Onun yandırdığı ocaq

post-img

İndi hamının yaxşı tanıdığı o məkan vaxtilə düzənlik olub. Həm də çox keçmişlərdə deyil, elə ondoqquzuncu yüzilin sonlarında, lap iyirminci əsrin əvvəllərində də.

Köhnə fotolar qalır – ora futbol meydanıdır, sonraların məşhur “Neftçi”si oyunlarını orada keçirir. Ayrı bir zaman gəldi, həmin geniş boşluqda 1940-cı illərdə Hökumət evi tikildi, o sarayın qarşısında dövrün rəmzlərindən olan Lenin heykəli ucaldı. Zəmanə o abidəni də yıxdı, onminlərlə insanın hər il bir neçə dəfə hökmən səliqəli sıralarla axın-axın keçdiyi o meydana o heykəllə yapışmış adı da apardı. El özü həmin birzamankı boş əraziyə təzə ad qoydu: Azadlıq meydanı.

İllər boyu yüz minlərlə, milyonlarla azərbaycanlı bu meydandan adlamışdı. Onillər boyu neçə rəhbər o kürsülərdən yüz minlərlə, milyonlarla azərbaycanlıya üz tutaraq “Vətən” demişdi, “Xalq” demişdi, “Azərbaycan” demişdi. O hündür kürsüdən bu millətə – yüz minlərlə, milyonlarla azərbaycanlıya Heydər Əliyev də üz tutaraq “Vətən” dedi, “Xalq” dedi, “Azərbaycan” dedi. Amma heç kəsin dilində “Vətən” sözü, “Xalq” sözü, “Azərbaycan” sözü Heydər Əliyevin dilində olduğu qədər inamla səslənmədi. Azərbaycan xalqı ürəkli xalqdır. Ürəkli, yəni duyğulu, həssas. Ürəkli, yəni cəsur, mərd. Heydər Əliyev xalqı kimi idi. Heydər Əliyev “Azərbaycan” deyəndə, Heydər Əliyev “Xalq” deyəndə, Heydər Əliyev “Vətən” deyəndə o kəlmənin içərisinə ürəyini qoyurdu. Ona görə onun dilindən qopan “Vətən” sözü də, onun dilindən qopan “Xalq” sözü də, onun dilindən qopan “Azərbaycan” sözü də hər bir azərbaycanlının ürəyində əks-səda verirdi. Heydər Əliyev ömrü boyu bu xalqın dilini sevdi. Heydər Əliyev ömrü boyu bu xalqın mədəniyyətini, adətlərini, ənənələrini sevdi. Heydər Əliyev ömrü boyu bu xalqın üzərində yaşadığı torpağı sevdi. Bu torpağın üstündə ömür sürən hər bir vətəndaşı sevdi. Heydər Əliyev çox vəzifələr daşıdı, ömrü boyu çox peşələr öyrəndi. Amma öyrəndiyi bütün peşələr də, daşıdığı bütün vəzifələr də əslində onun həyatının mənası olan ali bir vəzifənin fərqli təzahürləri, başqa çalarları, ayrı görüntüləri idi. Həmin ali vəzifənin adı: Azərbaycançı!

Heydər Əliyev Yol Adamı idi. Ömrü boyu çox yollardan keçdi. Çox yolların da ilk keçəni özü oldu, o yolları özü açdı. Amma ilk dəfə açdığı yollar da, addımladığı onacan keçilmiş yollar da hamısı bütövlükdə onun həyatının mənası olan böyük bir yola qovuşurdu, həmin yolun hissələri idi. Bu böyük yolun adı: Azərbaycançılıq.

Heydər Əliyev varlığıyla, uca şəxsiyyəti ilə dünya boyu səpilmiş azərbaycanlılardan bütöv millət xəritəsini qurmağa qadir bir müstəsna şəxsiyyət idi. Bəstəkar Faiq Sücəddinovla 20 il öncə yazdığımız bir nəğmə elə həmin həqiqətin ifadəsi idi.

Hara getsən, ana dilim bir quş olub ora uçar.
Harda olsan, qəlbindədir ulu Vətən, doğma diyar.
Hara getsən, ürəyində bu milləti daşıyırsan,
Harda olsan, bir can kimi səninlədir Azərbaycan.

Harda varsa bircə soydaş, orda vardır Azərbaycan!
Hər qitədən səsin gəlir, hər soydaşın yanındasan.
Ayrı düşmüş bu milləti bircə yol var qovuşduran:
Körpü sənsən, səndən keçib bütövləşər Azərbaycan.

Dünya boyu səpələnmiş əlli milyon bacı-qardaş,
Dəniz kimi ləpələnmiş əlli milyon sadiq sirdaş
Səni görür mayak kimi, səni sayır əziz ünvan.
Sənə baxır dayaq kimi, səni bilir arxa, hayan.

Birliyimiz təməlidir ən əbədi istiqlalın,
Birliyimiz bünövrəsi xoşbəxt, azad istiqbalın.
Sənə qismət – babaların röyasına həyat vermək,
Böyük Vətən xəritəsi qüdrətinlə çəkiləcək.

Millət hafizəsində həmişəlik saxlamaq istədiyi övladlarını əbədiləşdirmək üçün onların adına küçələr verir, yollar verir. Heydər Əliyevin də adına Azərbaycanda da, Azərbaycandan uzaqlarda da küçələr, prospektlər, meydanlar, bağlar, xiyabanlar var. Bu gün var, gələcəkdə yeniləri də olacaq. Amma Heydər Əliyevə bağlı bir yol da var ki, onun adını daşıyan hava limanından başlanır. Hava limanından başlanan yol səmaya uzanır. Səmaya – demək, Sonsuzluğa. Heydər Əliyevin açdığı Azərbaycançılıq yolu da o yola bənzəyir. Sonsuza qədər uzanan bir yol, əbədiyyət üfüqlərinə baş alan yol. Millətimiz zaman-zaman bu şərəf yolundan keçəcək – böyük Heydər Əliyevdən yadigar qalan Azərbaycançılıq yolundan.

XX əsr yenicə bitmiş, XXI əsrin birinci onili təzə-təzə yaşa dolurdu. Heydər Əliyevlə əbədi ayrılıqdan hələ cəmi dördcə il keçirdi. Hər biri Azərbaycanın böyük zəka sahibi, müəllim, ustad kimi tanıdığı üç görkəmli şəxsiyyətlə üz-üzə idim, bir axşam Heydər Əliyevi anırdıq, bu söhbətimizi bütün Azərbaycan görürdü və gələcəyin azərbaycanlılarına da həmin görüşdə söylənənlər yadigar qalsın deyə bütün bunlar yazılırdı – Azərbaycan Televiziyasının ekranındaydıq. İndi artıq özləri də xatirəyə dönmüş həmin üç hörmətli qonağımla birgə olduğumuz o anlar da xatirəyə iki saat uzunluqlu bir lentin yaddaşında Azərbaycan Televiziyasının xəzinəsində qalmaqdadır. Doktor Cavad Heyət, akademiklər Fuad Qasımzadə, Ağamusa Axundov. Hər üçü Azərbaycanın fəxri, hər üçü ömrü boyu Azərbaycana xidmət etmiş yurdçu, xalqçı insanlar. Özləri böyük müəllimlər olan bu şəxsiyyətlər ən misilsiz müəllim kimi baxdıqları Heydər Əliyevin Azərbaycançılığından bəhs edirdilər.

Böyük azərbaycanlı Heydər Əliyevdən millətimizə qalan miras zəngindir. Bu irsin içərisində hər zaman ehtiyac duyacağımız, daim bu millətə güc verəcək bir böyük amal da var: Azərbaycançılıq məfkurəsi. Bəlkə də həmin Azərbaycançılıq düşüncəsi və məfkurəsi Heydər Əliyevin bütün fəaliyyətinin, yolunun və ömrünün yekunudur. Bu məfkurənin millətimizə nə verdiyi, nə verəcəyi, dünya boyu səpilmiş xalqımızı qovuşdurmağa qadir hansı nadir güc olması haqda söhbətlərin heç vaxt sonu olmayacaq.

Dördümüzün birgə olduğumuz axşamda filosof Fuad Qasımzadə Heydər Əliyevin memarı olduğu Azərbaycançılıq məfkurəsinin mahiyyətini açmaqçün onun şəxsiyyətinin təhlilindən başlamışdı. Deyirdi ki, siyasi aləm, siyasi ideologiya Ulu öndərin stixiyası idi. Elə bil ki, Allah ancaq onun üçün yaratmışdı Heydər Əliyevi. Ona görə də bütün siyasi xadimlərdən bir çox üstünlükləri ilə fərqlənirdi. Əli bəy Hüseynzadənin “Siyasət-i fürusət” adlı bir əsəri var. Siyasəti cıdır meydanına, siyasətçinin fəaliyyətini o meydanda at çapan süvariyə bənzədir. Adam var ki, o meydanda heç at minə bilmir, adam var ki, minir, amma birtəhər sürür. Heydər Əliyev sözün əsl mənasında siyasət cıdırında atını dördnala çapan misilsiz bir çapar, mahir siyasət süvarisi idi.

Konstitusiya Komissiyasının üzvü olan Fuad müəllim xatirəsini bölüşürdü: “İyulun 2-si idi, 1995-ci il. Adətən iyulun 1-dən biz universitetdə məzuniyyətə çıxırıq. Mən adətən yayı Kislovodska dincəlməyə gedirəm, ya da bağa köçürəm. Hələ ki nə onu, nə bunu etmişdim – şəhərdəki mənzilimdəydim. Televiziyada axşam saat 5 xəbərini izləyirdim. Gördüm elan etdilər ki, yeni Azərbaycan Konstitusiyasını hazırlamaq üçün komissiya yaradılıb, sədr Heydər Əliyev özüdür. Bir-iki dövlət xadiminin adını çəkəndən sonra keçdilər bir neçə alimin, hüquqşünasın, filosofun adı sadalandı və o sırada da mənim adım. Üç gün sonra bizi Konstitusiya Komissiyasının ilk iclasına topladılar və sonra başladıq tez-tez yığışmağa. Birinci görüşümüzdə əvvəl Heydər Əliyev özü geniş danışdı. Azərbaycanın yeni yaradılacaq Əsas Qanununu 20 dövlətin konstitusiyası ilə müqayisə, ardınca da təhlil elədi. İşin içərisində olan adam kimi təsdiqləyirəm: Yeni müstəqillik dövrü ilk Konstitusiyamızın banisi, əsas müəllifi odur. Başlıca qayəsi də bu idi ki, Əsas Qanunumuzda Azərbaycançılıq ideologiyasına, Azərbaycan məfkurəsinə, Azərbaycan Respublikasının müstəqil inkişafına, Azərbaycan xalqının yüksəlişlərinə kömək edən nə varsa, təməl olaraq əksini tapsın”.

1990-cı illərin sonlarında mən Azərbaycanın ilk müstəqil universiteti olan “Xəzər”də departament müdiri işləyirdim. O arada Bakıda yeni fəaliyyətə başlamış, dünyanın 50 ölkəsində tədris aparan Amerika Universiteti məni dəvət etdi. Artıq bütün dünyaya şaxələnmiş həmin şəbəkə üçün də, elə respublikamızın elm-təhsil, ictimai düşüncə həyatından ötrü də tam yenilik olan bir işi mən Bakıdakı Amerika Universitetində ilk dəfə gerçəkləşdirdim. Orada respublikada birinci dəfə olaraq Azərbaycanşünaslıq kafedrası yaratdım və ölkə ziyalılığının ən seçkin simalarının iştirakı ilə hər ay müzakirəli mülahizələri davam edəcək Azərbaycançılıq lektoriyasını təşkil etdim. Ona görə də həmin axşam Fuad Qasımzadənin söhbəti mənə doğma olan bu səmtə yönəltməsi görüşümüzü əvvəldən-sonacan elə bu son dərəcə vacib xətt üzrə aparmağa sövq etdi.

Azərbaycançılıq Heydər Əliyevin görümündə nə idi? Bu məfkurəni müxtəlif yanaşmalardan qavrayanlar olub, yeniləri də olacaq. Azərbaycançılığı milli-mənəvi dəyərlər toplusu kimi şərh edənlər də var, buna millətimizin konsolidasiyasına xidmət edəcək bir qəlib kimi baxanlar da. Heydər Əliyevin miqyaslı baxışında Azərbaycançılıq deyilərkən ilk növbədə ağılda tutulan Azərbaycan dövlətinin özü idi. O, müasir Azərbaycan dövlətini bir mükəmməl müstəqil dövlət olaraq qurdu. Qadir peşəkar olaraq həmin dövlətin möhkəm bünövrəsini, sarsılmaz sütunlarını, dayaqlarını yaratdı, dövlət maşınının xırdadan tutmuş iriyədək bütün ümdə hissəciklərini, quruluşlarını şəkilləndirdi. Amma bununla bərabər, daha mühüm bir işi gördü – millət quruculuğu ilə məşğul oldu.

Millətin təfəkkürünə biçim vermək, milləti dünya millətləri içərisində, çağdaş xalqlar arasında uca məqama yetirmək, onu zəka, zövq, əməlçilik baxımından daha da yüksəltmək, kamilləşdirməkçün çalışdı. Bu səyləri də onun Azərbaycançılıq fəlsəfəsinin mahiyyətinə, özəyinə çevrildi.

O axşam Azərbaycançılıq, Heydər Əliyev ətrafında fikir mübadilələrimiz əsnasında akademik Fuad Qasımzadə sərrast bir müşahidəsini də bölüşərək demişdi ki, Azərbaycan XXI əsrə qədəm qoyanda, Üçüncü minillik başlananda Heydər Əliyev xalqa müraciətində 16 tarixi şəxsiyyətin adını çəkirdi. Onların da çoxu filosoflar, mütəfəkkirlər: Nizami, Tusi, Nəsimi, Füzuli, Mirzə Əli Möcüz, Sabir, Mirzə Cəlil, Cavid və digərləri. Heydər Əliyev onların hər birini sadəcə alim, şair, yazıçı deyil, mütəfəkkir adlandırırdı. Ən əvvəl diqqəti onların millət tarixindəki yerinə və izinə yönəldərək hər birini məhz ümumazərbaycan mahiyyətinə görə dəyərləndirirdi. Onları islahatçı, qurucu, yeni yol açan, məktəb yaradan adlandırırdı. Çünki o özü də o cür idi.

Bayrağımızın üç rəngi bizim qovuşan üç yolumuz, bir dövlət olaraq hər kəsə bəyan etdiyimiz məramımızdır. Heydər Əliyevin Azərbaycançılıq təlimi o üç ana yolun bünövrəsi üstündə yarandı. Söz yox, bu milləti millət edən ilk təməl kərpic ana dilimizdir. Və Heydər Əliyev dilimizi çox sevirdi. Əlbəttə, öz doğma dilinə məhəbbət hər insana əslində qanı ilə qismət olan bir keyfiyyətdir. Ancaq baxın o dildə kim necə danışır, onda həmin şəxsin dilə sayğı və istəyinin həddini də təsəvvür edəcəksiniz.

Azərbaycan dilini Heydər Əliyev qədər candan, şövqlə, dildən, hər sözündən bir ilham alaraq və sözün gücünü artıraraq danışan ikinci adam təsəvvür eləyə bilmirəm. Dilimizin necəliyi haqqında onun bu dəyərləndirməsi də bənzərsizdir. Digərləri kimi sadəcə şirin, gözəl, musiqili və başqa yıpranmış bənzətmələri işlətmirdi, Azərbaycan dili ləzzətli dildir söyləyirdi.

Azərbaycan Televiziyasının “Əbədiyyət” verilişindəki dəyirmi masamızda mən ana dilindən bəhs edincə görkəmli dilçi alimimiz akademik Ağamusa Axundov dərhal söhbətə qoşulmuşdu və Fuad Qasımzadə kimi, Konstitusiya Komissiyasının üzvü olduğunu xatırlatmış, həmin komissiyanın ən gərgin iclaslarından bir neçəsinin məhz dil məsələsinə həsr edildiyini söyləmiş və cibindən bir vərəq çıxarmışdı: “Mən bura gələndə həmin o adını çəkdiyim komissiyada Heydər Əliyevin çıxışından bir hissəni – onun dilə öz münasibətini aydın şəkildə ifadə etdiyi, yəni Heydər Əliyevin dil doktrinası adlandırıla biləcək bir parçanı sizə də necə var, o cür, dəqiqliyi ilə çatdırmaq üçün yazıb götürdüm. Bu çıxış 1995-ci il noyabrın 11-də olmuşdu. Deyirdi ki, “İndi biz dövlət dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə eləyə bilərik”.

Mənim yadıma gəlir, Fuad müəllim də yaxşı xatırlayar. Universitetin 50 illiyi keçirilirdi, 1969-cu ilin oktyabr ayında. O vaxt Heydər Əliyev üçüncü ay idi ki, Azərbaycanda rəhbərliyə gəlmişdi. Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə yaradılmış yubiley komissiyasının sədri də o özü idi. Həmin iclası Azərbaycan dilində açdı və Azərbaycan dilində də çox yüksək, çox parlaq bir nitq söylədi. Və bu, zalda çox böyük həyəcanla, görünməmiş alqışlarla, həm də bir az təəccüblə qarşılandı. Çünki həmin yığıncaq beynəlxalq səviyyəli bir konfrans idi. Müttəfiq respublikalardan da, xarici ölkələrdən də qonaqlar vardı. O dövrdə isə nəinki belə tədbirlərin, ümumən bütün böyük iclasların rus dilində aparılması yazılmamış qayda idi. İndi isə belə geniş əhatəli, xarici qonaqların, dövlət və hökumət xadimlərinin qatıldığı iclası Azərbaycan dilində açmaq, Azərbaycan dilində nitq söyləmək, həm də bunu Mərkəzi Komitənin Birinci katibinin etməsi heyrətləndirici hadisə idi. Sonra neçə gün universitetdə gənclərin tənəffüslərdəki müzakirələri ancaq bu haqda idi. İndinin cavanlarına bütün bunlar qəribə gələr. O çağlarsa hətta iştirakçıların əksəriyyətinin ruscanı yaxşı bilmədiyi kənd təsərrüfatına həsr edilmiş yığıncaqlar belə rus dilində aparılırdı. Heydər Əliyevə xoş münasibəti olan, onu ürəkdən istəyənlər hətta bir az narahatlıq da keçirirdilər ki, görəsən, bunun xatası çıxmayacaq?

Fuad müəllim də bilir, o vaxt Kremlin göstərişi vardı ki, birinci katiblər mütləq rusca danışmalıydılar. Sovet ideologiyasının tüğyan elədiyi bir vaxtda, Mixail Suslovun qılıncının kəshakəs dövründə belə cəsarət eləmək böyük risk idi. Amma Heydər Əliyev qorxu üçün yaranmamışdı, o, qorxunu yox eləmək üçün vardı.

Həyatlarının böyük hissəsi sovet dönəmində ötmüş, həmin çağların bütün sıxıntılarını bilavasitə yaşamış akademiklər Fuad Qasımzadənin, Ağamusa Axundovun xatirələri əslində dövrün dil mənzərəsini aydın göstərən tarixi sənədlərdir. Bəli, 1969-cu ildə ayrı bir dil mühitinin, ayrı bir dil siyasətinin aparıldığı və azərbaycancanın, milli özünüifadənin təxminən yasağabənzər səviyyədə olduğu məqamda respublikada ali partiya vəzifəsinə yenicə başlayan

Heydər Əliyev müəyyənləşdirilmiş siyasi ülgülərə rəğmən ana dilində danışırdı. Bununla da yalnız dilə deyil, həm də daha geniş ölçüdə milli təfəkkürün oyanışına xidmət edirdi. Amma dünya dəyişdi, Azərbaycan müstəqilliyini bərpa etdi, daha başımızın üstündəki kimlərdənsə dil asılılığımız qalmadı. Heydər Əliyevin böyüklüyü onda idi ki, bu dönəmdə də dilimizə xidmətdə, dilimizə qayğıda yenə qətiyyətli addımları ilə seçilməyi bacardı, dilimizi daha əngin və yüksək üfüqlərə ucaltdı.

(ardı var)

Rafael HÜSEYNOV,
Milli Məclis sədrinin müavini,
akademik



Siyasət