Son illər ərzində Türk Dövlətləri Təşkilatı (TDT) dünyada tamhüquqlu beynəlxalq qurum kimi tanınmağa başlayıb və təşkilatın icra orqanları, müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyət istiqamətləri formalaşıb.
TDT-nin Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə də bununla bağlı müəyyən qərarlar qəbul olunub. Məsələn, toplantıda Türk İnvestisiya Fondunun yaxın günlərdə fəaliyyətə başlayacağı bildirilib. Macarıstanın baş naziri Viktor Orban həmin görüşdəki çıxışında ölkəsinin Türk İnvestisiya Fondunun işində iştirak etməyə hazır olduğunu, fonda 100 milyon avro dəyərində töhfə verəcəyini vurğulayıb.
Bu, TDT-nin yaxın illərdə təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcəyinə dərin əminlik yaradır.
Bu fikrin səsləndirilməsini müəyyən rəqəmlər də şərtləndirir. Hesablamalara əsasən, hazırda Türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 1,2-1,4 trilyon dollar həcmində qiymətləndirilir və bu, böyük məbləğdir.
Bu ilin ilk rübündə Özbəkistan iqtisadiyyatı 5,5 faiz, Qazaxıstan iqtisadiyyatı 4,9 faiz, Qırğızıstan iqtisadiyyatı 4,6 faiz, Türkiyə iqtisadiyyatı 4 faiz, Azərbaycan iqtisadiyyatı isə 0,4 faiz böyüyüb.
2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin artımı baxımından isə ən yaxşı göstərici 100,6 faizlə Türkiyədə qeydə alınıb. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 147 milyard 122 milyard 2 milyon ABŞ dolları olub. Türkiyə bu ilin yanvar-mart aylarında da dövlət büdcəsinin gəlirlərinin artımında fərqlənib, 75,1 faiz təşkil edən 53 milyard 812 milyon dollar məbləğındə gəlirlə liderlik mövqetini saxlayıb.
Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 4 milyard 758 milyon dollar) və Azərbaycan (ticarət balansı 4 milyard 209 milyon dollar) malik olub. Bu dövr ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə də artım müşahidə edilib.
Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. Bu, respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətlərində özünü aydın nəzərə çarpdırır. Məsələn, 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlməsi, Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınması bunun bariz nümunəsidir.
Yeri gəlmişkən, ölkəmizin Türkmənistanla qarşılıqlı ticarətinin həcmi 2021-ci ildəki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollara çatıb. Özbəkistanla ticarətdəki 64 faizlik artım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb.
Bu dövrdə Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. Azərbaycanla bu ölkə arasındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz ötən il 6 milyard dollara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 842 milyon dollaradək yüksəlib.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru
Son illərdə TDT-nin sıraları əhəmiyyətli dərəcədə möhkəmlənib, quruma üzv dövlətlər arasında ümumi ticarət dövriyyəsinin həcmi 30 milyard dollara yaxınlaşıb. Tərəflər arasında həm qarşılıqlı şəkildə, həm də TDT çərçivəsində ticarət dövriyyəsinin artırılması davamlı şəkildə yaxşılaşıb, əlaqələrin daha da güclənməsi məqsədilə genişmiqyaslı nəqliyyat layihələri reallaşıb.
Astanada keçirilən TDT-nin “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə dövlətimizin başçısı çıxış edərək bununla bağlı bir sıra məqamlara toxunub. Ölkə rəhbəri bu təşkilata üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, artıq beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik qurum kimi tanındığını diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra respublikamızın TDT-nin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu və bunun əsas hissəsinin Türkiyəyə yönəldildiyini də qeyd edib.
Xatırladaq ki, Astanada keçirilən 10-cu zirvə görüşündə qəbul edilən qərarlar da təşkilatın möhkəmlənməsi məqsədi daşıyır. Birgə sərmayə fondlarının yaradılması prosesinə başlanılması, Azərbaycan–Özbəkistan və Azərbaycan–Qırğızıstan inkişaf fondlarının yaradılması, dövlətlərin standartlarını və terminologiyasını sistemləşdirməyin məqsədəuyğun sayıldığı da bunun bariz ifadəsidir.
Azərbaycanla TDT-nin üzv dövlətlər arasında dost münasibətləri ifadə edən bir faktı da xatırlatmaq yerinə düşərdi. Prezident İlham Əliyev toplantıdakı çıxışında üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın işğaldan azad olunan ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayarkən, bu prosesə türk dövlətlərinin də maraq göstərdiklərini, Özbəkistan və Qazaxıstan tərəfindən Füzuli şəhərində məktəb və yaradıcılıq mərkəzi inşa edildiyini, eyni zamanda, bunu Azərbaycan, Özbəkistan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürü kimi dəyərləndirib.
Prezident İlham Əliyev TDT-nin fəaliyyətindən danışarkən Azərbaycanın bu qurumun bütün fəaliyyəti dövründə fəal olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda, geniş coğrafiyaya, zəngin təbii sərvətlərə, o cümlədən enerji ehtiyatlarına, bəzi ölkələrin, hətta güclü hərbi imkanlara malik olmaları isə yaxın gələcəkdə TDT-yə üzv dövlətlər arasında siyasi-iqtisadi əməkdaşlığın daha da möhkəmlənəcəyi əminliyi yaratdığını bildirib.
Təşkilatda təmsil olunan ölkələr arasında ötən müddətdə həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Həmin tədbirlərdə quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.
Vaqif BAYRAMOV
XQ


