Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Asiyanın aparıcı sənaye sərgilərindən biri olan “Manufacturing World Tokyo 2025”də – Yaponiyanın Makuhari Messe sərgi mərkəzində iştirak edib. Səlahiyyətli Qurumun nümayəndə heyəti Yaponiya, Koreya Respublikası, Çin, Hindistan və digər ölkələrdən olan şirkətlərlə görüşlər keçirib.
Görüşlər zamanı nümayəndə heyəti azad zonada investisiya imkanları, o cümlədən mükəmməl qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, strateji coğrafi mövqe və istifadəyə hazır sənaye torpaq sahələri barədə ətraflı məlumat təqdim edib. Aparılmış müzakirələr məhsuldar olub və emal sənayesi və digər strateji sahələrdə mümkün əməkdaşlıq perspektivləri yaradıb.
Xatırladaq ki, Ələt Azad İqtisadi Zonası Qafqaz regionunun ən böyük azad iqtisadi zonasıdır və əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Azad zona, eyni zamanda, multimodal logistika imkanlarından yararlanır və hazırda inkişaf mərhələsində olan yük hava limanı sayəsində nəqliyyat və logistika potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Səlahiyyətli Qurum beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyə davam edir və yüksək əlavə dəyərli, ixracyönümlü istehsalatla məşğul olan şirkətləri yeni və perspektivli bazarlara çıxış üçün təqdim olunan imkanlarla tanışlığa dəvət edir.