TAP-ın nəqletmə qabiliyyəti artırılır

post-img

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik (TAP) boru kəməri əlavə 1,2 milyard kubmetr qazın nəqli üçün tələb olunan işlərin yekun mərhələsinə qədəm qoyub. Bu barədə TAP AG konsorsiumundan məlumat veriblər.

Bildirilib ki, 2021-ci ildə keçirilmiş və 2023-cü ilin yanvarında başa çatmış bazar sınağının nəticələri əsasında illik 1,2 milyard kubmetr həcmində təbii qazın tədarükü üçün məcburi sifarişlər alınıb. Bu isə 2026-cı il yanvarın 1-dək qaz kəmərinin ötürücülük qabiliyyətinin müvafiq şəkildə genişləndirilməsini öncədən nəzərə almağa imkan yaradıb.

“Bura Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın ərazidə – Kipoi (Aleksandrupolis) bölgəsində yerləşən mövcud kompressor stansiyasında, təxminən, 15 meqavat gücündə yeni aqreqatın quraşdırılması, eləcə də infrastrukturun müasirləşdirilməsi daxildir. Hazırda TAP qəbul olunmuş öhdəliklərə uyğun olaraq bu əlavə imkanların istismara verilməsini təmin etmək üçün işlərin yekun mərhələsinə qədəm qoyub”, – deyə konsorsiumdan bildiriblər.

Yeri gəlmişkən, Trans-Adriatik Boru Kəməri Azərbaycan qazının böyük bazarlara çıxarılmasını təmin edən mühüm infrastrukturdur. TAP-ın ərsəyə gəlməsində ölkəmizin çox böyük rolu olub. Təsadüfi deyil ki, 2013-cü ildə boru kəmərinin tikintisi ilə bağlı imzalanmış müqavilənin iştirakçıları olan təsisçi şirkətlərin 60 faizi məhz Azərbaycandakı hasilatçılar idi. Bunlar, əsasən, hər biri 20 faiz iştirak payına malik SOCAR, BP və Statoyl şirkətləri olub. Yəni, TAP-ın ərsəyə gəlməsinə sərf olunan əziyyətin, çəkilən xərcin yarıdan çoxu Azərbaycan və tərəfdaşlarının payına düşür. Hazırda isə TAP-ın pay sahibləri BP (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (20 faiz) və “Enagas” (20 faiz) şirkətləridir.

Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının 2-ci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın TAP kəməri vasitəsilə Avropaya nəqlinə isə həmin il dekabrın 31-də başlanılıb. Prosesin ilk günündə kəmərlə 10,7 milyon kubmetr qazın Avropaya ixracı qeydə alınıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı qazanıb. 2021-ci ildə ölkəmizdən “köhnə qitə”yə 8 milyard 150 milyon kubmetr təbii qaz ixrac olunub. Avropada Azərbaycan qazına tələbatın getdikcə çoxalması ilə əlaqədar həm alıcı ölkələrin, həm də “mavi yanacağ”ın həcmi ildən–ilə artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir ki, bunun da 12-si Avropa dövlətləridir. 2024-cü ildə həmin ölkələrə 12,9 milyard kubmetr qaz ixrac olunub. Ümumilikdə, ötən müddətdə TAP Avropaya 52 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edib.

Trans-Adriatik Qaz Boru Kəmərinin ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Hazırda TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrini “mavi yanacaq”la təchiz edir. Boru kəməri 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan–Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. Ümumi uzunluğu 182 kilometr olan bu birləşdirici kəmərin inşasına 240 milyon avro xərclənib. Layihə gücü ildə 3 milyard kubmetr təşkil edən Yunanıstan – Bolqarıstan interkonnektorunun təməli 2019-cu il mayın 22-də qoyulub.

2022-ci ilin iyulunda tikinti işləri başa çatdırıldıqdan sonra Azərbaycan qazının boru xəttinə vurulmasına başlanılıb. Həmin il oktyabrın 1-də isə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə interkonnektorun açılış məraimi keçirilib. İlkin mərhələdə bu kəmərlə Bolqarıstana ildə 1 milyard kubmetr qazın verilməsi, sonra isə bu həcmin ildə 3 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Ötən müddətdə Bolqarıstan bu kəmər vasitəsilə 5 milyard kubmetrdən artıq Azərbaycan qazı idxal edib.

Göründüyü kimi, TAP-ın Yunanıstan və Albaniyaya, eləcə də İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının Avropa bazarlarına daha böyük həcmdə nəqlinə əlavə imkanlar yaradır.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat