İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
AZƏRTAC-ın məlumatına görə, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.
Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.