Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yerli biznesin axını davam edir. Artıq Xankəndi və Şuşa şəhərləri də biznes qurmaq üçün növbəti ərazilər kimi təqdim edilir. Elə iyunun 27-28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa və Ağdamda 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilməsi də məhz bu məqsədə xidmət edir.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət və biznes təmsilçilərinin iştirakı ilə keçirilən birgə tədbirlərin müsbət ənənəyə çevrildiyini, bugünkü görüşün də regionun inkişafına və özəl sektorun güclənməsinə töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib. Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi vətəndaş olaraq hər birimiz üçün əsas prioritetdir. Dövlət bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirir, biznes üçün bölgədə əlverişli şəraiti təmin edir. Vurğulanıb ki, bölgəyə biznes subyektlərinin artan marağı nəzərə alınsa, belə fürsətlərdən yararlanmaq həmişə asan olmayacaq.
İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, buradakı sənaye parkları, biznes üçün yaradılan əlverişli şərait barədə məlumat verib. Qeyd edilib ki, özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması hədəflənir. Bundan başqa, bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışı İqtisadiyyat Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir, eləcə də banklarla bu sahədə birgə mexanizmin hazırlanması gündəmdədir. Daha bir stimul isə azad edilmiş ərazilərdə ölkədə istehsal olunmayan məhsul istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulun alışının təşkil edilməsidir ki, bunun da üzərində iş aparılır.
Bildirilib ki, hazırda Qarabağın bərpası və yenidən qurulması qarşıda duran prioritet istiqamətdir. İş adamlarının bu sahədəki rolundan bəhs edən iqtisadiyyat naziri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan iş yerlərinin çox hissəsi məhz özəl sektorun payına düşür. Bu baxımdan ölkədə rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci olan Ağdam Sənaye Parkının əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov işğaldan azad olunmuş sənaye parkları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
O deyib ki, Ağdam Sənaye Parkında müəyyən edilmiş prioritet fəaliyyət istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 2 qeyri-rezidenti olduğunu diqqətə çatdıran S. Adıgözəlov bildirib ki, investorlar tərəfindən parka, ümumilikdə, 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. O, həmçinin bildirib ki, bugünədək sənaye parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb. “Hər iki sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. 2024-cü ilin birinci yarımilliyində Ağdam Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 68 milyon manat olan 9 layihənin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 42,7 milyon manat olan 6 layihənin rezidentliyi təsdiqlənib” – deyə İZİA sədri əlavə edib.
Ötən müddətdə Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb və 350 şəxs işlə təmin olunub. Bunu isə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib. O deyib ki, cari ildə həmin obyektlərin sayının 80-ə çatdırılması nəzərdə tutulur. Xüsusi nümayəndənin sözlərinə görə, burada ticarət, turizm, yeyinti sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələr üzrə geniş imkanlar var.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə Vahid Hacıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə Emin Hüseynov, Laçın rayonunda xüsusi nümayəndə Məsim Məmmədov işğaldan azad olunmuş yaşayış məntəqələrində həyata keçirilən məskunlaşdırma prosesi, eləcə də ərazilərin iqtisadi potensialı, investisiya mühiti və infrastruktur layihələri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Qeyd edilib ki, azad edilmiş ərazilərdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq, 10 il müddətinə əmlak, mənfəət və torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli və texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur.
Həmin gün nümayəndə heyəti Xankəndi şəhəri ilə tanış olub. Şəhərin istehsal müəssisələrinə baş çəkən sahibkarlara buranın iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib. Bununla yanaşı, sahibkarlar və müvafiq dövlət qurumlarının nümayəndələri Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər barədə məlumatlandırılıb. Qeyd olunub ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.
Tədbir çərçivəsində sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanları və biznes perspektivləri təqdim edilib, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələr aparılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil edilib. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.