Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş olub.
Observatoriyadan verilən məlumata görə, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov tədbirin dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətindən bəhs edərək bildirib ki, sahibkarların hüquqi savadlılığının artırılması və sosial məsuliyyətlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və “DOST Müfəttiş” kimi layihələr məhz bu məqsədlərə xidmət edir. Onun dediyinə görə, layihə çərçivəsində dövlət və özəl sektora aid müəssisələrdə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi zamanı “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün texniki və metodiki dəstək göstərilib. Həmçinin insan resurslarının idarə olunması sahəsində vəziyyət qiymətləndirilib, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təqdim olunub. O, KOBİA ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib ki, kiçik və orta sahibkarlar əmək bazarının çevikliyini təmin edən əsas qüvvədir və layihəyə yeni qoşulacaq müəssisələrə də bu sahədə dəstək göstəriləcək.
DƏMX-nin rəis müavini Azər Rəhimov əmək münasibətlərinin tənzimlənməsi və işçilərin hüquqlarının qorunmasının xidmətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. O, layihənin xidmətlə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünüqiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.
Sonra sahibkarların layihədə iştirak etməsi üçün təqdimat edilib, əmək qanunvericiliyinə dair suallar cavablandırılıb.