Orta Dəhlizin nəbzi Azərbaycanda döyünür

post-img

Yaxın illərdə ölkə ərazisindən daşımalar 13,6 milyon tona çatacaq 

Beynəlxalq arenada etibarlı enerji tərəfdaşı kimi tanınan Azərbaycan artıq bir sıra qlobal nəqliyyat layihələrinin də təşəbbüskarı və əsas iştirakçısına çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə qovuşduruan beynəlxalq nəqliyyat dəhlizlərinin buradan keçməsi ölkəmizin regionda əhəmiyyətini getdikcə artırır. 

Son illər ölkə ərazisində müasir yol-nəqliyyat infarstrukturunun yaradılması beynəlxalq yüklərin daha rahat, sürətli və təhlükəsiz daşınması üçün əlverişli imkanlar yaradır. Heç şübhəsiz, bütün bunlar dünya miqyasında birmənalı olaraq bəyənilir, təqdir olunur.

Dünyanın bir sıra nüfuzlu nəşrlərində Azərbaycanın beynəlxalq yükdaşımalara verdiyi töhfələrə nəzər salınır, ölkəmizin nəqliyyat-logistika imkanları geniş təhlil olunur. Bu yaxınlarda beynəlxalq “Ship2shore” saytında yayımlanan “Orta Dəhlizin Avrasiya boyunca istifadə olunmamış bütün potensialı” adlı məqalə də bu baxımdan diqqət çəkir. Məqalədə Azərbaycanın dəmir yolu və terminalların modernləşdirilməsinə böyük sərmayələr yatırdığı vurğulanır. Qeyd edilir ki, yaxın keçmişdə ölkədə mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək Xəzər Dəniz Gəmiçiliyi yenidən təşkil olunub. Xəzər Dəniz Gəmiçiliyinin yaradılması ilə ölkənin daxili və beynəlxalq gəmiçiliyi gücləndirilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşutunun (Orta Dəhliz) potensialından indiyədək tam istifadə olunmadığını vurğulayan nəşr daha sonra qeyd edir ki, beynəlxalq gərginlik zamanı bu istiqamətə diqqət ayrılması Avropa və dəhliz ölkələri, xüsusən də Azərbaycan üçün zəruridir. “Bəzi hesablamalara görə, Orta Dəhliz boyunca dəmir yolu və avtomobil dəhlizlərinin bərpası, modernləşdirilməsi, limanların imkanlarının artırılması üçün ən azı 18,5 milyard avro maliyyənin ayrılması tələb oluna bilər. Azərbaycan Yol Xəritəsi təqdim edib, bununla yaxın 4 ildə tranzit yükdaşımaların hazırkı 10 milyon ton göstəricidən 13 milyon tona çatdırılması hədəflənir, –deyə məqalə müəllifi qeyd edir. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, növbəti 3 il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımaların həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, beynəlxalq yüklərin Uzaq Çindən başlayaraq Avropa ölkələrinə çatdırılması baxımından ən əlverişli marşrut sayılan Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Son illər Orta Dəhlizin ölkəmizin ərazisindən keçən polad magistrallarının ahəngdar işi bu beynəlxalq marşrutun funksionallığının artırılmasına mühüm töhfələr verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizdə ölkəmizin ərazisindən tranzit kecməklə Qərb–Şərq istiqamətində konteyner daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.

Bu arada, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov ölkəmizlə Çin arasında dəmir yolu nəqliyyatı vasitəsilə yük dövriyyəsində kəskin artımın müşahidə olunduğunu bildirib.  Bu və digər məsələlər barədə Azərbaycan və Çin dəmir yollarının rəhbərlərinin  dekabrın 7-də  keçirilən görüşü zamanı ətraflı danışılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri  Rövşən Rüstəmov və “Çin Dəmir Yolları” Dövlət Korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin arasında  keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmir yolu sahəsində həyata keçirilən yeniliklər  müzakirə olunub.

R.Rüstəmov ölkəmizin genişlənməkdə olan nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, dəmir yolu nəqliyyatı ilə yükdaşımaların artırılması istiqamətində atıla biləcək addımlardan bəhs edib. Qeyd olunub ki, bu il Çinlə idxal daşımalarda ötən ilin eyni dövrü ilə müqayisədə 549 faiz, ixrac daşımalarda isə 331 faiz artım qeydə alınıb. Ümumilikdə isə, ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb.

Görüş zamanı, həmçinin iki ölkənin dəmir yollarının rəhbərləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daha sürətlə, təhlükəsiz daşınması, o cümlədən əlavə yüklər cəlb olunması istiqamətində məhsuldar müzakirələr aparıblar. Söhbət zamanı hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzil başına yola salınması, konteyner qatarlarının, eləcə də yüklərin və vaqonların gündəlik təhvil-təslim edilməsi, lokomotivlərin yerdəyişmə prosesi və digər sahələrdə görülən yeniliklərdən danışılıb. Bildirilib ki, Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən işçi qruplarının yaradılması ilə son aylar yaranmış multimodal daşımalar üzrə tələblər qarşılanıb və tranzitin artırılmasına imkan yaradılıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Dəmir Yollarında (ADY) yükdaşımaların fasiləsizliyini və tranzit vaxtının optimallaşdırılmasını təmin etmək üçün marşrut üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması, yük sahibləri üçün ADY Smart proqramının tətbiqi, əməliyyatların bütün marşrut üzrə sinxronlaşdırılması, hərəkət heyətinin marşrut üzrə səmərəli bölüşdürülməsi məsqədilə tərəfdaş ölkələrlə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilir.

 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat