“Hidrogen epoxası”nın karbon üzərinə yürüşü

post-img

2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyən Avropa İttifaqı bu məqsədlə ənənəvi enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək üçün mühüm tədbirlər həyata keçirir. Bu baxımdan hidrogen də ekoloji cəhətdən ən təmiz enerji növlərindən biri sayılır. Mütəxəssislərin fikrincə, hidrogen istehsalında külək və günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə olunduğundan onun tərkibində heç bir istixana qazı emissiyası yoxdur. Eyni zamanda, hidrogen yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar. 

Məlum olduğu kimi, hazırda isteh­sal olunan hidrogenin çox cüzi hissə­si, təqribən 1 faizi “yaşıl hidrogen”dir. Bununla belə, Beynəlxalq Bərpa Olu­nan Enerji Agentliyinin məlumatına görə, 2050-ci ilə qədər enerji istehsa­lının 12 faizi hidrogenin payına düşə­cək. Son illər Avropada “yaşıl keçid” platformasının əsas istiqamətlərindən sayılan “yaşıl hidrogen”in istehsalı və ixracına nail olunması sahəsin­də intensiv iş aparılır. Alternativ və bərpaolunan enerji sahəsində yükək potensiala malik olan Azərbaycan da Avropanın prioritet elan etdiyi “ya­şıl enerji” platformasına qoşulan ilk ölkələrdəndir. Prezident İlham Əliye­vin qeyd etdiyi kimi, Azərbaycanın Av­ropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqu var, bura təkcə qaz deyil, həm də bərpaolunan enerji və yaşıl hidrogen daxildir. 

Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji istehsa­lına nail olmalıdır. “Yaşıl hidrogen”ə gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesabına hid­rogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malik­dir. Məlum olduğu kimi, ölkəmizin “yaşıl enerji” potensialı artıq dünya­nın bir sıra nüfuzlu elmi-tədqiqat və beyin mərkəzləri tərəfindən də yük­sək qiymətləndirilir. Belə ki, Amerika Birləşmiş Ştatlarının nüfuzlu beyin mərkəzlərindən sayılan Atlantik Şu­ranın Qlobal Enerji Mərkəzinin ştat­dankənar baş elmi işçisi Çarlz Ellinas deyib ki, Azərbaycan Avropanın “yaşıl hidrogen” tədarükçüsü olmaq üçün çox yaxşı imkana malikdir. Onun sözlərinə görə, ölkəmizin Avropaya ixrac etmək məqsədilə ekoloji təmiz hidrogen istehsalını inkişaf etdirmək üçün zəngin potensialı və lazımi inf­rastrukturu var. 

Bununla yanaşı, Avropa Yeni­dənqurma və İnkişaf Bankı tərəfindən aparılan tədqiqatlar da Azərbaycanda ekoloji cəhətdən təmiz hidrogen isteh­salının məqsədəuyğun olduğunu təs­diq edib. Eyni zamanda, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanın­mış “Advision” şirkəti Azərbaycanın hidrogen potensialının qiymətləndiril­məsi ilə bağlı təhlilini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb. 

Bütövlükdə isə, Azərbaycan bö­yük qaz yataqları, zəngin ehtiyatla­rı hesabına hidrogenə keçid baxı­mından yaxşı imkanlara malikdir. Ekspertlər deyirlər ki, hidrogenin istehsalı üçün ölkəmizdə yeni emal müəssisəsi tikilməlidir. Həmin müəs­sisənin günəş panellərindən və külək qurğularından alınan enerji hesabına fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycan Respublikası Bərpa Olu­nan Enerji Mənbələri Dövlət Agentliyi­nin məlumatına görə, artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələ­rin hazırlanmasına başlanılıb.

Hazırda bütün dünyada “yaşıl hid­rogen”in istehsalı və istifadəsi ilə ya­naşı, onun ixracı məsələsi də xüsusi aktuallıq kəsb edir. Mütəxəssislər bu yanacağın boru kəmərləri ilə nəqlini ən optimal variant hesab edirlər. Ha­zırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci vari­ant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsi ilə bağlıdır. Di­gər variant isə mövcud magistral qaz kəmərlərinin “yaşıl hidrogen”in daşın­ması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur. 

Ekspertlər Azərbaycanın gələcək­də istehsal edəcəyi “yaşıl hidrogen”i dünya bazarlarına ixracı üçün Cənub Qaz Dəhlizinin imkanlarından isti­fadəni ən məqbul variantlardan biri hesab edirlər. Onların fikrincə, hid­rogen qarışığının elə təbii qazla bir­likdə ixracı mümkün olacaq. Bununla yanaşı, hazırda “yaşıl hidrogen” ixracı üçün ayrıca boru kəmərinin çəkilməsi imkanları da nəzərdən keçirilir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İl­ham Şabanın sözlərinə görə, “yaşıl hidrogen”in boru kəmərləri ilə nəqli ən optimal variant hesab olunur. Ekspert bu baxımdan Cənub Qaz Dəhlizinin seqmentləri sayılan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ı metan nəqlindən hidrogenə çevirlmək üçün texniki və texnoloji baxımdan daha münasib hesab edir. Onun sözlərinə görə, 2035–2040-cı illərdə istər el­min, istərsə də qaz sənayesinin “yaşl hidrogen”in ötürülməsi ilə bağlı otu­ruşmuş bir baxışı olacaq.

Bu arada, Trans-Adriatik Boru Kəməri Konsorsiumu (TAP AG) da hidrogen enerjisinin tədarükü ilə bağ­lı sınaqlara hazırlaşır. Hazırda isə konsorsium tərəfindən boru kəməri ilə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki imkanın qiymət­ləndirilməsi həyata keçirilir. Konsor­siumun 2021-ci ildə həyata keçirdiyi tədqiqatın yekunlarına görə, TAP-ın potensial olaraq hidrogen qarışığı­nı nəql edə biləcəyi tam təsdiqlənib. Konsorsiumda boru kəmərinin dəniz hissəsi ilə ilk nəticələrin 2024-cü ilin ikinci rübünün əvvəlinə əldə oluna­cağını ehtimal edirlər. Eyni zamanda, TAP AG-dən bildiriblər ki, qurumun məqsədi hidrogenin ilkin olaraq təbii qazla qarışıq formasında nəqlini tə­min etmək məqsədilə infrastrukturun inkişafından ibarətdir. 

Yeri gəlmişkən, hazırda Azərbay­canın ixrac etdiyi “mavi yanacağ”ın 50 faizindən çoxu məhz Avropa ölkələrinin payına düşür. “Köhnə qitə” isə 2050-ci ilədək karbon emissiyalı yanacaq növündən tam imtina etmə­yi hədəfləyir. Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən “yaşıl hidrogen” istehsalına nail olmalıdır. Bunun üçün isə ölkə­mizin bərpaolunan enerji potensialı kifayət qədərdir. “Yaşıl hidrogen” is­tehsalına gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesa­bına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malikdir. 

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat