17 may bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bayramın tarixi 1865-ci il mayın 17-də sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq informasiya cəmiyyəti günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. BMT Baş Assambleyası 2006-cı il martın 27-də 17 may tarixini “Beynəlxalq informasiya günü” elan edib. Bunun nəticəsi olaraq BTİ 2006-cı ilin noyabrında gələcəkdə 17 may tarixini “Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü” kimi qeyd etməklə bağlı qərar qəbul edib.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və “rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.
Hazırda dünyada qlobal miqyasda 2,6 milyard insanın əlaqəsi kəsilib, bu da innovasiyalara mane olan əhəmiyyətli rəqəmsal boşluqlar yaradır. Əsas qanunvericiliyə, investisiyalara və rəqəmsal bacarıqlara malik olmayan bir çox ölkə bugünkü sürətlə dəyişən rəqəmsal dünya ilə ayaqlaşa bilmir.
Builki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü rəqəmsal innovasiyaların hər kəsi əlaqələndirməyə və hamı üçün davamlı rifah yaratmağa necə kömək edə biləcəyini əsaslandıran “Dayanıqlı İnkişaf üçün Rəqəmsal İnnovasiya” mövzusuna həsr olunub. Nəticədə Ümumdünya Telekommunikasiya Günü və Ümumdünya İnformasiya Cəmiyyəti Gününün eyni vaxtda qeyd olunması dünya ictimaiyyətinin bütün insanların rifahı naminə İKT-nin inkişafı və tətbiqinin təşviqinə sadiqliyini nümayiş etdirir.
Ənənəvi olaraq BMT-nin Baş katibi və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi bu gün ilə əlaqədar müraciətlə çıxış ediblər.
“İnnovativ texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədən tutmuş aclıq və yoxsulluğa son qoyulmasına qədər dünyanın ən aktual problemlərinin həllinə kömək edə bilər. Əslində, rəqəmsal texnologiyalar 2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 70 faizinə nail olmağa yardımçı olacaq. Bununla belə, parlaq rəqəmsal boşluqlar dünyanın bir çox yerlərində innovasiyalara mane olur. Siyasət, investisiya və rəqəmsal bacarıqların əksikliyi bir çox ölkəni sürətlə dəyişən rəqəmsal mənzərə ilə ayaqlaşmaqda çətinlik çəkməsinə gətirib çıxarır. Bu il sizi davamlılığı və hamı üçün rifahı təmin edən rəqəmsal innovasiyanın gücü haqqında ekspertlər və novatorlarla danışmaq üçün canlı yayımda bizə qoşulmağa dəvət edirik”, - deyə Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmi məlumatında qeyd olunub.
Qeyd edək ki, Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılsa da, 2021-ci ilə qədər yalnız 230 min ev təsərrüfatı əhatə olunmuşdu.
2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində isə genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 2,29 milyona çatdırılıb. Bu göstərici əvvəlki dövrlə müqayisədə 10 dəfə daha çoxdur. Son 2 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artaraq beynəlxalq hesabatlarda əks olunub. Hazırda ölkə ərazisində mövcud ev təsərrüfatlarının 78 faizi genişzolaqlı internetlə əhatə olunub. Bu ilin sonuna qədər Azərbaycanda mövcud ev təsərrüfatları və biznes subyektləri genişzolaqlı internetlə tam əhatə olunacağı planlaşdırılır. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri görülür. Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun əməkdaşlığı sayəsində bu ilin sonuna qədər minimum 35 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.