlən­dirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional layihələrin həyata keçirilməsi sayəsində dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevrilməsi ilə bağlıdır. 

Dövlətimizin başçısının çıxışlarının bi­rində bununla bağlı qeyd etdiyi kimi, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın daya­nıqlı surətdə inkişaf etməsinə, bir sektor­dan – neft-qaz sektorundan asılı olmamağa imkan verib. Hətta dünyada neftin qiymə­tinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməyib. Bu, Azərbaycanın iqtisadi modelinin uni­kallığı və ölkəmizin seçdiyi yolun nə qə­dər düzgün olmasını bir daha göstərirb. 

Yeri gəlmişkən, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təminatı olan val­yuta ehtiyatlarının getdikcə artması iqtisadi islahatların daim diqqət mərkəzində saxla­nılmasının məntiqi nəticəsidir. Xatırladaq ki, 2004-cü ildə birinci regional Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman respublikamızın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar olub. Azərbaycan, hətta ən çətin illərdə, dünyada maliyyə böhranı hökm sürdüyü dövrdə – 2015-ci, 2016-cı, 2017-ci illərdə belə valyuta ehtiyatlarını qoruya və artıra bilib. Təkcə 2019-cu ildə ölkəmizin valyuta ehtiyatları 6,4 milyard dollar, hazırda isə yuxarıda xatırlatdığımız kimi, cari ilin ilk 5 ayında 69,7 milyard ABŞ dollar olub. 

Azərbaycanın valyuta ehtiyatlarının artmasında son illərdə yaradılan sənaye zonalarının da mühüm təsiri olub. İqtisa­diyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, respublikada 2024-cü ilin I rübündə səna­ye zonalarında 640 milyon manat dəyərin­də məhsul satışı həyata keçirilib, bunun da 224 milyon manatı ixracın payına düşüb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çə­kisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.

2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 mil­yard manat dəyərində məhsul satılıb ki, bu­nun da 4,1 milyard manatlıq hissəsi ixraca yönəldilib. Bununla yanaşı, sənaye zona­larında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. Sənaye zonalarına sahibkarların cəlb olunması, in­vestisiyaların yatırılması və yeni iş yerlə­rinin yaradılması istiqamətlərində müsbət addımlar atılıb.

Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahi­bkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya ya­tırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 mil­yard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılma­sı nəzərdə tutulub.

İqtisadiyyat