Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizində önəmli qovşaqdır

post-img

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan tranzit yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu da ölkəmizin mühüm nəqliyyat habına çevrilməsi ilə yanaşı, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Son illər Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Avropanı nəqliyyat baxımından birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin funksionallığının artması müşahidə olunur. Bu baxımdan Azərbaycanın qonşu İranla tranzit sahəsində əməkdaşlığı da sözügedən dəhlizin fəaliyyətinin canlandırılmasına mühüm töhfələr verir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 mil­yon tonu keçib. Hazırda bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir”. Bu sözləri İra­nın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə deyib. Tehranda jurnalistlə­rin suallarını cavablandıran Ş.Əfəndiza­də bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)–Astara(Azər­baycan) dəmir yolunun Rəşt-Astara his­səsi başa çatdıqdan sonra tranzit yükda­şımaların həcmi 15 milyon tona çatacaq.

2022-ci ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələnin müzakirə olunduğunu xatır­ladan nazir müavini qeyd edib ki, həmin tədbir zamanı tranzit yükdaşımaların həcminin artırılması üçün qarşılıqlı əmək­daşlığın genişləndirilməsi qərara alınıb. Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə yüklərin tez, asan və keyfiyyətli daşın­ması təmin olunacaq. Bu da daşımaların həcminin artmasına səbəb olacaq. 

Xatırladaq ki, “Şimal-Cənub” Bey­nəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Asta­ra (İran)–Astara (Azərbaycan) dəmir yolu­nun davamıdır. Asiya ilə Avropanı nəqliy­yat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbay­can və Rusiyanın tranzit yükdaşıma im­kanları artacaq. Artıq Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu­nun Qəzvin-Rəşt hissəsi istismara verilib. Yolun Rəşt-Astara hissəsinin çəkilişi isə sürətlə davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra İran və Azərbaycan üzə­rindən tranzit yükdaşımaların həcmində yüksək artım müşahidə ediləcək. 

Gələcəkdə Cənub Şərqi Asiya ölkələ­rindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan da İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəz­vin-Rəşt-Astara (İran)–Astara (Azərbay­can) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. Məlum olduğu kimi, İran və Azərbaycan bu layihədə tranzit ölkələr kimi çıxış edir­lər. Yeri gəlmişkən, İranın Nəqliyyat İnf­rastrukturunun Tikintisi və İnkişafı Dövlət Şirkətinin icraçı direktoru Xeyrulla Xade­mi ötən ay verdiyi açıqlamada bildirmişdi ki, Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlə­rin 70 faizi razılaşdırılıb. Onun sözlərinə görə, yolun tikintisinin maliyyələşmə qrafiki, yükdaşıma imkanının artırılması, stansiyaların inşası, istismar qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

Bu arada, İranın Gömrük Xidməti mə­lumat yayıb ki, cari ilin martından ötən 8 ayda bu ölkədən tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artıb. Məlumatda bildirilib ki, he­sabat dövrü ərzində İranın sərhədlərin­dən 10,92 milyon ton tranzit yük daşınıb. Yüklərin 14,5 faizi Astara (İran) – Astara (Azərbaycan) gömrük-keçid məntəqəsin­dən keçərək mənzil başına çatdırılıb.

Qeyd edək ki, “Şimal-Cənub” Nəqliy­yat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsa­sında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiya­ya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. Beynəlxalq nəqliy­yat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq. 

“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mü­hüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhli­zin Azərbaycan ərazisindən keçən hissə­sində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhə­miyyət daşıyır. Son illər limanın yüka­şırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt-As­tara avtomobil yolunun yenidən qurulma­sı, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün isti­fadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub. 

Bütövlükdə isə, Prezident İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəq­liyyat Dəhlizinin Azərbaycan Respublika­sının ərazisindən keçən hissəsində işlə­rin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun ola­raq Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tiki­lib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, buradan İran İslam Respub­likası ərazisində yaradılmış yük termina­lına qədər 1,4 kilometr yol çəkilib. Eyni zamanda, Astaraçay üzərində tikintisi başa çatdırılmış yeni avtomobil körpüsü də yaxın günlərdə hər iki dövlət rəsmilə­rinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı, hazırda “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İranın Astara şəhə­rində yük terminalının tikintisi sürətlə da­vam etdirilir.

Qeyd edək ki, hazırda İrana, əsasən, taxıl məhsulları və meşə materialları, əks istiqmətdən neft və neft məhsulları, mine­ral gübrələr, sement, kimyəvi məhsullar və s. daşınır. Dəhlizin tam gücü ilə fəa­liyyətə başlaması gələcəkdə Azərbay­canın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Eks­pertlərin fikrincə, ölkəmiz tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq. Yeri gəlmişkən, İranın Prezi­dent Administrasiyası rəhbərinin müavini Məhəmməd Cəmşidi İSNA informasiya agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəq­liyyat Dəhlizinin gətirəcəyi gəlir neft satı­şından əldə olunan gəlirə bərabər olacaq. Onun sözlərinə görə, dəhlizin illik gəliri 20 milyard dollara çatacaq.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat