Süni intellekt və maliyyə sektoru

post-img

Dünən Azərbaycan Maliyyə-İqtisad Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Süni intellekt və maliyyə: sabaha baxış” mövzusunda kolleclərarası tələbə konfransı keçirilib.

Kollecin prorektoru dosent Şaiq Əsgərov bildirib ki, konfransın əhəmiyyəti süni intellektin maliyyə sektoruna təsirinin müzakirə olunmasıdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən elmi məclis bu iki mühüm məqamı bir araya gətirir. Ümummilli lider Azərbaycan dövlətçiliyinin inkişafında silinməz izlər qoymuş dahi şəxsiyyətdir. O, milli təhsilin inkişafına böyük önəm verərək gənclərin bilikli və peşəkar yetişməsini dövlət siyasətinin isə prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bugünkü tələbələr gələcəyin memarlarıdırlar.

İqtisadiyyat və Humanitar Kollecin direktoru Hicran Əyyubova qeyd edib ki, ümummilli lider gənc nəslin vətənpərvər ruhda böyüməsinə, ümumtəhsil məktəblərinin, peşə və orta ixtisas təhsili müəssisələrinin, ali təhsilin inkişafına diqqət və qayğı ilə yanaşmışdır.

Sonra paytaxt kolleclərinin tələbələri süni intellektin mühasibat və iqtisadiyyat sahələrinə töhfələri ilə bağlı təqdimatlar ediblər.

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov XQ-yə açıqlamasında bildirib ki, bugünkü tədbirimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub:

– Süni intellekt bu gün həm dünyada, həm də ölkəmizdə ən aktual və həssas mövzulardan biridir. Kollecimiz orta ixtisas iqtisadi təhsilin inkişafı istiqamətində əmək bazarının tələblərini daim diqqətdə saxlayır. Bu məqsədlə bank sektoru, mühasibatlıq sahəsində fəaliyyət göstərən müəssisələr, beynəlxalq sertifikatlaşdırma qurumları və Maliyyə Nazirliyinin qeydiyyata aldığı mühasibatlıq şirkətləri ilə əməkdaşlıq edirik.

Cəmiyyətin peşəkar mütəxəssislərə böyük ehtiyacı var. Bu baxımdan orta ixtisas təhsili mühüm rol oynayır. Bu istiqamətdə əmək bazarından gələn sifarişləri və təklifləri diqqətlə izləyirik.

Ləman TƏHMƏZ
XQ

Sosial həyat