Tanınmış tədqiqatçı jurnalist Hacı Etibar Əhədovun yeni – “Lənkəranın mətbuat salnaməsi” kitabını müəllifin Milli mətbuatımızın 150 illik yubileyinə layiqli töhfəsi adlandırmaq olar. Olduqca məhsuldar yazar olan Hacı Etibar Əhədov bu dəfə Lənkəran mətbuatının salnaməsini yazmağı, gələcək nəsillərə söz yaddaşı kimi ötürməyi qarşısına məqsəd qoyub və tam səmimiliyi, bu prosesin içində olan yazarı kimi deyirəm ki, müəllif buna nail olmağı bacarıb. “60 ilə yaxın professional jurnalist fəaliyyətimdən görmüşəm ki, söz adamları iki ömür yaşayırlar-həm öz ömürlərini, həm də başqalarının. Həqiqətən də kiminsə daxili aləminə girib dərd-sərinə şərik olmaq, kömək, qayğı göstərmək böyük xoşbəxtlikdir”. Mən bu xoşbəxtliyin bütün çalarlarına Hacı Etibar Əhədov yeni kitabını mənə hədiyyə edəndə şahid oldum, necə sevindiyini gördüm, hiss etdim. Etibar müəllim 77 yaşında ərsəyə gətirdiyi yeni kitabının nəşrinə 7 yaşlı uşaq kimi ürəkdən sevinirdi və indi, sizə təqdim etdiyim yazıda diqqət etsəniz, həmin sevincin işartılarını sezə bilərsiniz.
Hər şeydən əvvəl onu demək istəyirəm ki, Hacı Etibar Əhədov qələminə etibar edən və həm də etibar edilən etibarlı söz adamıdır. Onun yazdığı silsilə kitablar cənub mədəniyyətinin, adət-ənənələrinin, Lənkəranın təhsil, səhiyyə, mədəniyyət və son tədqiqatında da tarixinin öyrənilməsində əvəzsiz mənbədir, salnamədir. “Lənkəranın mətbuat salnaməsi” vaxtında yazılmış kitab, aparılmış tədqiqat işidir. İnanmıram ki, Etibar Əhədovdan başqa kimsə bu qədər zamanını bu salnamənin yazılmasına həsr etmək istəsin, bu fədakarlığı etsin.
Kitabda Lənkəran mətbuatının yaranması və inkişafından, müstəqillik dövründə qəzet və jurnalların nəşri tarixindən, jurnalist Hacı Etibar Əhədovun təsisçi və baş redaktoru olduğu "Lənkəranın səsi" və "Aşkarlıq" müstəqil qəzetlərində istifadə edilmiş janr və forma zənginliyindən söz açılır.V bölümdən ibarət olan kitaba Lənkəran mətbuatının tarixi, nəzəri,təcrübi məsələlərinə həsr edilmiş materiallar, dostlarının müəllif haqqında xatirələri də toplanmışdır.
Qeyd edim ki, kitabın I bölümü “Milli mətbuatımızın Lənkəran nəşrləri” adlanır.Bu bölümdə ötən XX əsrin ilk illərindən bu günümüzə kimi Lənkəranda çap olunmuş və hal-hazırda da nəşr edilən jurnal və qəzetlər, orda çalışan jurnalistlər , çapxanalar və s. barədə ətraflı, tarixi ardıcıllıqla, arxiv sənədlərinə və qəzet nümunələrinə istinadən məlumat verilir. II bölmə müstəqillik dövründə Lənkəranın ilk ictimai-siyasi qəzeti olan “Lənkəranın səsi” nin nəşr olunma tarixinə, bu nəşrin fəaliyyətə başladığı dönəmdə Lənkəran ictimai-siyasi-mədəni mühitində yaşanmış ən vacib hadisələrə, onun oynadığı böyük rola həsr edilib. “Qəzetin çapında maddi, texniki çətinliklər vardı. Lənkəran mətbəəsində qəzetin çapına imkan verilmirdi.Qəzetin 3-cü nömrəsindən sonra Masallı şəhərində də çapına qadağa qoyuldu. Səbəb kəskin, ciddi, siyasi yazılar, yumoristik məqalələr, satirik şeirlər idi”. Xatırladım ki, cəmi 7 nömrəsi çıxan bu qəzet Lənkəranın mətbuat tarixində iz qoymağı bacardı, həm də sonrakı müstəqil mətbu nəşrlərə vəsilə oldu.
Kitabın III bölümündə Hacı Etibar Əhədovun baş redaktoru olduğu, şəxsi vəsaiti ilə 30 il nəşr etdiyi “Aşkarlıq” qəzetinin salnaməsi əks etdirlib. “Aşkarlıq”-30 yaşlı qəzet” bölümündə Lənkəranın yazılı salnaməsinin bir parçası olan qəzetin nəşri, bu nəşri doğuran səbəblər, müəllifin bu yolda üzləşdiyi maddi və mənəvi çətinliklər, qəzetin mövzu və müəllif dairəsi və s. barədə ətraflı məlumat almaq mümkündür. 22 il “Lənkəran” qəzetinin redaktoru işləmiş Şəkər Aslanın “Aşkarlıq” qəzetinin ilk sayının çapdan çıxması münasibətilə yazdığı təbrik misraları bu günümüz üçün də aktuallığını və mənəvi-ideoloji dəyərini saxlayır:
Sözlə alqışladıq biz Azadlığı,
Sözün də gül kimi öz ətri, iyi,
Artdıqca ölkədə söz azadlığı,
Artsın hər kəlmənin cavabdehliyi...
Bu bölümdə müəllif bizi qəzetin başlıca mövzuları və onlara verilən tələblər, sosial həyat məsələləri, Lənkəran ədəbi mühiti, qəzetin şöbələri, müəlliflər, müxbirlərlə tanış edir, həmin dövrün ictimai-bədii salnaməsini gözlərimiz önündə canlandırır.
IV bölmə “Yaddaşımda yaşatdıqlarım”, V bölmə “Jurnalistikada keçdiyim yol” adlanır. Bu bölümlərdə müəlliflə birgə bölgənin digər yazarları barədə də məlumat verilir, yaradıcılıqlarından söz açılır. Sonuncu bölmə oxuculara həm də Hacı Etibar Əhədovu yaxından tanımağa imkan verir. Bölgənin, rayonun çox işıqlı adamlarının həyatını kitablarında yaşadan, “Lənkəran” ensiklopediyasının və onlarla kitabın müəllifi, tədqiqatçı jurnalistin özünün oxucusuna tanıtımında bu bölmə mühüm əhəmiyyət daşıyır. Kitabın bu bölümünü müəllifin oxucusu ilə tet-a-tet söhbəti, dərdləşməsi də adlandırmaq olar. “Mən, babam, bir də xatirəmdə yaşayanlar”, “Mən də jurnalist oldum”, “And olsun qələmə!”, “Sizi deyib gəlmişdik, Mirzə!” başlıqları altında verilmiş xatirələr müəllifin iç dünyasının əksi olmaqla yanaşı, həm də yaşanan həyat həqiqətlərinin öz rakurs bucağından təhlili, jurnalistin özünə hesabatıdır.
Müəllifin kitabın son səhifəsində Mirzə Cəlildən gətirdiyi sitatı Hacı Etibar Əhədovun özünə də şamil etmək olar: “Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim:-bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var!”. Jurnalist Hacı Etibar Əhədovu yaxından tanıyanlar, yaşam tərzini bilənlər, yaradıcılığına bələd olanlar yaxşı bilir ki, bu söz adamının sözdən başqa sərvəti yoxdur. Ömrünün 60 ilini sözə qurban verən, “söz”ünün çörəyini yeyən Etibar müəllimin el içində xətir- hörməti də elə sözündən gəlib. Sözünə inanıblar, sözünü tutublar, sözünü eşidiblər, dəyər veriblər, sözünə görə məclislərin başında yeri olub, sözünün yerini bilib...
Bu yerdə ölməz söz ustadı Mirzə Cəlil Məmmədquluzadənin bir kəlamını xatırlamaq istəyirəm: “ Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur-gedir, amma söz qalır”. Düşünürük ki, tədqiqatçı-jurnalist Hacı Etibar Əhədovun “Lənkəranın mətbuat salnaməsi” kitabı da onun sonrakı nəsillərə söz töhfəsidir, həmçinin milli mətbuatımızın öyrənilməsi istiqamətində atılmış mühüm addımdır. Ölkə mətbuatının öyrənilməsi onun ayrı-ayrı qollarının tədqiqindən, bölgələrin, rayonların mətbuat tarixlərinin araşdırılaraq yazıya alınmasından keçir. Hacı Etibar Əhədovun yeni kitabı bu istiqamətdə hələlik bir ilkdir, yalnız Lənkəran şəhərini əhatə edir. Yəqin ki, digər bölgələrin, rayonların mətbuat tarixləri, salnamələri də yazıya alınacaq, sonrakı nəsillərə söz yaddaşı ötürüləcək. Unutmayaq ki, söz yaddaşı göz yaddaşından daha uzunömürlüdür, zaman-məkan sərhədi tanımır, söz kəməndi nəsilləri bir-birinə bağlayır, milli yaddaşımız söz-söz hörülür.
Xatırladaq ki, “Lənkəranın mətbuat salnaməsi” kitabının redaktoru poliqrafçı alim, jurnalist Şəddat Cəfərovdur.
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru