Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi məhsul və neft-qaz avadanlığının istehsalını həyata keçirən müəssisə inşa edəcək.
Bu məsələ “Uzbekneftgaz” Səhmdar Cəmiyyətinin nümayəndələrinin SOCAR-ın“Neftqazelmitədqiqatlayihə" İnstitutuna işgüzar səfəri zamanı müzakirə olunub. “Uzbekneftgaz”ın nümayəndələri səfər çərçivəsində qazma və tamponaj məhlulları üzrə beynəlxalq sertifikat əsasında akkreditasiya olunmuş sınaq laboratoriyalarının fəaliyyəti ilə də tanış olublar.
Özbəkistan şirkətinin yadığı məlumata əsasən, “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə birgə layihə çərçivəsində SOCAR Özbəkistanda da bənzər müəssisə inşa etməyi planlaşdırır. Bundan başqa, şirkətlər, həmçinin, quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması, eləcə də yataqların işlənməsi və qazma zamanı geniş istifadə olunan qazma və tamponaj məhlulları üçün komponentlərin anbara yığılması və bölüşdürülməsi üzrə xidmətlərin göstərilməsi məsələlərini nəzərdən keçirəcək. Qeyd olunub ki, danışıqların yekunlarına əsasən, elmi infrastrukturun yaradılması üzrə layihənin icrasının növbəti mərhələləri ilə əlaqədar məsələlər razılaşdırılacaq.
XQ