AMEA-da aparılan tədqiqatlar dünya alimlərinin diqqət mərkəzindədir

post-img

Tanınmış amerikalı alim Azərbaycanda folklor sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib

ABŞ-ın məşhur folklorşünas alimi, professor Simon J. Bronner “Amerika Folklor Cəmiyyəti – Tarix və Folklor Bölməsi” adlı “Facebook” səhifəsində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent Səfa Qarayevin elmi fəaliyyəti ilə bağlı paylaşım edərək Azərbaycanın gənc alimlərinin yaradıcılığını yüksək qiymətləndirib, onlara dəstəyini nümayiş etdirib.

Son illərdə ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və həyata keçirilən genişmiqyaslı tədbirlərə müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında da bu qurumun prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə mühüm işlər görülür, humanitar və ictimai elmlərin prioritetlərinin dövlətin milli maraqlarına uyğunlaşdırılması məsələsinə xüsusi diqqət göstərilir. AMEA rəhbəri innovativ multidissiplinar tədqiqatların genişləndirilməsi, xüsusilə süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu islahatlar yüksəkixtisaslı kadrların, müasir texnoloji bacarıqlara malik tədqiqatçıların hazırlanmasında və yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynayır.

Xəbər verdiyimiz kimi, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, ona Azərbaycanda ilk dəfə olaraq İnternet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim olunmuşdur. Dissertasiya AMEA Folklor İnstitutu ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitunun birgə elmi əməkdaşlığı çərçivəsində hazırlanmışdır.

Həmçinin Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Səfa Qarayevə 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə “Folklorda metaforik düşüncənin psixoanalitik semantikası” mövzusu üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. Bu dissertasiya təxminən 10 il ərzində aparılmış tədqiqatların nəticəsi kimi, ölkəmizdə psixoanalitik folklorşünaslıq sahəsində ilk iş hesab olunur.

Amerikalı professor Simon J. Bronner “Facebook” sosial şəbəkəsində Hikmət Quliyevin elmi fəaliyyəti haqqında paylaşımında onun İnternet folkloru ilə bağlı apardığı tədqiqatların bir hissəsinin əks olunduğu “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı haqqında fikirlərini bölüşüb, burada yer alan tədqiqat nəticələrini yüksək dəyərləndirib. Qeyd edib ki, sözügedən monoqrafiya İnternet mühitində mövcud olan folklor yaradıcılığı problemlərinin spesifikasına, informasiya və kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorun keçirdiyi dəyişikliklərə həsr olunmuşdur. O, əsərdə virtual mühitdə formalaşan yeni ənənənin xüsusiyyətləri və kommunikativ münasibətlərin analizinin də diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Eyni zamanda, Simon J. Bronner sosial şəbəkədə Səfa Qarayevi filologiya elmləri doktoru adını alması münasibətilə təbrik edib, onun folklorda metaforik düşüncənin psixoanalitik semantikası istiqamətində apardığı tədqiqatları, əldə etdiyi mühüm elmi nailiyyətləri yüksək qiymətləndirib:

“Dissertasiyanın tədqiqat obyekti geniş və zəngin material bazasına malik olan Azərbaycan folklorudur. Dissertasiyada folklora sosial-mədəni kontekstdə yanaşma onun filoloji baxımdan görünməyən zənginliyini və funksional xarakterini üzə çıxarır. Tədqiqatın obyekti, birbaşa müxtəlif sosial kommunikasiya formaları - nağıllar, dastanlar, lətifələr, atalar sözləri, bayatılar və s. kimi nəzərdən keçirilən Azərbaycan folklorunun zəngin mətn korpusudur”.

Qeyd edək ki, hər iki alim – həm Hikmət Quliyev, həm də Səfa Qarayev professor Simon J. Bronner ilə sosial şəbəkə üzərindən mütəmadi olaraq Azərbaycan folkloru, mədəniyyəti, bu sahədə aparılan yeni tədqiqatlar və əldə olunan mühüm elmi nailiyyətlərə dair müzakirələr aparmış, onun elmi işlərinə istinad etmişlər.

Gənc yaşda elmlər doktoru elmi dərəcəsinə layiq görülən azərbaycanlı alimlərin folklor sahəsində apardıqları multidissiplinar tədqiqatların dünya miqyasında maraqla qarşılanması, tanınmış alimlərin diqqətini cəlb etməsi AMEA-da müasir elmi çağırışlara cavab verən araşdırmaların aparıldığını bir daha təsdiqləyir.

Hər iki alimimizi əlamətdar elmi nailiyyətləri münasibətilə bir daha təbrik edir, onlara Azərbaycan elminin inkişafı yolunda tükənməz yaradıcılıq enerjisi və gələcək elmi fəaliyyətlərində uğurlar diləyirik!

İnanırıq ki, AMEA-da humanitar və ictimai elmlərin prioritetlərinin dünyanın qabaqcıl elmi məktəblərinin intellektual çağırışlarına uyğunlaşdırılması istiqamətində aparılan tədqiqatlar bundan sonra da inkişaf edəcək, beynəlxalq elmi mühitdə Azərbaycan folklorşünaslıq elminin nüfuzu daha da artacaq. Bu isə, bütövlükdə ölkə elminin qlobal elmi mühitə inteqrasiyasına mühüm töhfə verəcəkdir.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat