Bu, ölkəmizin ərzaq təhlükəsizliyini daha da gücləndirəcək
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan bərpa–quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə, ümumilikdə, təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Bu barədə Baş nazir Əli Əsədov çıxışlarının birində deyib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.
Nəzərdə tutulan vəsaitin bir hissəsi isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inkişafına yönəldilir. Sovet dövründə bu torpaqlarda bol pambıq, taxıl, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq inkişaf etdirilib. Lakin bu torpaqlar bir müddət işğal altında qalıb. Ermənistanın kənd təsərrüfatı nazirinin etiraf etdiyinə görə, Azərbaycanın işğal edilmiş torpaqlarında istehsal edilən və işğalçı ölkəyə daşınan taxılın miqdarı hər il 150 – 200 min ton civarında olub. Göstərilən miqdarda taxılın Ermənistana daşınması bu ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb.
Artıq böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarının qarşısını xeyli dərəcədə alacaqdır. Bu istiqamətdə layihələr həyata keçirilir. Regionda tarixən mövcud olan üzümçülük, tütünçülük, baramaçılıq və arıçılıq sahələrinin bərpası və genişləndirilməsi ilə yanaşı, intensiv meyvəçilik sahəsi inkişaf etdirilir. Bu işlər işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi ilə paralel həyata keçirilir.
2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə 118 min hektardan çox ərazi minalardan təmizlənib, minlərlə hektar ərazi əkinə cəlb edilib.
Qeyd edək ki, Qarabağ iqtisadi rayonunda 2022-ci ildə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi 235 min 919 hektar (azad olunmuş rayonlarda 88 min 14 hektar ), Şərqi Zəngəzurda isə 43 min 944 hektar olub. Bu torpaq sahələri su ehtiyatları ilə zəngin ərazilərdə yerləşir.
Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, strateji əhəmiyyətli su ehtiyatlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi ilə yeni sahələrin suvarılması təmin ediləcək. Bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Yəni, əkin sahələrinin suvarılması üçün problem də olmayacaq.
Qarabağın ümumi su ehtiyatları 2,1 milyard kubmetr həcmində dəyərləndirilir. Bu ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə, ümumilikdə, 9 ədəd su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması həyata keçirilir. Artıq Xaçınçay, Suqovuşan su anbarları bərpa–təmir işlərindən sonra istifadəyə verilib. Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işləri son mərhələsindədir. Anbarlar təmir ediləndən sonra bu suların toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərdən biridir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə deyib: “Təxminən 30 ildir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları su potensialından istifadə edə bilmir. Ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək".
Bölgənin heyvandarlıq sahəsi üzrə də güclü potensialı var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan otlaq və biçənəklərlə yanaşı, taxıl və yem bitkiləri əkinlərinin də genişləndirilməsi hesabına heyvandarlıq inkişaf etdiriləcək. Ət və süd məhsulları istehsalının proqnozlaşdırılan həcmi xüsusilə idxal əvəzetməsi baxımından böyük önəm kəsb edəcək. Çünki ölkəmizin ərzaq bazarının heyvandarlıq məhsulları seqmentinin tutumu daha çoxdur və əhalinin bu məhsullara tələbatının dolğun ödənilməsilə bağlı müəyyən çətinliklər müşahidə edilir.
Qarabağda heyvandarlığın inkişaf etdirilməsi isə yerli istehsalçılar tərəfindən bazara heyvandarlıq məhsullarının təklifinin artımına, sözügedən məhsulların bazar qiymətlərinin azalmasına və əhalinin müxtəlif təbəqələrinin daha keyfiyyətli qidalanmasına imkan verəcəkdir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan, təqribən, 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. Nazirin sözlərinə görə, ilkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialından istifadə olunması ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək, iqtisadiyyatımıza yeni töhfələrini verəcək. Ölkəmizin idxaldan asılılığının azalması isə milyonlarla dollar valyutanın qənaət edilməsinə və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çıxaracaq.
Pünhan ƏFƏNDİYEV
XQ