Sənaye zonaları və iqtisadi yeniləşmə

post-img

Bu müəssisələrdə son 3 ildə 8,45 milyard manatlıq məhsul istehsal edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötdüyünü, keçən müddət ərzində Agentliyin idarəçiliyindəki sənaye zonalarında investisiya həcminin 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verildiyini, 17 müəssisənin fəaliyyətə başladığını və 1336 daimi iş yerinin yaradıldığını bildirib. 

Naziri daha sonra vurğulayıb ki, 3 il ər­zində sənaye zonalarında 8,45 milyard ma­natlıq məhsul istehsal edilib ki, bunun da 35,7 faizi faizi, yəni 3,02 milyard manatı ixracın payına düşür. 

Keçən ilki fəaliyyətə gəldikdə isə deyə bilərik ki, hesabat dövründə İqtisadi Zonala­rın İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb. Həmin müəssisələr tərəfindən səna­ye zonalarına 135 milyon manat investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb.

Sözügedən müəssisələr polimer qatqıla­rın, keramik plitələrin, qablaşdırma məhsul­ların, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsul­ların istehsalı ilə məşğul olurlar. 

Bütün bu yüksək göstəricilər təsadüfi xa­rakter daşımır. Belə ki, ölkəmizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələrində sahibkarların biznes fəaliyyətini stimullaşdı­ran, onların vergi və gömrük güzəştləri əldə etmələri üçün əlverişli şərait yaradan 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexa­nizmi çərçivəsində indiyədək 600-yaxın la­yihə təşviq olunub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 20 dekabr 2022-ci il tarixli müvafiq fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexaniz­mi təkmilləşdirilib. 

Xatırladaq ki, investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin müvafiq əra­zilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərə verilib. Təşviq layihələrin icrası nəticəsində iqtisa­diyyata 5,6 milyard manatdan artıq investi­siya yatırılıb, dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə respublikaya idxal edilib, həmin texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdiril­məsi məqsədilə mal mövqelərinin siyahısı təsdiqlənib. Bütün bunlarla bərabər, yeni məhsullar istehsal edən müasir istehsal ob­yektləri qurulub, ekoloji baxımdan mühüm önəm daşıyan tullantıların təkrar emalı sahəsi istifadəyə verilib.

Onu da qeyd edək ki, sənaye zonalarında yeni müəssisələrin sayının davamlı artması respublikada qeyri-neft sektorunun inkişafına təkan verir, ölkənin ixrac coğrafiyasını ge­nişləndirir, iqtisadiyyatın diversifikasiyasını sürətləndirir və əhalinin məşğulluğunun yük­səlməsini şərtləndirir. 

Azərbaycanın sənaye zonalarında yeni məhsullar istehsal edən müasir istehsal za­vodlarından söz düşmüşkən, avtomobil bu­raxılan müəssisələrinin fəaliyyət göstəriciləri ilə bağlı bir neçə göstəricini də diqqətə çatdır­maq istərdik. Az bir müddət əvvəl bu barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanıldığını, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəmin 4233-ə çatdırıldığı­nı, bunun isə 2022-ci illə müqayisədə təqri­bən 109 faiz artım demək olduğunu bildirib. 

Yeri gəlmişkən, sənaye zonalarında is­tehsal artımı ölkənin idxaldan asılılığını ara­dan qaldırır, başqa sözlə, valyutanın ölkədən çıxmasının qarşısını alır, ixracı təşviq edir. Bu da, öz növbəsində, sənaye parklarından kənarda fəaliyyət göstərən müəssisələrə qarşı haqsız rəqabətin olmadığından xəbər verir. 

Sənaye parklarında yaradılmış əlverişli biznes mühiti və geniş logistik imkanlar, elə­cə də bir sıra stimullaşdırıcı tədbirlər xarici şirkətlərin də ölkəmizə marağını artırır. Bu­nun nəticəsidir ki, sənaye zonalarında xarici kapitallı rezidentlərin sayı da getdikcə artır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında İsveçrə şirkəti olan “Sika” MMC, Çin ka­pitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “SEN­SEMI DMCC” şirkəti, Pirallahı Sənaye Par­kında Rusiya-Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC, Ağdam Sənaye Par­kının rezidenti kimi qeydiyyata alınan Birləş­miş Ərəb Əmirlikləri kapitallı “Expert Ser­vices FZE” Məhdud Məsuliyyətli azad zona müəssisəsi, Neftçala Sənaye Məhəlləsində İran-Azərbaycan birgə avtomobil müəssisəsi, Hacıqabul Sənaye Məhəlləsində qeydiyyata alınan “Penoplex Prikavkazye” MMC fəaliy­yət göstərir.

Adları çəkilən şirkətlər xarici investisi­yaların ölkəyə cəlbində və qeyri-neft sek­torunun inkşafında mühüm rol oynayırlar. Onlar yeni texnologiyaların ölkəyə transfer olunmasında, bununla da rəqabətqabiliyyət­li əmtəələr istehsal edilməsində daha çox fərqlənirlər. Eyni zamanda, yerli şirkətlər sə­naye park və məhəllələrinin yaradılması ilə bağlı beynəlxalq təcrübədən bəhrələnməklə həmin texnologiyalar əsasında yeni milli is­tehsal müəssisələrinin açılmasına böyük ma­raq göstərirlər. 

Belə müəssisələrdə buraxılan məhsul­lar, eyni zamanda, keyfiyyətinə görə xüsusi diqqət çəkir. Bu səbəbdən də onların ixrac coğrafiyası getdikcə genişlənir. İndiyə qədər ölkəmizin sənaye park və məhəllələrində is­tehsal edilən məhsulun, təqribən 32,4 faizinin ixrac olunması da vurğulanan fikrin təsdiqi­dir. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında da sənaye park və məhəllələrinin yaradılması xüsusi diqqətdə saxlanılır. Həmin park və məhəllələrin rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnolo­ji avadanlıqların və qurğuların idxalı zama­nı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad olunan ərazilərdə fəa­liyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Bura sosial sığorta haqlarının subsidiyalaşdırılması, düşməndən təmizlənən yaşayış sahələrində məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniy­yət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələş­dirilməsi kimi imtiyazlar daxildir. İşğaldan azad olunan ərazidə fəaliyyət göstərən sahi­bkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat