Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev şəxsi “X” hesabında Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı məsələlərinin müzakirə edildiyini paylaşım edib. Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşdüyünü bildirən nazir paylaşımında, həmçinin Aİ ilə respublikamız arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bununla bağlı gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə danışıldığını da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Orta Dəhlizin inkişafına daim önəm verib, bu istiqamətdə reallaşdırılan layihələrin gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda aprelin 23-də keçirilən beynəlxalq forumda bu gün Orta Dəhlizə heç vaxt olmadığı qədər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Ötən ay Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”.
Yeri gəlmişkən, Azərbaycanda ölkəmizlə bağlı olan bütün nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilib. Bununla əlaqədar bir sıra mühüm layihələr və proqramlar reallaşdırılıb. Belə ki, dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006–2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006–2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006–2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.
Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımında ötən il noyabrın 23-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planının əhəmiyyətini də vurğulamaq lazımdır.
Məhz yuxarıda sadalananların nəticəsidir ki, 2023-cü ildə respublikamızın nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 min 387 ədəd təşkil edib. 2021-ci ildə bu nəqliyyat vasitələri ilə ölkə ərazisindən cəmi 9 min 551 ədəd tranzit daşımalar həyata keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 23 min 366-a çatıb.
Qeyd edək ki, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarını həyata keçirən xarici ölkə, eləcə də Azərbaycan yük avtonəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə edilib. Belə ki, xarici ölkə nəqliyyat vasitələri ilə respublikamızın ərazisindən 2021-ci ildə 85 min 293 ədəd tranzit daşıma reallaşdırılmışdısa, 2022-ci ildə 176 min 789, 2023-cü ildə isə 229 min 756 ədəd tranzit daşıma həyata keçirilib. Beləliklə, son üç ildə avtomobil nəqliyyatı ilə Azərbaycandan üzərindən həyata keçirilən tranzit yük daşımalarının cəmi sayı 2021-ci ildə 94 min 844, 2022-ci ildə 200 min 155, 2023-cü ildə isə 26 min 6143 olub. Ümumilikdə, avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə çoxalıb.
Əlbəttə, bütün bunlar deməyə əsas verir ki, son illərdə Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də respublikada nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirib.
Emin BAĞIROV,
iqtisadi şərhçi
Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Bu məsələdə Orta Dəhlizin inkişaf potensialı daha çox diqqət çəkir. Bununla əlaqədar mühüm bir məqama toxunmaq istərdim. Beynəlxalq Valyuta Fondu sözügedən marşrutun səmərəliliyini yüksətmək üçün bir sıra layihələrin reallaşdırılmasına zəruri ehtiyac görür. Məsələn, adıçəkilən beynəlxalq maliyyə qurumu infrastrukturda gecikmələri azaltmaq məqsədilə sərhəd-keçid prosedurlarının optimallaşdırılması, nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması və bu dəhlizin əhatə etdiyi ölkələr üzrə tənzimləmə, icazə və tariflərin uyğunlaşdırılması üçün avtomatlaşdırmanı qarşıya təxirəsalınmaz vəzifə kimi qoyur. Eyni zamanda Azərbaycanın bu istiqamətdə gerçəkləşdirdiyi layihələri də yüksək qiymətləndirir.
Ölkəmizin Orta Dəhlizin inkişafı istiqamətində reallaşdırdığı tədbirlərdən danışarkən isə, ilk növbədə, 2022-ci ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin sözügedən marşrutun potensialının tam hərəkətə gətirilməsi məqsədilə imzalanan və 2022–2027-ci illəri əhatə edən Yol Xəritəsinin önəmi qeyd edilməlidir.
Azərbaycan Orta Dəhlizin inkişafı istiqamətində hazırda dəniz, dəmir, avtomobil yolları, hava nəqliyyatı ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Bu isə həmin Yol Xəritəsinə, eləcə də özünün müəyyənləşdirdiyi uzunmüddətli strategiyaya sadiqliyinin ifadəsi olaraq respublikamızın nəqliyyat və logistika dəhlizinə çevrilməsi yolunda atdığı inamlı addımların təsdiqidir.
Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir. Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini izləyən dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində – konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir”.
Prezident İlham Əliyev daha sonra ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yükdaşınmanın əməkdaşlığımızın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Qazaxıstanla Azərbaycanın gələcəkdə beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlarını əminliklə diqqətə çatdırıb.
Qeyd edək ki, Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda irəli sürülüb. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə həyata vəsiqə alıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Onun iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil. İndi dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir.
Vaqif BAYRAMOV
XQ