Avropaya illik qaz nəqli 12 milyard kubmetrə çatacaq

post-img

Bu, ümumi ixracın yarısını təşkil edəcək

Artıq 3 ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Bu, ölkəmiz üçün tarixi nailiyyətdir. Hər şeydən əvvəl, Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı əldə edib. Digər tərəfdən, Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla həm də özünün ixrac imkanlarını şaxələndirməyə nail olub. 

Ötən müddətdə Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmiş Azər­baycan əsas qaz tədarükçüsü rolunda öz mövqeyini xeyli möhkəmləndirib. Məlum olduğu kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bununla belə, Prezident İlham Əliyev bu rəqə­min daha çox olması ilə bağlı nikbinliyini dəfələrlə bəyan edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın neft yataqlarında fəaliyyət təcrübəsi göstərir ki, qazma işlə­ri davam etdikcə ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcminin daha çox olması öz təsdiqini tapır. Bu da Azər­baycanın qaz sahəsinin azı 100 il bey­nəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcəyini deməyə əsas verir.

Xatırladaq ki, bir qədər əvvəl Yuna­nıstan – Bolqarıstan interkonnektorunun (birləşdirici kəmər) istifadəyə verilməsi ilə Azərbaycan qazı Bolqarıstan və Ru­mıniya bazarına daxil olmağa başlamış­dı. Artıq Serbiya ilə qaz tədarükünə dair aparılan danışıqlar da müsbət sonluqla nəticələnib. Məlum olduğu kimi, ötən ba­zar günü Serbiyanın Niş şəhərində Azər­baycan təbii qazına çıxışı təmin edəcək Serbiya – Bolqarıstan qaz interkonnek­toru işə salınıb. Boru kəmərinin açılış mərasimində 3 ölkənin – Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezi­denti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radevin iştirak et­məsi Avropanın enerji sektorunda uğur­lu əməkdaşlığın əyani təcəssümü kimi diqqət çəkir. 

Elə dövlətimizin başçısı İlham Əliyevin Serbiya – Bolqarıstan qaz inter­konnektorunun açılışına həsr olunmuş tədbiri dostluq və strateji tərəfdaşlıq mə­rasimi adlandırması da bunu təsdiq edir. Yeri gəlmişkən, yeni birləşdirici kəməri Serbiya və Bolqarıstanın enerji təhlükə­sizliyinə böyük töhfə verə biləcək layihə kimi dəyərləndirən Prezident İlham Əliyev bununla, həm də Azərbaycanın qaz ixra­cı coğrafiyasının daha da genişləndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı de­yib ki, hazırda Azərbaycan 9 ölkəyə “mavi yanacaq” ixrac edir ki, bunun da 7-si Av­ropa ölkəsidir. 

Avropa İttifaqı ilə Azərbaycan arasın­da enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunu xatırla­dan Prezident İlham Əliyev qeyd edib ki, bu sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həc­mini iki dəfə artırmalıdır. “Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğ­ru gedirik. 2021-ci ildə bizim Avropa mə­kanına qaz ixracımız 8 milyard kubmetr­dən bir qədər çox olmuşdursa, bu il bu, təxminən, 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”, – deyə dövlətimizin başçısı əlavə edib. 

Qeyd edək ki, Serbiya – Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş – Dimit­rovqrad – Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İn­vestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu və­saitləri Serbiya qaz kəmərinin öz hissəsi­nin tikintisi üçün ödəyəcək.

Yeri gəlmişkən, hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi təbii qaz­dan əldə edilir. Bu da adı çəkilən ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Ekspertlər he­sab edirlər ki, Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnek­tor Serbiya və Qərbi Balkanlar regionun­da enerji mənbələrinin şaxələndirilmə­sinə töhfə verəcək. Onların fikrincə, yeni interkonnektor Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Alek­sandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və da­yanıqlı təchizatla təmin edəcək.

Yeni qaz kəməri Nişdəki mövcud Ser­biya şəbəkəsini Bolqarıstanın paytaxtı Sofiyadakı şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunlu­ğu 109 kilometrdir. Diametri 700 millimetr olan borunun maksimum təzyiqi 55 bar təşkil edir. Kəmərin gücü Serbiyanın ümu­mi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək.

Boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq. Bu da həmin şəhərlərdə yaşayan sakinlərə, eləcə də məktəblərə, xəstəxanalara və digər müəssisələrə istilik və sənaye isteh­salı üçün qaz təchizatı əldə etməyə imkan verəcək. 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri 

Azərbaycan Prezidenti İlham Əli­yev dəfələrlə bəyan edib ki, biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addım­lar atırıq. Bu o deməkdir ki, rəsmi Bakı əvvəllər olduğu kimi, indi də Avropa İttifaqı ölkələri ilə uzunmüddətli enerji əməkdaşlığını gerçəkləşdirmək üçün hökumət səviyyəsində fəal iş aparır. 

Ölkəmizin qaz ixracına nəzər sal­dıqda, ilk növbədə, “Şahdəniz” yata­ğında hasilata başlanılmasını qeyd etmək lazım gəlir. Belə ki, bu yataqda ilk qazın çıxarılması ilə Azərbaycan özünün potensialını ortaya qoya bildi. Beləliklə, 2007-ci ildən etibarən ölkə­miz qaz idxalçısından ixracatçısına çevrildi. Azərbaycan qazının ilk alı­cıları isə Gürcüstan və Türkiyə oldu. TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Avropa sərhədlərinə qədər gedib çatdı. Daha sonra TAP boru kəmərinin çəkilib istismara veril­məsi ilə Azərbaycandan səmt götürən “mavi yanacaq” Avropa bazarlarına doğru axmağa başladı. Məlum oldu­ğu kimi, 2020-ci ilin sonuncu günün­dən etibarən Yunanıstan və İtaliyaya, 2021-ci ildən Bolqarıstana qaz nəqlinə başlanıldı.

Artıq ölkəmiz hər il qaz satdığı ölkələrin coğrafiyasını genişləndirir. Bu ildən isə Rumıniya qoşuldu. İlin sonuna qədər gözlənilir ki, Macarıs­tan da kommersiya idxalına başlasın. Tezliklə Serbiya da Azərbaycan qazını qəbul edəcək. Serbiya – Bolqarıstan qaz İnterkonnektorunun istismara ve­rilməsi ilə bağlı Avropadakı mövcud formalizmlər yerinə yetirilməlidir. An­caq istənilən halda bu boru kəmərinin istismara verilməsi Azərbaycan qazı­nın coğrafiyasının genişləndirilməsi yönündə atılan addımdır. Çünki ölkə­miz qaz istehsalçısı kimi öz xammalını bazarda satmaq imkanı qazanır. 

Belə ki, bu ölkə gələn il üçün Azər­baycanla 400 milyon kubmetr qazın alqı-satqısı ilə bağlı kommersiya sa­zişi imzalayıb. Eyni zamanda, Serbiya 2027-ci ildən bu qaz həcmlərini 1 mil­yard kubmetrə qədər artırmağı plan­laşdırır. Azərbaycan qazının növbəti alıcıları siyahısında daha iki Avropa dövləti var. Bu, Slovakiya və Albani­yadır. Slovakiya 1 milyarda kubmetr, Albaniya isə 700 milyon kubmetr qaz almaq niyyətindədir. Hələlik, kommer­siya sazişi imzalanmasa da, hazırda bu istiqamətdə işlər gedir.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat