Qafqaz Müsəlmanları İdarəsinin xalqımıza Qurban bayramı təbriki

post-img

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Bu barədə XQ-yə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. 

Fətvada mübarək Qurban bayramının gəlişi ilə bağlı bildirilir ki, bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır: “Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər abu-havasında - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Zəngilan məscidinin nəfis şəkildə yenidən inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır”.

 Daha sonra qeyd edilir ki, müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirirlər: “Bu şərəfi və qüruru bizə yaşadan, Azərbaycan tarixində Qarabağ fatehi və böyük Qayıdışın müəllifi adlarını qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən dövlətimizin başçısı İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, bütün ailə üzvlərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildiririk”.

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir: “Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs “Qurani-Kərim”də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır”.

Fətvanın sonunda deyilir ki, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə iyunun 16-na təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər. İyunun 16-da məscidlərimizdə bayram namazları qılınacaq: “Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!”.

XQ

 

Son xəbərlər