Azərbaycan regionun nəqliyyat habına çevrilir

post-img

Son 1 ildə ölkə ərazisində tranzit daşımalar 75 faiz çoxalıb

Son 20 ildə Azərbaycanda həyatın bütün sahələrində aparılan uğurlu islahatlar ölkəmizi regionun ən nüfuzlu dövlətinə çevirib. Neft erasının nə vaxtsa bitəcəyini bəyan edən Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sektorunun inkişaf strategiyasını ortaya qoyub.

Azərbaycanın yeni iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq neft-qaz resurslarının şaxələndirilmiş ixrac marşrutları ilə dünya və Avropa bazarlarına çıxarılması təmin olunub. Azərbaycan qısa müddətdə Avropanın ən etibarlı enerji müttəfiqinə çevrilib. Bununla da, ölkəmizin neft və qazın satışından əldə etdiyi gəlirləri sürətlə artmağa başlayıb. Neft-qaz gəlirlərinin artması hesabına Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusən də nəqliyyat-logistika imkanlarının genişləndirilməsi üçün yaxşı fürsət qazanıb. Təsadüfi deyil ki, indi ölkəmiz dünyada bir sıra qlobal nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınır. 

Ötən illər ərzində Azərbaycan yerləşdiyi coğrafiyanın yaratdığı imkanlardan yararlanaraq, ölkə ərazisini Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəhəng nəqliyyat və ticarət dəhlizinə çevirən transmilli layihələri reallaşdıra bilib. Respublika iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verə biləcək bu sahənin perspektivlərini ölkə Prezidenti illər öncə böyük uzaqgörənliklə müəyyənləşdirib.  

Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında “Bir kəmər–bir yol” təşəbbüsünü irəli sürdükdən sonra bu layihənin əhatə edəcəyi 60-dan çox ölkə içərisində onu ilk dəstəkləyən Azərbaycan olub. Prezident İlham Əliyev ümumi dəyəri 8 trilyon dollara çatan və Şərqlə Qərbi birləşdirən ən səmərəli yolların çəkilməsini nəzərdə tutan bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə müəyyənləşdirib. Layihənin elan edildiyi 2013-cü ilin sonlarında dövlətimizin başçısının Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair “Anlaşma Memorandumu” imzalanıb. 

Prezident İlham Əliyev bu layihəni reallaşdırmaq istəyən Çinin hədəflərinin nədən  ibarət olduğunu yaxşı bilirdi. Xarici ticarət dövriyyəsinin həcmi 6,4 trilyon dollar olan dünya nəhəngi yüklərin uzun və bahalı su yolu ilə deyil, qısa və ucuz quru yollarla daşınmasına nail olaraq, bu sahədə inqilabi bir dönüş etmək istəyirdi. Bu layihənin reallaşdırılması ilə yükdaşıma xərclərinin üç dəfəyə qədər azalması,  mənfəətin isə üç dəfəyə qədər artması proqnozlaşdırılırdı. Elə bu səbəbdən də Çin “Bir kəmər–bir yol” layihəsinə önəm verirdi.

Son 10 il ərzində Azərbaycan tranzit yüklərin ölkəmizin ərazisi ilə daşınması ilə bağlı iri infrastruktur layihələri reallaşdırıb, regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində zəruri olan digər mühüm addımlar ataraq bu sahədə ciddi uğurlar qazanıb. 

Bu istiqamətdə  Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində vacib infrastruktur obyektləri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı−Tbilisi−Qars dəmir yolu xətti, Astara dəmiryol terminalı, Astaraçay üzərində dəmir yolu və avtomobil yolu körpüləri, eləcə də Rusiya Federasiyası ilə dövlət sərhədində Samur çayı üzərində avtomobil yolu körpüsü və beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması tədbirləri mühüm önəm daşıyır. Gerçəkləşdirilən bütün bu layihələr Azərbaycanın regionda etibarlı və təhlükəsiz tranzit ölkəyə çevrilməsinə zəmin yaradıb.    

Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən regionda baş verən geosiyasi proseslər Şərqlə Qərb arasında tranzit yükdaşımalardan da yan keçməyib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Şərqlə Qərb arasında Rusiyanın ərazisindən keçən ənənəvi marşrutlarda ciddi problemlər yaşanıb. Başqa sözlə, sanksiyalara görə, yüklərin bu ölkənin ərazisindən daşınması çətinləşib. Bu səbəbdən son vaxtlar Azərbaycan ərazisindən keçən dəhlizlər vasitəsilə tranzit yükdaşımaların həcmində kəskin artımlar müşahidə olunub. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə respublikamızın ərazisindən keçən dəmir, dəniz və avtomobil yolları ilə tranzit yükdaşımaların ümumi həcmi 75 faiz artaraq 10,7 milyon tona çatıb.  

Belə bir vəziyyətdə Azərbaycan hökuməti Şərqlə Qərb arasında yükdaşımalarda artan tələbatın qarşılanması məqsədilə ölkəmizin tranzit potensialının daha da gücləndirilməsi istiqamətində operativ addımlar atmaq qərarına gəldi. Bu məqsədlə hökumət Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsini qısa və orta müddətli perspektivdə gerçəkləşdirə biləcək tədbirləri özündə ehtiva edən  “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”nı hazırladı. 

Prezident İlham Əliyevin 2023-cü il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilən bu sənədin əsas hədəfi mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları arasında koordinasiyanın yaxşılaşdırılması və bütün bu proseslərin vahid platforma üzərindən idarə olunmasıdır. Məqsəd tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirmək, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə Azərbaycan Respublikasının ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırmaqdan ibarətdir. Azərbaycan bütün bunlarla Şərqlə Qərb arasında yükdaşımaların həcminin yaxın, orta və uzaq perspektivdə yüksələn xətlə artmasının əsasını qoyub.   

Fikrət YUSİFOV, 

iqtisad elmləri doktoru,  professor

İqtisadiyyat