USAID – fitili çəkilmiş “bomba”

post-img

Yaxud ABŞ-ın “təhlükəsizlik yastığı”

ABŞ-ın ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə etdiyi metodlar müxtəlifdir. Bu baxımdan, ən geniş yayılmış metod isə ayrıayrı təşkilatların “xidmətlərindən” yararlanmaqdır. Söhbətimiz belə təşkilatlardan biri olan və USAID kimi tanınmış ABŞ Beynəlxalq İnkişaf Agentliyi barədədir. Yazımızda qurumun ölkəmizdəki “fəaliyyətindən” də söz açacağıq. 

Bəli, 1961-ci ildə yaradılmış və guya, bəşəri ideya və prinsiplərin, vətəndaş cəmiyyəti normalarının qorunmasını hədəf seçdiyini bəyan edən, əslində isə mütərəqqilikdən uzaq mahiyyət daşıyan agentlik Azərbaycanda 1991-ci ildən fəaliyyətdədir. Yəni, ölkəmizin dövlət müstəqilliyini əldə etdiyi vaxtdan. Elə bir vaxtdan ki, Azərbaycan cəmiyyətində hərc-mərcilik hökm sürürdü. Bəli, USAID nəinki ölkəmizə, ümumən fəaliyyət göstərdiyi bütün məmləkətlərə onlar üçün ağır sayılan zaman kəsiklərində ayaq açır.

Ayaq açır və konkret desək, pul buraxır. Söhbət qurumun müxtəlif layihələr gerçəkləşdirməsindən, vətəndaş cəmiyyəti institutlarını maliyyələşdirməsindən gedir. Əslində, bu sayaq tədbirlər “hamam suyu ilə özünə dost tutmaq” təsiri bağışlayır. “Dostlar” demokratiya zəngulələri ilə hazırlanır və faktiki olaraq ABŞ-ın ölkələrdəki siyasi missionerlərinə, İstənilən an quruluşlardakı anti-Qərb, anti- Amerikan meyillərinə cəbhə açmağa hazır olan “müsəlləh əsgərlərə” çevrilirlər. 

Bəli, dövlətlərin zəif olduğu dövrlərdə cəmiyyətlərə daxil olan USAID-in fəlsəfəsində fəaliyyət göstərdiyi ölkəni güclü və inkişaf etmiş görmək meyli yoxdur. Mütləq təlatümlər olmalıdır. Bu təşkilat klassik imperializmin “Parçala və hökm sür!” siyasətinin ehkamlaşmış təsəvvürləri ilə hərəkət etməkdədir. Onun ayırdığı maliyyə yardımları, guya ki, vətəndaş cəmiyyətinin, azad medianın inkişafına yönəlib. Əslində isə tam əks bir durum var. Sadalanan dəyərlər yalnız görüntüdür. Başları Amerika imperializminin saxtalıqları ilə dolmuş USAID-çilər təsəvvürlərinə cəmiyyətlərin gərgin vaxtlarını gətirir və işlərini həmin xüsusda qururlar. Onlar mahiyyətcə bu gündə yox, keçmişdədirlər. Onlar üçün Azərbaycan 1991-ci ildədir, heç bir inkişaf dövrü keçməyib və hesab edirlər ki, ölkəni “öz arşınları ilə nizama salmaq lazımdır”. 

USAİD-in vətəndaş cəmiyyətləri üçün irəli sürdüyü inkişaf formulu saxtalıqdan, manipulyasiyalardan başqa bir şey deyil. Təsəvvür edin, illərlə Azərbaycanda azad medianın, fikir plüralizminin olmadığını iddia edənlər iki milyondan çox vətəndaşımızın sosial şəbəkə istifadəçisi olduğunu, demək olar, hər rayonunun sürətli internetlə təmin edildiyini yaddan çıxarırlar. Qəsdən inkişafı inkar edirlər ki, layihələrinin, effektivliyinə dair, özlərinin lazımlı olduqları barədə rəy formalaşdırsınlar. Sanki bunlar xilas üçün gəliblər. 

USAID, əslində, ayrı-ayrı ölkələrə qoyulmuş saat mexanizmli “bomba”dır. Bombanın fitili həmin ölkələrin inkişafa doğru getdiyi, uğurlar qazandığı  vaxtlarda çəkilir. Axı, gerçək inkişaf və tərəqqi bu təşkilat üçün nonsensdir. Çünki bu amillər ölkələri ABŞ-ın, ümumilikdə, Qərbin orbitindən çıxara bilər. Zaman-zaman Azərbaycana qarşı tutulmuş əks mövqe də bundan qaynaqlanıb. Bu mövqe bu gün də “aktuallığını” qorumaqdadır. Özü də indi daha çox. Çünki ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Yəni, ona Qarabağ müstəvisindəki xaricdən təzyiq halları artıq yoxdur. Buna görə də USAID özünün “fəaliyyətini” gücləndirib. Nəinki gücləndirib, eyni zamanda, aşkar ermənipərəst mövqe tutmağa başlayıb. 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir müddət əvvəl bildirmişdi ki, USAİD-in Amerika xalqının pullarının başqa ölkədə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün sərf olunmasının izahı verilməlidir. Cənab Papuaşvili tam doğru təsvir vermişdi. Çünki USAID-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) alt strukturu kimi şəbəkələşməsi, fəaliyyət göstərdiyi ölkələrdə humanitar yardım və digər dəstək proqramları ilə yanaşı, Birləşmiş Ştatların həmin ölkələrdə mövcud ictimai-siyasi quruluşu dəyişmək üçün güc kimi istifadə edilməsi danılmazdır. Qurumun dünyanın müxtəlif yerlərində məhz bu funksiyanı yerinə yetirməsinə dair real faktlar var və bu funksiya ilk növbədə cəmiyyətlərin əsaslarının sarsıdılmasına, insanların manqurtlaşdırılmasına yönəlib.  

Bəli, USAID-çilərin təsəvvürlərindəki cəmiyyət anlayışı amorf, daim manipulyasiyaya pozitiv reaksiya verə bilən, onun alətinə çevrilməyə hazır başıpozuq, düşüncə qabiliyyəti olmayan kütlədir. Nəzərə alaq ki, belələri ilə qanuni seçilmiş hökumətləri devirmək, sıradan çıxarmaq mümkündür. Necə ki, Cənubi Amerikanın, Afrikanın müxtəlif yerlərində edilmişdi. Belə görünür, Gürcüstanda da oxşar mənfur cəhdə yol verilmiş, ancaq alınmamışdı. Nəzərə alaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bu il oktyabrın 2-də açıqlama yayaraq, USAID-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən 3 Serbiya vətəndaşını maliyyələşdirməkdə ittiham edib. USAID güclü dövlət strukturuna malik Azərbaycanda əsasən “yumşaq güc”dən istifadə edir. Bu siyasət gender bərabərliyi, vətəndaş cəmiyyətinə, mediaya dəstək, həmçinin vətəndaşların ictimai həyatda daha aktiv iştirakını artırmaq pərdəsi altında həyata keçilir. Onu da deyək ki, son illər bu siyasət özünü Azərbaycanda ailə dəyərləri, gender bərabərliyi, cinsi azlıqlarla bağlı vəziyyət və s. sahələrdə büruzə verir. Yəni, belə bir “dəst-xətt” ermənipərəstliklə çulğalaşmış durumdadır. Bir halda ki, güclü Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, deməli, ona qarşı çıxmaq üçün “yumşaq güc”ə üstünlük verilməlidir. 

Diqqət yetirək, Qərbin erməni sevdası gücləndikcə, USAID-in də ermənipərəstliyi yeni fazaya qədəm qoyur. Müvafiq olaraq Azərbaycandakı anti-milli şəbəkəsi fəaliyyətini gücləndirir. Bu marginal şəbəkə sülhlə bağlı populist çağırışlar səsləndirir, pasifist mövqe tutaraq, Azərbaycan hakimiyyətini müharibə tərəfdarı kimi ittiham edir. Beləliklə, ictimai rəyi çaşdırmaq yolunu tutur. 44 günlük Vətən müharibəsi dönəmində də belə oldu, builki antiterror tədbirləri zamanı da. 

Çox güman ki, qarşıdakı müddətdə də erməni sevgisi ilə silahlanmış USAID-çilər özlərinin daxilimizdəki emissarları vasitəsilə “fəaliyyətlərini” gücləndirəcək, hər cür oyunbazlığa yol verəcəklər. Ancaq məlumdur ki, Azərbaycan cəmiyyəti nə bu təşkilatın xaricdəki, nə daxildəki başbilənlərinin, nə də yerli emissarlarının “təbliğatına” uymayacaq qədər yetkindir. Ölkəmizdə möhkəm xalq-iqtidar vəhdəti var. 

USAID yaradıldığı zaman rəhbər tutduğu ideyalara sadiq qalmayan dəst-xəttini davam etdirəcəyi təqdirdə isə ABŞ-a yalnız mənfi imic qazandıracaq. Onun fəaliyyət göstərdiyi ölkələrdə siyasi proseslərə təsir göstərmək niyyəti, qeyri-leqal maliyyələşdirmə və s. işlərinin heç bir xeyri olmayacaq. “Dəvə başını samanlığa salır, elə bilir ki, heç kəs görmür”. USAID-in nəinki arxası, arxa niyyəti də hər kəsə çox yaxşı məlumdur. 

Ə.CAHANGİROĞLU 

XQ

Siyasət