Azərbaycan yük avtomobilləri ilə ilk dəfə birbaşa olaraq Çindən ölkəmizə yük gətirib. Bu ölkənin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin–Qazaxıstan–Rusiya–Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən qonşu ölkələrin ərazilərində bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə reallaşdırılırdı.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da, Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.