Azərbaycan – Macarıstan iqtisadi əlaqələri dostluğumuzu möhkəmləndirir

post-img

Cəbrayıl rayonunun Soltanlı kəndində tikiləcək məktəb isə bu ölkənin respublikamıza hədiyyəsi olacaq

Azərbaycan – Macarıstan əlaqələri qurulduğu vaxtdan  etibarən yüksələn xətlə möhkəmlənib. Hazırda dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda müşahidə edilən ikitərəfli münasibətlər özünün yeni inkişaf mərhələsinə daxil olub. Belə bir uğuru isə geniş iqtisadi potensiala malik hər iki dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlərin icrası şərtləndirib.   

Prezident İlham Əliyevin  BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak edən Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə də bu barədə ətraflı danışılıb. Söhbətdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyi, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığı vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl işğaldan azad olunan Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi Macarıstanla birgə həyata keçirilib, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı nəzərdə tutulub. 

Xatırladaq ki, Soltanlı kəndi Araz çayının sahilində, HoradizCəbrayıl–Zəngilan–Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Soltanlının yaxınlığında salınır. 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev 78 hektar ərazidə tikiləcək. 

Kəndin layihəsində yaşayış və ictimai binaların memarlıq həlləri onun təkrarsız və özünəməxsus simasını formalaşdıracaq. Tətbiq ediləcək memarlıq üslubları, rəng koloriti, istifadə olunan materiallar, ahəngdarlıq, milli motivlər bütövlükdə əlaqəli, tamamlanan ictimai və yaşayış məkanlarının yaranmasını təmin  edəcək. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev təməlqoyma mərasimində Soltanlı kəndinin strateji mövqedə yerləşdiyini, buradan əsas avtomobil və dəmir yolu xətlərinin keçdiyini bildirib.   

Prezidentin xüsusi nümayəndəsi, eyni zamanda, hazırda Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinin tikildiyini, Xudafərin qəsəbəsində inşaat işlərinə başlanıldığını da vurğulayıb. 

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqi kimi diqqət çəkən bəzi məqamlara nəzər salaq. Əvvəlcə onu qeyd edək ki, tərəflər arasında əmtəə dövriyyəsinin həcmi son illərdə geniş həcmdə artıb. Belə ki, 2021-ci ildə Azərbaycan ilə dost ölkə arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon  dollar təşkil edib. Keçən il bu göstərici 47,4 milyon dollara çatıb. Cari ilin ilk yarısında isə iki ölkə tərəfindən  23 milyard 990 milyon dollarlıq ticarət aparılıb. Yeri gəlmişkən, iki ölkə arasında ticarət dövriyyəsinin böyük hissəsi idxalın payına düşüb. Başqa sözlə, əməkdaşlıqda 45 milyon dollar idxal,  2,3 milyon dollardan bir qədər artıq isə ixrac təşkil edilib.

Vaqif  BAYRAMOV  

XQ

 

İqtisadiyyat