Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2489 ailəyə mənzil şəraitini yaxşılaşdırmağa imkan yaradıb. Bu barədə İKZF-in ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov məlumat verib.
Fondun ayırdığı ipoteka kreditləri hesabına indiyədək 50 min 300-dən çox ailənin öz mənzil şəraitini yaxşılaşdırdığını diqqətə çatdıran İ. Kələşov deyib ki, həmin şəxslərə verilən kreditlərin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Kreditlərin 78 faizinin Bakı şəhərinin payına düşdüyünü diqqətə çatdıran direktorun sözlərinə görə, paytaxt üzrə indiyədək 16 min 600 nəfərə, ümumilikdə, 930 milyon manatadək güzəştli ipoteka krediti verilib.
Xatırladaq ki, 2023-cü ildə ipoteka kreditləri hesabına 3800-dən çox şəxsə 349 milyon manat məbləğində adi ipoteka kreditləri verilib. Bu il isə, təqribən, 350 milyon manat məbləğində belə kreditlərin verilməsi planlaşdırılır.