Dövlət büdcəsinə daxilolmalar isə 15 milyard manatı ötüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, cari ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 15 milyard 338 milyon manat olub.
Nazirin sözlərinə görə, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artaraq 9 milyard 16 milyon manat təşkil edib. Ölkəmizdə aparılan səmərəli vergi siyasəti həmin sektordan vergi daxilolmalarının yüksək dinamikasını gerçəkləşdirməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verib.
Yeri gəlmişkən, indidən demək olar ki, diqqətə çatdırılan həmin göstəricilər 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradıb. Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasındakı çıxışında bu amili nəzərə alaraq qarşıdakı il və ortamüddətli dövr üçün büdcə siyasətinin konfiqurasiyasının əsas çağırışlar və hədəflər nəzərə alınmaqla müəyyənləşdirildiyini bildirib. Baş nazir, eyni zamanda, bu məqsədlə qarşıdakı dövrdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasının prioritet istiqamət kimi diqqətdə saxlanılacağını, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Hökumət rəhbəri bütün bunlarla bərabər, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, əhalinin sosial müdafiəsi və sosial təminatı məsələlərinə xüsusi əhəmiyyət veriləcəyini, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi, ərzaq təhlükəsizliyinin reallaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılması, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının gerçəkləşdirməsi kimi prioritetlərin də diqqətdə saxlanılacağını xatırladıb. Baş nazir qarşıya qoyulan bütün bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən əsas prioritet xərc istiqamətləri əsasında büdcədə tələb olunan maliyyə təminatının yaradıldığını da bildirib.
Qeyd edək ki, builki müsbət nəticələrin əldə olunmasını müsbət makroiqtisadi göstəricilərdən sayılan inflyasiya tempinin getdikcə azalması da şərtləndirib. Hökumətin antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir edib.
Cari ilin sonunda orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılıb. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli–9,4 faiz olub, illik inflyasiya 2,6 faiz təşkil edib. Eyni zamanda, Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılan işçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülüb.
Ümumilikdə, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Qarşıdakı ildə dövlət başçısı tərəfindən müəyyənləşdirilən bir sıra ən vacib prioritet sahələr, o cümlədən, enerji sektoru, nəqliyyat sektoru və tranzit potensialının artırılması, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı üzrə layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb edilməsi nəzərdə tutulur. Bu, ilk növbədə, dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilərin əldə olunması, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi və dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla reallaşdırılmasından irəli gəlir.
Xatırladaq ki, Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, cari il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 faizii qədər olub.
Borcun 11 milyard 109 milyon manatı və yaxud 6 milyard 535 milyon dolları xarici, 6 milyard 94 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 faizi və 5,1 faizi qədərdir.
Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılan dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixində dövriyyədə olan dövlət istiqrazlarının 25,4 faizi 1 illik, 57,9 faizi 2 və 3 illik, 16,6 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür. Göründüyü kimi, xarici və daxili dövlət borcu azalmaqda davam edir. Bu, düşünülən uzun müddətli strategiyanın həyata keçirilməsinin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ifadə olunan dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Sonda qeyd edək ki, bu gün büdcə təşkilatlarında nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük sahəsində vergi yükünün azaldılması, vergi nəzarəti və kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi, eləcə də həm büdcə gəlirlərinin toplanması, həm də xərclənməsi istiqamətində hər bir vəsaitə qənaətlə yanaşılması, gəlir və xərclərin ahəngdarlığı məsələləri diqqətdə saxlanılır. Eyni zamanda, büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı islahatlar davam etdirilir.
Vaqif BAYRAMOV
XQ

