Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuşlar 56 yaşlı Eldar Şeydayev və 57 yaşlı Bayram Əkbərov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, həmin şəxslərin kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 9 kiloqram olan 62 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ağcabədidə də çətənə bitkilərinin kultivasiyasını təşkil edən 2 nəfər saxlanılıb. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar. Onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.
Bu faktla bağlı da cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ