Vətən qurbanlarının övladları da unudulmayıb

post-img

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərimizin ailələri daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Bu ali məqsədə xidmət edən sosial proqramlar, davamlı dəstək mexanizmləri və humanist layihələr, xüsusilə şəhid və qazi övladlarının həyat şəraitinin yaxşılaşdırılmasına, onların təhsili və mənəvi inkişafına yönəlib.

Yeni tədris ilinin başlanması ərəfəsində Naftalan şəhərində keçirilən görüş də bu istiqamətdə atılan silsilə addımların davamı oldu. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə təşkil edilən məclisdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Rəcəb Öztop və Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini də iştirak ediblər.

Görüş şəhid və qazi övladlarının gələcəyə daha inamla addımlamaları, onların sosial adaptasiyası və təhsildə motivasiyalarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Burada dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi daimi diqqət və qayğıdan, bu ailələrin cəmiyyətin ən dəyərli təbəqəsi kimi hər zaman ön planda saxlanılmasından geniş bəhs olunub.

Rəsmi çıxışlardan sonra qonaqlar məktəbli şəhid və qazi övladları ilə səmimi söhbətlər apararaq onların təhsil arzularını dinləyib, yeni dərs ili münasibətilə xoş diləklərini bildiriblər. Uşaqlara məktəb ləvazimatları, çanta və dəftər dəstləri, xatirə hədiyyələri təqdim olunub. Bu jest balaca vətənpərvərlər üçün əsl bayrama çevrilib.

Qonaqlar tərəfindən vurğulanıb ki, şəhid və qazi ailələrinə olan bu diqqət təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Bu ailələrin övladları bizim gələcəyimiz, sabahımızdır. Onlara göstərilən hər bir dəstək, əslində, Azərbaycanın sabahına qoyulan sərmayədir.

Valideynlər və tədbirdə iştirak edən ailələr onlara göstərilən qayğıya görə Azərbaycan dövlətinə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, bu cür görüşlər təkcə maddi deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Valideynlər dövlətin və xalqın bu diqqətini hər zaman hiss etdiklərini bildirərək, belə humanist tədbirlərin davamlı olmasının nə qədər vacib olduğunu xüsusi vurğulayıblar.

Bu cür tədbirlər həm şəhid və qazi ailələrinin rifahına dəstək məqsədi daşıyır, həm də cəmiyyətə və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Naftalan



Sosial həyat