Enerji ilə regional və qlobal əməkdaşlıq mühitinin yaradılması Prezident İlham Əliyevin enerji siyasətində əsas prioritetlərdən biridir. Hazırda Avropa İttifaqı ilə yüksək səviyyəli enerji dialoqu həyata keçirilir. Həmçinin Azərbaycan 7 ildir ki, neft bazarının tənzimləməsinin çevik və səmərəli əməkdaşlıq formatı olan “OPEC+”da təmsil olunur. Dövlət başçısının irəli sürdüyü Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin bu əməkdaşlıq modeli vasitəsilə respublikamız neft bazarında tarazlığa, qiymət sabitliyinə və neft sənayesinin inkişafına davamlı töhfələr verir.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov ötən ay OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. Toplantıda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEC+”a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə də baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1 milyon 110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1 milyon 500 min barel həcmində olmasını nəzərdə tutulub.
Müzakirələr zamanı P.Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu vurğulayıb. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib. Yeri gəlmişkən, Azərbaycanın gələn il üçün hasilat kvotasının gündəlik 551 min barel təşkil edəcəyi qərara alınıb.
“OPEC+” alyansına daxil olan bir neçə ölkə ötən həftənin cümə axşamı 2024-cü ilin birinci rübündə neft hasilatını könüllü olaraq sutkada 2,2 milyon barel həcmində azaltmağa razılaşdığını elan edib. “Bloomberg” agentliyinin məlumatına əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun “OPEC+” kimi tanınan müttəfiqləri tərəfindən vurğulanan əlavə könüllü ixtisarlar Səudiyyə Ərəbistanı üzrə sutkada 1 milyon barel, İraq üzrə 223 min barel, Birləşmiş Ərəb Əmirlikləri üzrə 163 min barel, Küveyt üzrə 135 min barel, Qazaxıstan üzrə 82 min barel, Əlcəzair üzrə 51 min barel və Oman üzrə 42 min barel həcmdə olacağı müəyyənləşdirilib.
Rusiya 2023-cü ilin may və iyun aylarının orta ixrac səviyyəsindən eyni dövr üçün ixracatı sutkada 500 min barel azaldacaq. Bunun 300 min bareli xam neft və 200 min bareli isə emal olunmuş neft məhsullarından ibarət olacaq.
Könüllü ixtisarlar gələn ilin yanvarından mart ayına kimi qüvvədə qalacaq və bazar sabitliyini dəstəkləmək üçün bazar şərtlərinə uyğun şəkildə tədricən geri istiqamətdə artırılacaq. Bu ixtisarlar 2024-cü ilin sonuna qədər davam edəcək və gündəlik 3,6 milyon barel hasilatın azaldılmasına əlavə olacaq.
Kollektiv hasilatın azaldılmasına 2022-ci ilin oktyabrında həyata keçirilən gündəlik 2 milyon barel və may ayından bəri davam edən 1,6 milyon barel hasilat daxildir.
Onu da qeyd edək ki, bir neçə gün bundan əvvəl OPEC-in Baş katibi Haysam Əl-Qaysın beynəlxalq mediada cari ildə qlobal neft bazarında yaranan vəziyyət və gələn il üçün perspektivlər barədə məlumatı yayılıb.
OPEC-in rəsmi saytında bununla bağlı deyilir ki, Neft İxrac edən Ölkələr Təşkilatı Katibliyinin tədqiqat qrupu müxtəlif enerji siyasətində dəyişiklikləri, enerji keçidlərinin sürət və xarakterini yenidən qiymətləndirmək, eləcə də iqtisadi mənzərədəki inkişafı öz üzərinə götürmək, habelə neftə tələbatın uzunmüddətli perspektivini yenidən nəzərdən keçirmək qərarına gəlib. Həmçinin 2023-cü ildə tərtib edilən Dünya Neft Proqnozunda neftə tələbatın 2045-ci ilə qədər gündəlik 116 milyon barelə çatacağı vurğulanıb. Bunun isə 2022-ci ildəki proqnozla müqayisədə 6 milyon barel çox olduğu və daha yüksək səviyyə üçün potensialın mövcudluğu diqqətə çatdırılıb.
OPEC-in rəhbərinin sözlərinə görə, belə bir proqnozlaşdırma daha çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə bağlıdır. Bu, 2022-ci illə müqayisədə gündəlik 2,6 milyon barel artım deməkdir. Bunun əksinə olaraq, əvvəlki proqnozlarda 2045-ci ildə OECD-nin neft tələbində cüzi eniş yönlü düzəlişlər olması da xatırlanır.
Baş katib diqqətə çatdırıb ki, OECD-nin neftə tələbatının artması əhəmiyyətli enerji və iqtisadi inkişafların fonunda baş verir. Çünki əhali bir çox ilkin xalis sıfır emissiya siyasəti və hədəflərinin onlar üçün nə demək olduğunu görür və siyasətçilər enerji keçid yollarına yanaşmaları yenidən qiymətləndirir. Bu, Aİ-nin bir çox ölkələrində, məsələn, Böyük Britaniyada, ABŞ-də, Avstraliyada hökumətlərin enerji təhlükəsizliyinə və sosial-iqtisadi inkişafa daha çox üstünlük verməsi ilə bağlıdır. Məsələn, “Aİ EURO 7” emissiya standartları əhəmiyyətli dərəcədə yumşaldılır. Bu, eyni zamanda, həmin ölkələrdə və regionlarda neft tələbinə birbaşa təsir edir. Bundan əlavə, artan xərclər və tədarük zəncirindəki məhdudiyyətlər səbəbindən də bəzi bərpaolunan layihələr təxirə salınır və ya hətta dayandırılır.
Neft tələbinin ötən il ilə müqayisədə gündəlik 3,4 milyon barel artdığı OECD üzvü olmayan ölkələrdə vəziyyətin bir qədər fərqli olduğunu qeyd edən OPEC-in Baş katibi Haysam Əl-Qays bildirir ki, sürətli sənayeləşmə, orta sinfin güclənməsi, nəqliyyat xidmətlərində genişlənmə, enerjiyə çıxışın yaxşılaşması amilləri hesabına sürətli iqtisadi artım neftə tələbatı artırır. Nəticədə, sənaye, neft-kimya, aviasiya və yaşayış sahələri də daxil olmaqla, neft istehlakı sektorlarının əksəriyyəti əvvəllər gözləniləndən daha sürətlə genişlənir.
Baş katib, həmçinin vurğulayıb ki, dünya əhalisinin sayı artır və gələcək onilliklərdə iqtisadiyyatların sürətlə böyüyəcəyi proqnozlaşdırılır. Qlobal enerji tələbinin də 2045-ci ilə qədər olan dövrdə 23 faiz artacağı gözlənilir. Hazırda isə bu rəqəmin, təxminən, 17 faiz yüksəldiyi də bildirilir. Eyni zamanda, bərpaolunan enerji mənbələri (günəş, külək, biokütlə və su daxil olmaqla) də 200 faizdən çox genişlənir.
Əl-Qays bildirib ki, dünyada 1,55 trilyon bareldən çox təsdiqlənən xam neft ehtiyatları var. Əsas məsələ kapital tutumlu və uzun müddətə başa gələn və xam neftdən əldə edilən məhsulların gündəlik həyatımız üçün vacib olduğu sənayeyə investisiya qoyuluşudur. OPEC 2045-ci ilə qədər investisiya tələblərinin cəmi 14 trilyon dollar və ya ildə orta hesabla təxminən 610 milyard dollar olacağını proqnozlaşdırır.
Bu gün neft sənayesi də emissiyaları azaltmaq üçün böyük addımlar atır. OPEC-ə üzv ölkələrin mühüm rol oynadığı sənaye artıq hidrogen layihələrinə, karbon tutma istifadəsinə və saxlama obyektlərinə, karbon qazının çıxarılmasına, birbaşa havanın tutulmasına və dairəvi karbon iqtisadiyyatına böyük həcmdə sərmayə qoyur.
Vaqif BAYRAMOV
XQ