5 ayda sahibkarlara 83 milyon manatdan çox güzəştli kredit ayrılıb
Cari ilin ilk 5 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.
Fonddan bildirilib ki, hesabat dövründə sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC (AccessBank Azerbaijan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətini ifadə edən yuxarıdakı göstəricilər son illər ərzində ölkəmizdə özəl sektorun dinamik inkişafına yönələn diqqət və qayğıdan xəbər verir. Göründüyü kimi, sözügedən istiqamətdə bu gün də mühüm layihələr həyata keçirilir, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilir. Eyni zamanda, iş adamlarının xərclərinin azalması məqsədilə onlara prioritet sahələr üzrə güzəştli kreditlərin ayrılması diqqətdə saxlanılır. Başqa sözlə, güzəştli kreditlər qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü layihələrin icrasına yönəldilir. Xatırladaq ki, regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da güzəştli kreditlərin veriləcəyi prioritet sahələr sırasındadır.
Regionlarda sahibkarlıq fəaliyyətinin güzəştli maliyyə mexanizmləri ilə təşviq edilməsi istiqamətində görülən işlər barədə isə, ilk növbədə, onu deyə bilərik ki, bölgələrdə kreditləşmə əsas prioritet vəzifələrdən biridir. Çünki bu, məşğulluğun təmin edilməsi və iqtisadi fəallığın dəstəklənməsi üçün önəmlidir. Cari ilin 4 ayı ərzində Azərbaycanda verilən güzəştli kreditlərin 71 faizinin regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşməsi də bu fikrin bariz ifadəsidir.
Son illər sahibkarların güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daha çox üstünlük verilib. Belə ki, 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə 20 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu il fevral ayının 1-dən isə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarları dəstəkləmək məqsədi daşıyan yeni kredit-zəmanət və subsidiya mexanizmi işə salınıb. Yeni qaydaya əsasən, hər bir sahibkarın müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək 15 faiz dərəcəsi ilə krediti 7 il müddətinə götürməsi qərara alınıb. Nəzərdə tutulan mexanizm çərçivəsində Şuşa şəhərində bir subyekt kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90 faizə qədər zəmanətlə təmin edilib. Fond tərəfindən artıq həmin kredit üzrə faizlərin 10 faizinin subsidiyalaşdırılmasına başlanılıb.
Fondun vəsaitləri, demək olar ki, dövlət büdcəsindən daxilolmalar hesabına formalaşır və kreditləşməyə yönəldilir. Eyni zamanda, SİF tərəfindən hazırda potensial maliyyə vəsaitinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumları ilə birgə araşdırmalar aparılaraq birgə proqramlar hazırlanır.
Sahibkarlığın inkişafından bəhs edərkən bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə də danışmaq yerinə düşər. Yeri gəlmişkən, ekspertlər tərəfindən inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizədə Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı qeyd edilir. “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi bildirilir.
Ümumiyyətlə, istər Rəqabət Məcəlləsi, istərsə də adıçəkilən Milli Fəaliyyət Proqramı ölkəmizdə rəqabətədavamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə xüsusi önəm verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.
Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.