Cəza və etiraf

post-img

9 saat canlı yayımlanan mətbuat konfransında Ermənistan baş naziri  gözlənilməz açıqlamalar verib

Ona ünvanlanan suallar nə qədər çeşidli idisə, Nikolun cavabları da bir o qədər rəngarəng və heyrətamiz idi. Onun beş il əvvəl hakimiyyətə gəlişinin “hərbi-siyasi fəsadlarla” müşayiət olunması barədə açıqlamaları isə xüsusi maraq doğurdu.     

“Rusiyanın 44 günlük müharibə ilə Ermənistan hakimiyyətini müəyyən hərəkətlərə görə cəzalandırdığına dair tezis çox fəal şəkildə yayılır. Mən Rusiyanı bu kontekstdə müzakirə obyektinə çevirmək istəməzdim, amma gəlin bu tezisi ciddi müzakirə edək”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan canlı efirdə Ermənistan vətəndaşlarının və diaspora ermənilərinin suallarını cavablandırarkən deyib.

2018-ci ildə hakimiyyətə gəlişinin Hayastanın müttəfiqlərinin çoxu tərəfindən həzm edilmədiyinə diqqəti çəkən, həmin qüvvələrin onu “cəzalandırmaq” barədə düşündüklərini bəyan edən Paşinyan sanki “qırx qapı arxasındakı sirrin” üstünü açıb: “Bu tezisin mənası odur ki, bizim tərəfdaşlarımız üçün arzuolunmaz inqilab oldu. Çünki Ermənistanın yeni hakimiyyətinin təmsilçiləri qərbyönümlü baxışların daşıyıcılarıdır. Məhz buna görə bizim cəzamız kimi müharibə baş verdi. Belə olan halda 2016-cı ilin “dördgünlük müharibə”sində kim və nəyə görə cəzalandırılıb?”. 

* * *

Ermənistan baş naziri təzadlı açıqlamaları, gecikmiş etirafları ilə müşayiət olunan onlayn sorğu-suala qədər, cari ilin martında İrəvanda keçirilən “Erməni Demokratiya Forumu”ndakı çıxışında da müharibə mövzusuna özünəməxsus şəkildə aydınlıq gətirməyə çalışmış, 2020-ci il İkinci Qarabağ müharibəsini 2016cı ilin “Aprel eskalasiyası”nın davamı adlandırmışdı: “Gəlin 2018-ci ilin aprelində baş nazirliyə namizəd kimi çıxış edən Serj Sarkisyanın bu müharibəni elan etməsini unutmayaq. O zaman Ermənistanda hakimiyyət dəyişikliyi olmamışdı və bu, olduqca əhəmiyyətli bir vəziyyət idi. Sual oluna bilər ki, niyə demokratik rəhbərlik müharibədən yayına bilmədi? Cavab verirəm: – Ona görə ki, yeni hökumət Dağlıq Qarabağla (?) bağlı reallıqla üzləşdi. Həmin reallığı tam şəkildə “həzm etmək” mümkün deyildi”.

N.Paşinyanın səkkiz ay bundan əvvəl dediyi sözün mahiyyəti ondan ibarət idi ki, Qarabağla bağlı həqiqətləri nə yeni hakimiyyət, nə də cəmiyyət həzm edə bilməyib. Amma iki gün əvvəlki canlı efirdə ölkədəki və xaricdəki soydaşlarına ritorik suallar ünvanlayan Paşinyan Ermənistanın özündən əvvəlki rəhbərliyini suçladı: “Niyə  2013-cü il hadisələri baş verdi? Ermənistan uzun müddət danışıqlar apardı, sonra bir gecədə Gömrük İttifaqına üzv oldu? Rusiya hansı addımlara görə 2011-ci ildə Azərbaycana silah satışı ilə bağlı neçə milyard dollarlıq müqavilə imzalayıb? 2013–2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu? Qarabağ problemi ilə bağlı deyiləsi çox şey var. 2018-ci ilin aprelində Serj Sarkisyanın bəyanatı nə idi? Bu, müharibə elanı idi?” – Paşinyan qeyd edib.

Onun sözlərinə görə, inqilab baş verib, ona görə də Ermənistanın hələ də suveren dövlət olmaq şansı var: “Əgər inqilab olmasaydı, bu şans sıfıra bərabər olardı. 2013-cü ildə baş verən hadisələr buna sübutdur. Əgər imzalaya bilmirsənsə, niyə danışıqlar aparırdın? Bundan sonra 2016-cı ilin dörd günlük müharibəsi ilə üzləşdik və danışıqlar paketini aldıq. Dağlıq Qarabağın süqutu 2018-ci ilin avqustunda baş verib”.

* * *

N.Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dedikləri isə İrəvanın bir növ əvvəlki dirəniş mövqeyindən geri çəkilməsinin təzahürü kimi başa düşülməlidir. “Dünyanın kəsişməsi” layihəsinin prinsiplərini elan edəndə bildirmişdik ki, hər bir ölkə öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, öz ərazisində təhlükəsizliyi təmin etməlidir. Azərbaycanın ilk reaksiyası belə oldu ki, İranla razılığa gəldikləri üçün artıq bu layihədə maraqlı görünmürlər. Biz qətiyyən əleyhinə deyilik, amma  bu, bizim təklifimizdir. Üstəlik, daha bir məqam var. Prosedurların sadələşdirilməsi qarşılıqlılıq əsasında baş verə bilər. Onlar layihədə iştirak edən bütün ölkələr üçün əlçatan olmalıdır. Biz burada kifayət qədər çevikik”, – deyə Paşinyan bildirib.

 İndi “çeviklikdən” dəm vuran Nikol Paşinyan dünənə qədər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 9-cu bəndin adı gələndə daş atıb başını tuturdu. Bəs indi nə baş verdi? Bəlkə Bakı ilə gerçəkləşdirə biləcəyi daha bir layihədən, deməli, qazancdan əli çıxdığına görə bu məsələdə sözünü başqa notlara “kökləyir”? Artıq gecdir, dəmir yolumuzun inşası sürətlə gedir və Hayastana oradan çox yaxında keçən qatarların arxasınca baxmaq qalacaq.

Bundan başqa, anklavlar mövzusuna toxunan baş nazir Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisindən danışanda buraya sovet dövründən Azərbaycana məxsus anklavların daxil olmadığını vurğulayıb. Paşinyan canlı yayımda anklavların danışıqlar masasında olması ilə bağlı “Tavuşdan” (Tovuz-red) olan vətəndaşın ona ünvanladığı suala  cavabında belə deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var”. 

* * *

Bu da Ermənistan baş nazirinin onlayn mətbuat konfransında dilə gətirdiyi etiraflardan ən vacibi: “İndiki mərhələdə Qarabağ ermənilərinin geri qayıtması real deyil”. Paşinyan bildirib ki, Ermənistan hökuməti bu insanların Ermənistanda qalması və ölkədən mühacirət etməməsi üçün hər şeyi edəcək. Paşinyan qeyd edib ki, tezliklə bütün Qarabağ erməniləri vətəndaşlıq alacaq və ölkənin həyatına tam inteqrasiya olunacaqlar. 

Bu, artıq rəsmi İrəvanın öz seçimidir. Bəli, Azərbaycana reinteqrasiyanı arzulamayan Qarabağ erməniləri indi zəhmət çəkib Ermənistana inteqrasiya olunmağın əziyyətini çəksinlər. Yəqin bu zaman Bakının onlara təminatını verdiyi güzəşt və güzəranla İrəvanın vəd etdiklərini də müqayisə etmək imkanları olacaq. Son nəticədə nədən məhrum olub, nə qazandıqlarının fərqini gördükdə sonuncu peşimançılıqlarını yaşayacaqları da indidən bəllidir.     

İmran BƏDİRXANLI 

XQ

 

Siyasət