Göyçay şəhərində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfrans keçirilib. “Heydər Əliyev İli”nə həsr olunan konfransda iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Göyçay Şəhidlər xiyabanını ziyarət ediblər.
Rayondakı Heydər Əliyev Mərkəzində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlər nümayiş olunub.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğunu qeyd edib. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bugünkü zəfər təntənələrinin təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını qeyd edib.
Konfransda, həmçinin, Göyçay rayon prokuroru Ramin Hüseynov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verdiyi dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonra Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

