“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunub.
ASCO-dan verilən məlumata görə, “Zığ” Gəmi təmiri və tikintisi zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib. Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 ədəd müasir peyk rabitə terminalı və eyni sayda sürətölçən LAQ quraşdırılıb, komanda-yayım qurğusu əsaslı təmir olunub. Bununla yanaşı, gəmi heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Təmirçilər, həmçinin gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər. Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.
Qeyd edək ki, uzunluğu 149, 9, eni 17,3 metr olan “Prezident Heydər Əliyev” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.
XQ