Son illər ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı ardıcıl və sistemli islahatlar həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən və ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə keçirilən 3-cü Aqrobiznesin İnkişafı Forumunda da aqrar sektorda reallaşdırılan tədbirlərə bir daha nəzər yetiriləcək, dövlətin bu sahənin inkişafına göstərdiyi davamlı dəstək tədbirlərindən ətraflı bəhs ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Forumda Azərbaycanın müvafiq dövlət qurumlarının, eləcə də bankların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirdə aqrobiznes sektorunun mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunacaq.
Forum çərçivəsində, həmçinin kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar “yaşıl” maliyyə və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatının əhatə etdiyi regionun kənd təsərrüfatı potensialı mövzusunda panel müzakirələri keçiriləcək.
Müzakirələr zamanı aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, kənd təsərrüfatının inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılacaq. Eyni zamanda, paralel sessiyada xarici mütəxəssis tərəfindən müvəkkil təşkilatlarının əməkdaşları üçün kənd təsərrüfatı kreditləri ilə işin təşkili mövzusunda təqdimat olacaq. 3-cü Aqrobiznesin İnkişafı Forumunda, həmçinin kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələri, uğurlu maliyyələşdirmə yolu ilə inkişaf etmiş yerli təsərrüfatların və ya aqrobizneslərin video təqdimatları və onların mükafatlandırılması həyata keçiriləcək.
Qeyd edək ki, Aqrobiznesin İnkişafı ilə bağlı əvvəlki forumlar 2021-ci ilin dekabr və 2023-cü ilin fevral aylarında Bakı şəhərində keçirilib. Həmin forumlarda ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, ölkəmizdə aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, bu sahənin inkişafı ilə bağlı dövlət–özəl sektor əməkdaşlığı və digər məsələlərdən geniş bəhs olunub.
Yeri gəlmişkən, 3-cü Aqrobiznesin İnkişafı Forumunun təşkilatçılarından olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasında səmərəli tərəfdaşlıq iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə mühüm töhfələr verir. Azərbaycanın FAO ilə əməkdaşlığının əsası isə 1995-ci ildə qoyulub. Həmin il oktyabrın 20-də ölkəmiz BMT-nin ixtisaslaşmış qurumuna üzvlüyə qəbul edilib. FAO Azərbaycanda reallaşdırdığı milli, regional və qlobal səciyyəli layihələri, əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur.
Qurumun layihələri Azərbaycan hökumətinin prioritetləşdirilmiş ehtiyaclarından irəli gələn texniki əməkdaşlıq proqramlarına əsaslanıb. Bu zaman ölkəmizin aqrar sektorunda məhsuldarlığın artırılması məqsədilə layihələrin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli diqqət mərkəzində saxlanılıb. Həmçinin qida məhsullarının və tullantıların idarə olunması sahəsində təşəbbüslərin gerçəkləşməsinə xüsusi önəm verilib. Bununla bağlı indiyədək sözügedən istiqamətlərdə 60-dan yuxarı layihə reallaşdırılıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən ərzaq təhlükəsizliyi yaxşılaşdırılıb.
Hazırda FAO tərəfindən Azərbaycanda 21 layihə həyata keçirilir. Ölkəmizdə kənd təsərrüfatının mühüm sahələrindən sayılan heyvandarlığın və balıqçılığın inkişaf etdirilməsi, fındıqçılıq sahəsində səmərəliliyin artırılması, milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi, sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması uğurla davam etdirilir. Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və digər layihələr bu baxımdan maraq doğurur.
FAO ölkəmizlə əməkdaşlıq çərçivəsində aqrar sektorun rəqəmlaşma prinsipləri əsasında inkişafına da xüsusi önəm verir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində–Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının ən yaxşı texnologiya və təcrübələrini özündə birləşdirən “ağıllı kənd” konsepsiyası əsasında bərpası da bu beynəlxalq təşkilatın müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəlir.
Bütövlükdə isə, FAO Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsinin prioritet inkişaf istiqamətləri üzrə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindədir. Bu məqsədlə tərəflər arasında əməkdaşlığın ikinci mərhələsi üzrə sazişin imzalanması nəzərdə tutulur. Hazırda isə Azərbaycan hökuməti ilə FAO 2025-ci ilədək əməkdaşlıq çərçivəsində doqquz prioritet istiqamət üzrə iş aparırlar.
Mirbağır YAQUBZADƏ
XQ