Sağlam rəqabət bolluğa və ucuzluğa yol açır

post-img

Bu ildən ölkəmizdə iqtisadiy­yatın dayanıqlılığının və in­kişafının təmin olunmasında əsas iqtisadi normativ baza sayılan Rəqabət Məcəlləsinin tətbiqinə başlanılır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2024-cü il yanvarın 23-də “Azərbaycan Respub­likası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqın­da” Azərbaycan Respubli­kasının 2023-cü il 8 dekabr tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Bundan əvvəl isə, ötən ilin dekabr ayında sözügedən sənəd Milli Məclis­də üçüncü oxunuşda qəbul edilmişdi. Rəqabət Məcəlləsini ölkəmizin iqtisadi inkişafı üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Belə ki, sənə­din qüvvəyə minməsi nəticəsində ölkə­mizdə rəqabətin tənzimlənməsi təmin olunacaq, yeni yanaşmalar tətbiq olu­nacaq. Yeni Məcəllə sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının inkişa­fına, ölkədə sahibkarlıq fəaliyyətinin sti­mullaşdırılmasına və dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verəcək.

Prezident fərmanına əsasən, Rəqa­bət Məcəlləsinin pozulmasına görə mə­suliyyət növlərini müəyyən edən qanun layihəsi hazırlanacaq, sözügedən sənə­din tələbləri tətbiq edilməyən və ya məh­dud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar müəyyənləşəcək. Fərmanda qeyd olunduğu kimi, sazişlə­rin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarlar, eləcə də bazarda sahələrin təmərküzləşmə səviyyəsi müəyyənləş­diriləcək, bazar paylarının hesablan­ması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçıları­nın müəyyən edilməsi qaydası hazırla­nacaq. Eyni zamanda, ölkədə bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları və maliyyə institut­larının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri müəyyənləşəcək, təbii inhisar subyektlərinin siyahısı hazırla­nacaq.

İndən belə ölkədə Tarif Şurası tərə­findən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektlərinə maliyyə sank­siyası tətbiq ediləcək. Fərmana əsasən, Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilmə­sinə görə təbii inhisar subyektinə rəqa­bət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiya­sı tətbiq ediləcək. Heç şübhəsiz, bu da ölkədə süni qiymət artımının və inflyasi­yanın qarşısını almağa imkan verəcək.

İqtisadiyyat Nazirliyi yanında Antiin­hisar və İstehlak Bazarına Nəzarət Döv­lət Xidmətinin rəisi Məmməd Abbasbəyli bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, Məcəllədə rəqabəti məhdud­laşdıran üfüqi və şaquli sazişlər, bazar payının müəyyən edilməsi, bazarda ha­kim mövqe və bundan sui-istifadə hal­ları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr üzrə yeni qay­dalar tətbiq olunacaq. 

M.Abbasbəyli deyib ki, yeni Məcəllə sahibkarlıq subyektləri ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanlarının antiinhisar qanunvericiliyinə zidd olan hərəkətlərinin və ya hərəkətsizliyinin qarşısının alınmasını və tənzimləmə fəaliyyətinin rəqabətə təsirinin qiymət­ləndirilməsini tənzimləyəcək. Bütöv­lükdə isə, Rəqabət Məcəlləsinin qəbul edilməsi inhisarçılığın məhdudlaşdırıl­ması vasitəsilə ölkədə özəl sektorun inkişafına dəstək vercək. Bu da yerli sahibkarlığı inkişaf etdirməklə rəqabət qabiliyyətli məhsulların istehsalının ge­nişləndirilməsinə, eləcə də ölkənin ixrac potensialının artırılmasına imkan yara­dacaq. 

Dövlət Xidmətinin əsas fəaliyyət is­tiqamətlərindən birinin rəqabət təhlilləri, müxtəlif əmtəə bazarlarında araşdırma­ların və monitorinqlərin aparılmasından ibarət olduğunu diqqətə çatdıran xidmət rəisi bildirib ki, qurum bununla hər han­sı bir əmtəə məhsulları seqmentində rəqabətin pozulub-pozulmaması barədə ehtimallar irəli sürə və onun əsasında müəyyən tənzimləyici və nəzarət addım­ları ata bilir. Bu baxımdan 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiqlənmiş illik fəaliyyəti planına uyğun olaraq dər­man vasitələri, karqo xidmətləri və geniş zolaqlı internet bazarlarında, eləcə də da kənd təsərrüfatı sektorunda müxtəlif araşdırmalar aparılıb. Həmin araşdırma­ların nəticəsi olaraq bazarda çoxiştirak­çılığın təmin edilməsi, texniki və iqtisa­di tənzimləmələrin optimallaşdırılması üzrə geniş təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub.

Yeri gəlmişkən, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilmə­si, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanu­nun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fər­mana əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək. 

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı 

2023-cü ilin dekabr ayında Rəqa­bət Məcəlləsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edildi. Bu il yanva­rın 23-də isə Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqlədi.

Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühiti­nin əlverişliliyinin artırılması, azad sa­hibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəd ölkədə sahibkarların sağlam rəqabət şərai­tində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqları­nın müdafiəsini, məhsul və xidmətlə­rin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin mü­dafiə edilməsi və daha da gücləndi­rilməsidir. Bu, azad sahibkarlığın in­kişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və bar­yerlərin götürülməsi baxımından vacib bir sənəddir.

Yeni Məcəllə inhisara qarşı müba­rizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məh­sullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iq­tisadiyyatın sağlamlaşdırılması baxı­mından kifayət qədər vacib qanunlar­dan biridir.

Bu gün bütün inkişaf etmiş ölkələr­də bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlar­dan biri də rəqabətlə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklən­məsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılma­sında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq.

Bütövlükdə isə, Rəqabət Məcəl­ləsinin təsdiqi Azərbaycan iqtisadiy­yatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu yeni dövrdə is­lahatların daha da dərinləşəcəyindən xəbər verir.

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat