Müasir suvarma sistemləri səmərəli məhsuldarlıq yaradır

post-img

Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalanı ölkələrdən biridir. Son illər iqlim dəyişikliklərinin nəticəsi olan quraqlıq səbəbindən ölkəmizdə minlərlə hektar əkin sahələri, xüsusən də taxıl zəmiləri yanıb sıradan çıxır. Bu da məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır. Rəsmi statistikaya əsasən, Azərbaycanda 2020-ci ildə 68,6 min hektar, 2021-ci ildə 42,2 min hektar, 2022-ci ildə 101,4 min hektar, 2023-cü ildə isə 178,3 min hektar sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır. 

Artıq Azərbaycan hökuməti bu məqsədlə növbəti dəstək mexanizmini işə salır. Belə ki, iyunun 5-də Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Yeni qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunmasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon manat kredit portfeli 168 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək. Dövlət zəmanəti isə Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə çərçivə zəmanət sazişi” əsasında veriləcək. 

Xatırladaq ki, Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” Qanunun tələbləri nəzərə alınmaqla sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir. Yeri gəlmişkən, bu qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək. 

Aqrar Kredit və İnkişaf Agentliyi dövlət zəmanətindən istifadə edilməsi barədə Maliyyə Nazirliyinə rübdə bir dəfə hesabat verəcək. Hesabatın forması isə Maliyyə Nazirliyi tərəfindən təsdiq edəcək. Kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit agentliyin qərarı ilə azaldıla və ya ləğv edilə bilər. Dövlət zəmanəti verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməlidir. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası yeni qaydaya uyğun həyata keçirilməlidir.

Dövlət zəmanəti verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə kredit təşkilatının dövlət zəmanəti üzrə tələb hüququ yaranacaq. Tələb hüququ yarandığı gündən etibarən 60 gün müddətində qüvvədə olacaq. Bu müddətdə kredit təşkilatı ödəniş tələbini bu qaydada göstərilən sənədlərlə birlikdə irəli sürmədikdə zəmanət qüvvədən düşmüş hesab olunacaq. 

Bununla yanaşı, dövlət tərəfindən bu istiqamətdə fermerlərə digər dəstək tədbirləri üzərində də iş aparılır. Belə ki, yaxın vaxtlardan başlayaraq quraqlıq risklərinin aqrar sığorta paketinə daxil edilməsi nəzərdə tutulur ki, bu da fermerləri gözlənilən ziyandan qorumaq baxımından diqqət çəkir. Bu məqsədlə hazırda İsveçrə və Türkiyə ilə təcrübə mübadiləsi aparılır. Eyni zamanda, ölkədə yağıntıların qeyri-bərabər paylanması ilə əlaqədar indeks əsaslı quraqlıq sığortasının tətbiqi istiqamətində araşdırmalar davam etdirilir. 

Bütün bunlara baxmayaraq, heç bir sığorta ödənişi gözlənilən məhsuldarlığı kompensasiya edə bilməz. Məhz bu səbəbdən dövlət quraqlığın mənfi nəticəsi olan məhsuldarlığın azalmasının qarşısını almaq məqsədilə subsidiya mexanizmindən istifadənin genişləndirilməsinə xüsusi diqqət göstərir. Yeri gəlmişkən, ­Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib. 

Aqrar sektora ayrılmış subsidiyalar isə öz növbəsində fermerə lazımi anda bir sıra zəruri texnikanı almağa kömək edir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 5 ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb. Bütövlükdə isə, 2023-cü ildə Azərbaycanda 1,5 milyon hektarlıq ümumi əkin sahələrinin cəmi 119 min hektarını müasir suvarma sistemi olan sahələr təşkil edib. Bununla yanaşı, 60 min hektarda pivot suvarma sistemləri və damcılı sistem tətbiq olunur. Mütəxəssislərin fikrincə, müasir suvarma sistemi və texnologiyaların tətbiqi  ilə Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür.

Bir məqamı da diqqətə çatdıraq ki, Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edilən təsərrüfatlarda məhsuldarlığın iki dəfəyə yaxın artdığı, sərf edilən suyun isə 2,5 dəfə azaldığı müşahidə edilir. Bunun son dərəcə yaxşı göstərici olduğunu bildirən kənd təsərrüfatı mütəxəssisləri deyirlər ki, hər bir fermer müasir suvarma üsullarının tətbiqi ilə sudan qənaətlə istifadə etməklə fəaliyyətini yüksək səviyyədə qurmalı, su və torpaq resurslarını qorumalıdır. Selləmə suvarmanın torpaqda şoranlaşma yaratmaqla məhsuldarlığın kəskin şəkildə azalmasına səbəb olduğunu vurğulayan mütəxəssislərin fikrincə, ölkədə müasir suvarma sistemlərindən istifadə gücləndirilməlidir. 

Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov bildirib ki, subsidiyalarla yanaşı, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, elecə də bu konteksdə pivot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub və hazırda bu proqram uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda ölkəmizdə müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi qədər güzəşt tətbiq edilir. 

İqtisadiyyat