Martın 28-də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə erməni millətçiləri xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törədib, insanlıq əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ermənilər tərəfindən 1905–1907-ci, 1918–1920-ci, 1948–1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib. Amma sovetlər dönəmində bu faktlar gizlədilib. Nəticədə ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırıb, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala məruz qalıb və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşanıb.
Arif Rəhimzadə qeyd edib ki, yalnız müstəqillik illərində xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tədbir diskussiya şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.
XQ