Uzaq Çin Azərbaycanın yaxın və mötəbər tərəfdaşıdır

post-img

Asiya nəhəngi ölkəmizə 920 milyon dollarlıq sərmayə yatırıb

Bu gün Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. 

Azərbaycanın əsas ticarət tərəfdaşla­rından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaş­lığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 300-ə yaxın şirkət qeydə alı­nıb. Bundan başqa, Azərbaycanın işğal­dan azad edilən ərazilərində icra olunan infrastruktur layihələrində Çin şirkətlərinin fəaliyyəti getdikcə genişlənib. Məsələn, “Huawei” şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhər” təşəbbüslə­rinin gerçəkləşməsində müəyyən uğurlar əldə edilib. 

Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi davamlı olaraq artır. Çin şirkətləri respublikamızda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələr­də fəaliyyət göstərirlər. Onların ölkəmizə böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiyaya, sahibkarlıq və biliyə əsaslanan sənaye iqtisadiyyatı­na keçidi uğurla gerçəkləşdirib. Tətbiq edilən vergi və kredit güzəştləri, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli in­vestisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. 

İşğaldan azad edilən ərazilərdə ver­gi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdiril­məsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rında həyata keçirilən layihələrə marağını şərtləndirib. 

Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstə­visində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.

Azərbaycan Respublikası Prezidenti­nin köməkçisi – Prezident Administrasiya­sının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Glo­bal Times” qəzetinə müsahibəsində bütün bunlar barədə ətraflı bəhs edib. Administ­rasiya rəsmisi bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdik­dən sonra Prezident İlham Əliyev ölkəmi­zin inkişafı ilə bağlı yeni prioritetlər müəy­yənləşdirib. 

Şöbə müdiri daha sonra vurğulayıb ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və tex­noloji tərəqqi mənbəyi kimi dəyərləndirir. İki ölkənin iqtisadi-ticari münasibətlərində davamlı inkişaf nəzərə çarpır. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və “yaşıl keçid” sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivə­sində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin bir­gə istehsalı mümkündür.

H.Hacıyev müsahibəsində bəzi media orqanlarında Çin sərmayələrinin və şirkət­lərinin “təhlükəsizlik təhdidi” kimi təqdim olunmasını bu ölkəyə qarşı ədalətsiz ya­naşma kimi şərh edərək, Çin texnologiya­sının dünyada ən yaxşılardan biri olduğu­nu, ölkəmizdə rəqəmsal keçid prosesində də Çin məhsullarından istifadə olunduğu­nu diqqətə çatdırıb.

Yeri gəlmişkən, “China Media Group” korporasiyasının azərbaycandilli CGTN kanalına açıqlamasında “Masdar Azerba­ijan”ın direktoru Murad Sadıqov da Çinin ölkəmizdə günəş elektrik stansiyası üçün panellər hazırladığını bildirib. 

Xatırladaq ki, burada söhbət əsasən, Qaradağ Günəş Elektrik Stansiyasından gedir. Stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib. Bu stra­teji obyekt Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən reallaşdırılıb. Stansiyanın gücü 230 MVt-dır. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə he­sabına tikilib. Azərbaycana xarici investi­siya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. 

Stansiyada hər il 500 milyon kilo­vat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcəyi, eyni zamanda, atmos­ferə atılan karbon emissiyasının 200 min ton azaldılacağı nəzərdə tutulur. 

Yeri gəlmişkən, 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovolt­luq yarımstansiya tikilib. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.

M.Sadıqovun sözlərinə əsasən, bu layihə üçün panelləri Çinin “Longi” şirkəti tədarük edib. Ümumiyyətlə, Çində günəş panellərinin kütləvi istehsalı qlobal panel qiymətlərini 80 faiz azaldıb və bu ener­ji növünü milyonlarla insan üçün əlçatan edib. 

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Azərbaycan–Çin iqtisadi münasi­bətlərinin inkişafı istiqamətində son illər reallaşdırılan təşəbbüslər, ölkəmi­zin “Bir kəmər, bir yol” layihəsində fəal iştirakı, qarşılıqlı investisiyaların təş­viqi və əməkdaşlığın möhkəmləndiril­məsi müsbət nəticələrlə diqqət çəkib. 

Çinin innovasiya yönümlü investi­siya imkanlarının respublikamız üçün önəmi də getdikcə artır. Azərbaycan iqtisadiyyatının diversifikasiya, innova­siya və transformasiyaya sadiqliyi Çin investorları tərəfindən daim yüksək dəyərləndirilir. Şərqlə Qərbin kəsişmə­sində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olması, Azər­baycanın nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verməsi də bu məsələdə xüsusi rol oynayır. 

Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yük­səlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaş­masına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həm­çinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.

Hazırda ölkəmizlə Çin arasında iqtisadi-siyasi əlaqələr yüksək səviy­yədədir. 2023-cü ildə Azərbaycanla bu dost ölkə arasında ticarət əlaqəsinin həcmi digər illərlə müqayisədə 21 faiz artaraq, 2 milyard 200 milyon dollara yaxınlaşıb.

Bu tendensiya artıq davamlı xarak­ter alıb. Belə ki, cari ilin göstəricilərinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə Çinlə ölkəmiz arasında ticarət dövriyyəsinin həcmi 50 faizə yaxın artıb. Respublikamız Çinlə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Dost ölkənin Beynəlxalq Dəniz Ticarət Li­manı və Bakı–Tbilisi–Qars dəmiryo­lu xətti əsasında fəaliyyəti daha çox diqqət çəkir. 

Çin ölkəmizin nəqliyyat infrast­rukturunun inkişafında maraqlıdır, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına mühüm önəm verir. Belə ki, Şərq–Qərb istiqaməti üzrə ticarət dövriyyəsinin, yüklərin daşınmasında sürət və keyfiyyət həcmlərinin artması­na ciddi maraq göstərir. Bu baxımdan Azərbaycan Çin üçün çox önəmli tərəf­daş kimi ölkəmizin ticarət partnyoru olaraq dördüncü yerdədir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin hansı sə­viyyədə olduğunu və gələcəkdə böyük perspektiv vəd etdiyini göstərir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat