Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Aprelin 19-da Azərbaycanla delimitasiya və demarkasiya sahəsində əldə olunan razılaşmanı birtərəfli güzəşt kimi qiymətləndirən, Qazax rayonunun işğal altındakı 4 kəndinin ölkəmizə qaytarılmasını, necə deyərlər, əllərində bayraq edən radikal müxalifət təmsilçiləri gərginliyin tempinin aşağı düşməməsi üçün bütün vasitələrdən istifadə edirlər.
Hakimiyyətdə olduqları 20 ildən artıq dövr ərzində ölkəni çapıb-talayan, yeraltı-yerüstü sərvətlərini mənimsəyən, ordunu zəlil günə qoyan, bununla kifayətlənməyib diaspor tərəfindən göndərilmiş pulları da dədə malı kimi qatlaylb ciblərinə dürtən Koçaryan–Sarkisyan tandemi, onların əlaltıları öz ayıblarına kor olmaqdansa, ölkənin üzləşdiyi bütün çətinliklərə görə baş nazir Nikol Paşinyanı ittiham etmək yolunu tutublar. Onlar Ermənistan ordusunun müharibədəki məğlubiyyətini də Paşinyanın üzərinə atırlar. Düzdür, Paşinyan müharibənin başlanmasına rəvac verəcək çox addımlar atdı, faktiki olaraq onun təxribatçı hərəkətləri üzündən danışıqlar prosesi pozuldu. Amma müharibə başlananda Nikol cəmi 2 il 4 ay idi ki, hakimiyyətə gəlmişdi. Bu mənada Azərbaycanın məhv etdiyi, diz çökməyə məcbur etdiyi ordu Koçaryan–Sarkisyan cütlüyünün qurub-yaratdıqları silahlı birləşmələr idi.
İyunun 10-da Ermənistan parlament şurasının müxalifətin baş nazirə etimadsızlıq göstərilməsi, hökumətin istefası və yeni hökumətin formalaşdırılması məsələsinin müzakirəsi üçün iyunun 11-də növbədənkənar iclas keçirilməsi tələbini rədd etməsi də revanşistləri inadkar davranış nümayiş etdirməkdən çəkindirə bilməyib. Qeyd edək ki, növbədənkənar iclas keçirilməsi tələbini rəsmi şəkildə parlamentdəki müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları irəli sürmüşdülər. Şura müxalifət fraksiyalarının təklifini rədd etdiyi üçün “Ermənistan parlamentinin reqlamenti haqqında” qanuna əsasən parlamentin növbədənkənar sessiyası beş iş günü ərzində, yəni, iyunun 17-də yerli vaxtla saat 18:30-dək çağrılmalıdır.
Artıq növbədənkənar iclasın nə vaxt baş keçiriləcəyi məlumdur. Müxalif deputatların tələbi ilə növbədənkənar iclas reqlamentdə nəzərdə tutulduğu vaxtda, yəni iyunun 17-də, saat 18:30-da başlanacaq. İyunun 10-da günortadan sonra parlamentin sədri Alen Simonyan bununla bağlı sərəncam imzalayıb. Ermənistan konstitusiyasının 100-cü maddəsinə əsasən, parlament deputatların belə bir təşəbbüsünü müzakirəyə çıxarmalıdır. Bu baxımdan revanşistlər hazırda bütün ümidlərini növbədənkənar iclasa bağlayıblar. Onların yanaşma tərzinə, siyasi mübarizə üsullarına əsasən, demək olar ki, həmin gün revanşistlərin istədikləri nəticəyə nail olmaları üçün parlamentə hücum etmələri, digər təxribatlar törətmələri istisna olunmur. Müxalif deputatlar parlament daxilində, tərəfdarlar isə qanunverici orqanın yaxınlığında istədiklərinə nail olmağa çalışacaqlar.
Qeyd edək ki, bir palatalı Ermənistan parlamentinin 107 deputatı var. Parlament 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar seçkinin nəticələrinə əsasən formalaşıb. Qanunverici orqanda 3 fraksiya mövcuddur. Bunlar hakim “Mülki müqavilə”, “Hayastan” və “Şərəfim var” fraksiyalarıdır. Hakim fraksiyada 71, “Hayastan”da 29, “Şərəfim var”da isə 7 deputat təmsil olunur. Göründüyü kimi, qüvvələr nisbəti hakimiyyətin xeyrinədir. Ötən müddət ərzində hakimiyyətin monolitliyi də diqqəti cəlb edib. Hökumət komandasının heç bir üzvü, yaxud deputat müxalifətin tərəfinə keçmədi. Elə iyunun 17-də keçiriləcək iclasla bağlı da hakim düşərgənin əvvəlki yekdil mövqeyni nümayiş etdirəcəyi gözlənilir. “Mülki müqavilə” fraksiyasının rəhbəri Ayk Konjoryan bildirib ki, onlar qanuna uyğun olaraq, iyunun 17-də keçiriləcək növbədənkənar sessiyada iştirak etməyəcəklər.
Ermənistanda gündəlik nəşr olunan “Joxovurd” qəzeti dünənki sayında yazıb ki, “Mülki müqavilə” fraksiyası parlamentin müxalifətin təşəbbüsü ilə keçiriləcək iclasında iştirak etməməyə qərar verib. Yazıda bildirilib ki, fraksiyanın iyunun 10-da keçirilən toplantısında yetərsayın təmin edilməməsi ilə bağlı yekdil qərar verilib: “Fraksiyada bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilməyib. İclasda iştirak edən hər kəs etiraz aksiyalarına baxmayaraq, impiçment məsələsinin müzakirəyə çıxarılmasının əleyhinə olub”.
Üstəlik, hökumət polisin, digər hüquq-mühafizə orqanlarının potensialından da maksimum səmərəli istifadə etməkdə qərarlıdır. Dünən səhər saatlarından İrəvana aparan bütün yollarda postlar qurulub. Polis əməkdaşları sürücülərin sənədlərini, eləcə də avtomobillərin yük yerini təftiş edir. Ararat vilayətində və Dərələyəz mahalında (haylar “Vayoçdzor” deyirlər–S.H.) da polis gücləndirilmiş iş rejiminə keçib. Bu istiqamətlərdə də paytaxta və geriyə hərəkət edən avtomobillər ciddi şəkildə yoxlanır.
Radikalların yaratdıqları “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları öz ənənələrinə sadiq qalaraq, dünən yenidən paytaxt İrəvanın mərkəzində yürüş keçiriblər. “Sputnik Ermənistan” xəbər verir ki, İrəvanın mərkəzindən keçən Baqramyan prospektində çadırlar quran etiraz hərəkatının iştirakçıları şəhərdə digər şəxslərin keçirdikləri vətəndaş itaətsizliyi aksiyalarına qoşulmaq qərarına gəliblər. Onlar parlamentin “Hayastan” fraksiyasından olan deputatı Qarnik Danielyanın rəhbərliyi ilə Maştots prospektinə doğru gediblər. Yürüşün marşrutu açıqlanmayıb. “Biz planları açıqlamırıq, çünki hakimiyyət qabaqlayıcı tədbirlər görə və onların həyata keçirilməsinə mane ola bilər” – deyə Danielyan bildirib.
Qeyd edək ki, dünən səhər etiraz hərəkatının iştirakçıları Vardanants və Nalbandyan küçələrini zibil qutuları ilə bağlayıblar. Myasnikyan prospektində isə fəallar metal zəncirlə yola qismən sədd çəkiblər. Polis onu çətinliklə sındırmalı olub. Həmçinin, Azatutyan (Azadlıq) prospektində də nəqliyyatın hərəkəti dayandırılıb.
Aksiya barədə bir gün əvvəl hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib. Onun sözlərinə görə, hərəkat üçün ən vacib gün 12 iyun olacaq. O, vətəndaşları həmin gün Baqramyan prospektində, Ermənistan parlamentinin yanında toplaşmağa çağırıb.
Xatırladaq ki, “Vətən naminə Tavuş” etiraz hərəkatının iştirakçıları çadırlar quraraq gecəni İrəvanın mərkəzindəki Baqramyan prospektində keçiriblər.
Bu arada “Baqramyan 26” teleqram kanalı etirazçıların güc yolu ilə hakimiyyəti devirməyə çalışdıqlarına dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, Qarnik Danielyan tərəfdarları ilə küçələrdə məqsədsiz dolaşarkən, Baqrat da müxtəlif görüşlər keçirir, cinayətkar ünsürləri və bəzi “siyasi qüvvələrin” rəhbərlərini çağırır, onları dəstələr yaratmağa və iyunun 12-də keçiriləcək iğtişaşlarda iştirak etməyə razı salmağa çalışır: “Məqsəd odur ki, bu qruplaşmalar 96 saatdan sonra Baqratın göstərişi ilə hücuma keçib parlament binasına soxulmağa çalışacaqlar. Çünki çox güman ki, həmin vaxt hökumət saatında iştirak məqsədilə baş nazir Nikol Paşinyan orada olacaq. “Srbazan” 96 saatın son tarix olduğunu elan etdiyinə görə, həmin günün qan və toqquşmalarla başa çatması üçün hər şeyi edəcəklər. Ertəsi gün isə hakimiyyətin, guya, qeyri-mütənasib güc tətbiq etdiyini, qan töküldüyünü və buna görə də uğur qazana bilmədiklərini bəyan edəcəklər. Bu plan hakimiyyət orqanlarına çox yaxşı məlumdur. Hər cür qrupların və dəstələrin üzvlərini ən sərt tədbirlər və ağır cəzalar gözləyir”.
Radikal müxalifətin əməllərinə qiymət verən Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan bildirib ki, 2018-ci ildən bəri keçirilən heç bir seçki şəffaflıq və ədalətlilik məsələsində mübahisələndirilməyib. O, hakimiyyətin istefaya getməsi üçün neçə nəfərin küçələrə çıxmasının tələb olunduğu ilə bağlı sualı cavablandırarkən iddia edib ki, Ermənistan demokratik ölkədir və orada seçki mexanizmi var: “Seçki mexanizmi ona görə formalaşdırılıb ki, insanlar küçələrə çıxmasınlar və kimsə soruşmasın ki, hakimiyyəti dəyişmək üçün nə qədər adam lazımdır. Bu mexanizm ona görədir ki, insanlar sivil şəkildə seçki məntəqələrinə gedib səs versinlər və buna uyğun olaraq hakimiyyət formalaşsın”.
2018-ci ildə niyə küçələrə çıxıb hakimiyyət dəyişikliyi həyata keçirdiklərini soruşduqda isə Rubinyan deyib: “2018-ci ildə demokratik, azad və şəffaf seçki mexanizmi yox idi. Ona görə də seçki nəticəsində hakimiyyət seçiləndə insanlar bunu legitim hesab etmirdilər. Buna görə də inqilab baş verdi. 2018-ci ildən bəri keçirilən heç bir seçki şəffaflıq və ədalətlilik baxımından mübahisələndirilməyib”.
Politoloq Suren Surenyants isə sosial şəbəkə hesabında müxalifətin küçələri, yolları bağlamasını tənqid edib və bunun effektiv metodu olmadığını yazıb. O qeyd edib ki, bu, dövlət orqanlarının işini iflic etmədiyi və proseslər vəziyyətin inqilabi həllinə gətirib çıxarmadığı üçün təsirsizdir: “Əgər yuxarıda sadalanan komponentlər yoxdursa, o zaman küçələrin bağlanması nəticəsində cəmiyyətin qərarsız hissəsi (yəni, çoxluq) arasında qazandığınızdan çox insan itirmiş olursunuz”.
Radikalların iyunun 10-da keçirilən aksiyasında 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra gizli yollarla Xankəndidən İrəvana qaçan keçmiş qondarma rejimin “qlavar”larından biri Vitali Balasanyan da gözə dəyib. Xocalı soyqırımının bilavasitə iştirakçısı, gücü silahsız, dinc azərbaycanlı qadın, uşaq və qocalara çatan qorxaq, xain və hiyləgər Vitali etirazçıların Baqramyan prospektində qurduqları çadırın yanında müsahibə verməklə erməni ictimaiyyətinin önünə çıxıb. Baqratın hərəkatına qoşulan Balasanyan jurnalistlərə açıqlamasında Qarabağa görə Paşinyanı ittiham edib. İddia edib ki, o, 2022-ci ilə qədər Qarabağda Azərbaycanı təmsil edən şəxslərlə danışıqlar aparıb. “İndi bizim Azərbaycanla heç bir əlaqəmiz yoxdur, onlarla Ermənistan hökumətinin başçısı əlaqə saxlamalıdır. Mən xidmət etmək, tapşırıqları yerinə yetirmək üçün bir dəfə yox, 11 dəfə müraciət etmişəm. Nikol Paşinyan bunu inkar edə bilməz. 2023-cü ilin yanvar ayından heç bir vəzifə tutmamışam, ondan sonra hansı danışıqların aparıldığını bilmirəm. Mən Azərbaycan nümayəndələri ilə danışıqları 2022-ci ilin dekabr ayına qədər aparmışam” – deyə Balasanyan iddia edib.
Ermənistanda cərəyan edən proseslər göstərir ki, radikallar küçə yürüşləri, mitinqlər, istefa barədə ultimatumlar, baş nazirə etimadsızlıq səsverməsi və sair məsələlərdə uğursuzluğa düçar olduqları üçün getdikcə daha da azğınlaşırlar. Onların hakimiyyəti devirmək üçün yaxın günlərdə qeyri-qanuni üsullara əl atacaqları, o cümlədən dövlət çevrilişinə cəhd edəcəkləri istisna olunmur. Yayılan məlumatların təhlili qarşıdakı günlərin həlledici olacağını iddia etməyə ciddi əsaslar verir.
Səxavət HƏMİD
XQ