Odlar yurdu alternativ enerji ölkəsinə çevrilir

post-img

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin dünya səviyyəsində ən öncül mövqedə qərarlaşmasından xəbər verir. Bu, eyni zamanda, respublikamızın “yaşıl enerji” və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq niyyətini bir daha gündəmə gətirir. COP29 Azərbaycanın “yaşıl artım” ölkəsi kimi beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, sözügedən sahənin inkişafına potensial investorların cəlbini də şərtləndirir.   

Yuxarıda sadalananlarla yanaşı, bu nüfuzlu tədbir Dünya İqtisadi Forumunun “Enerji Keçid İndeksi Hesabatı”nda Azərbaycanın irəliləyiş baxımından 2022-2023-cü illərdə dünya üzrə ən yaxşı inkişaf edənlər sırasında olduğunu və bir sıra digər uğurlarımızı bir daha vurğulamaq üçün fürsət yaradacaq. Həmçinin xarici investisiya hesabına gerçəkləşdirilən, təməli qoyulan və yaxın gələcəkdə icrası planlaşdırılan “yaşıl enerji” layihələrinin, ümumilikdə, ölkəmizin “yaşıl gündəliy”inin icrasına dair məlumatlar COP29 çərçivəsində beynəlxalq aləmə çatdırılacaq.  

Yeri gəlmişkən, son illər  Azərbaycanda “yaşıl enerji” sahəsində mühüm uğurlar əldə edilib.  Keçən il regionda ən böyük və ən müasir bərpaolunan enerji istehsalı müəssisələrindən olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib. “Masdar” ilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının təməli qoyulub.  Cari il mayın 3-də “ACWA Power” şirkəti ilə 200 MVt Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 MVt gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişi imzalanıb. 1870 MVt gücündə bərpaolunan enerji güclərinin (istismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqram da uğurla gerçəkləşdirilib.  

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda, tranzit potensialının gücləndirilməsi istiqamətində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığını da inkişaf etdirir. Avropanın enerji arxitekturasının qurulmasında və enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bütün iqtisadi-siyasi maneələrə və böhranlara baxmayaraq, indi də yeni layihələrini uğurla həyata keçirir.  

Bu baxımdan respublikamızın təşəbbüsü və liderliyi ilə reallaşdırılan, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz töhfəsini verəcək “Cənub Qaz Dəhlizi” layihəsi mühüm önəm daşıyır. Artıq ölkəmizdə hasil olunan qaz qonşu dövlətlərə ixrac edilir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilir. 

Hazırda Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Həmin layihələrin həyata keçirilməsində “Şahdəniz” yatağının əhəmiyyəti olduqca böyükdür. Bu yataq  uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. 

Bakıdan 70 kilometr cənub-şərqdə, Xəzərin Azərbaycan sektorunda yerləşən sözügedən yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi bu gün Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdır.

Azərbaycan hazırda 9 ölkəyə öz təbii qazını ixrac edir. 2021-ci ildə respublikamız Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə, bu il həmin rəqəmin 12 milyard kubmetə  qədər artması gözlənilir. 2027-ci ilin sonunadək isə təkcə Aİ məkanına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Bu planın olması Azərbaycanın qaz ixracının müsbət perspektivlərinin bir təzahürüdür.

Ölkəmiz ənənəvi enerji ehtiyatları ilə yanaşı, həm də alternativ enerji üzrə də böyük potensiala malikdir. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində  ümumi gücü 1000 MVt olan 3 bərpaolunan enerji stansiyasının– Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ ərazisində isə 240 MVt gücündə külək elektrik stansiyasının təməli qoyulub. Bu stansiyalar vasitəsilə illik, təqribən, 2 milyard kilovat-saatdan çox yaşıl enerjinin istehsalı nəzərdə tutulub.  

Adları çəkilən stansiyaların təməlinin qoyulması ölkə iqtisadiyyatının və enerji istehsalının şaxələndirilməsi, müstəqil enerji istehsalının artırılması, sosial inkişafın dəstəklənməsi və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli hadisə kimi diqqət çəkir. Təqribən 1 milyard dollara yaxın həcmdə investisiya hesabına reallaşdırılacaq layihələr ekspertlər tərəfindən respublikamızda  iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamın göstəricisi kimi dəyərləndirilir.  

Azərbaycanda yaradılmış əlverişli investisiya iqlimi, bütün sahələrə, o cümlədən bərpaolunan enerji sektoruna  xarici sərmayələrin cəlbinə münbit şərait yaradır. Bu meqa layihə Azərbaycanın “yaşıl artım”a və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. 2026-cı ildə istismara verilməsi planlaşdırılan həmin stansiyalar hesabına 2030-cu ilədək bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün, təqribən, 30 faizə çatdırılacağı gözlənilir.  Mütəxəssislərin fikrincə, Azərbaycan enerji keçidinin hazırkı tempi ilə 2027-ci ilə qədər bu göstəricini 33 faizə çatdıra bilər. Sözügedən meqa layihələr qlobal iqlim hədəflərinə, həmçinin ölkəmizin 2050-ci ilədək karbon emissiyalarının miqdarının 40 faiz azaldılmasına dair hədəfinə nail olunması istiqamətində atılmış mühüm addımlardan biridir.

Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, hesablamalara əsasən, respublikamızın “yaşıl enerji” mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min  meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmindədir.   

Azərbaycan enerji mənbələrini şaxələndirmək istiqamətində mühüm addımlar atır. 2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığının miqyası qısa müddətdə genişlənib.  Qısa bir vaxtda “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri  imzalanıb. Bütün bunlar  dövlətimizin başçısının “yaşıl enerji” strategiyasına beynəlxalq marağın, ölkəmizin “yaşıl gələcəy”inə olan inamın göstəricisidir.

Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad olunan torpaqlarını “yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. 

Ötən il Qarabağ və Şərqi Zəngəzurun 12 bölgəsində tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. 

Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Eyni zamanda,  ötən ilin dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib.  

İqtisadiyyat