Ermənistanda seçkiyə start verildi
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinin seçkiqabağı kampaniya dövrünə rəsmən start verildi. Yazımız bu başlanğıcdakı diqqətçəkən məqamlar barədədir. Amma əvvəlcə bir nüansın üzərində dayanaq. Məlum olduğu kimi, 2026-cı il başlayandan Ermənistanda seçki ab-havası müşahidə edilməkdədir və bunun müxtəlif təzahürləri var. Ən böyük təzahürü isə ölkə tarixində ilk dəfə olaraq seçkiyə “Qarabağ kartı”, ümumən münaqişə məntiqi ilə qoşulmayan qüvvənin qeydə alınmasıdır. Söhbət hakim “Vətəndaş sazişi” partiyasından gedir. Hərçənd, qurumun istər 2021-ci ilin növbədənkənar parlament seçkiləri, istərsə də 2018-ci ildəki qələbəsi zamanı bu bədnam kart aktivliyini qorumuşdu.
Bəli, Ermənistanda “Vətəndaş sazişi”indən başqa, demək olar, bütün digər aparıcı qüvvələrin hər biri üçün Qarabağ amili ön plandadır. Bu qüvvələr Azərbaycanla müharibə ritorikasını açıq şəkildə dilə gətirməsələr də, aydındır ki, zamanla barış əleyhinə sərt mövqe tutacaq, həmçinin, əllərinə düşən ilk imkandaca savaşa başlayacaqlar. Baş nazir Nikol Paşinyanın və onun tərəfdarlarının xeyli müddətdir vurğuladıqları əsas məqam da elə budur.
Əlqərəz, “Vətəndaş sazişi” seçkiqabağı kampaniya dövrünə sülh egidası ilə start verdi. Təşkilatın başlıca şüarı isə bu oldu: Ermənistan artıq sağ qalmaq dövründən çıxıb, indi yaşamaq vaxtıdır. Hər halda, Paşinyan Sünik vilayətindəki çıxışıda belə dedi. Dedi və çağırış motivli növbəti fikrini səsləndirdi: “Sülhün keşiyində durun”. Əlbəttə, Paşinyan özünün ənənəvi ampluasına uyğun pafosu da unutmur: “Biz istəyirik ki, siz sülhün tərəfində olasınız. Çünki bu sizin sülhünüzdür! Çünki məhz bu yolla biz müstəqilliyimizi, kimliyimizi və gələcəyimizi qoruyuruq! Gələcək artıq gəlib və biz onu müdafiə etməliyik”.
Barışla bağlı fikirlərini genişləndirən Paşinyan onu da bildirdi ki, müharibədə həlak olanların xatirəsinə ən təsirli abidə azad, xoşbəxt və suveren Ermənistan Respublikasıdır. Baş nazir bukletlərin paylanmasından sonra vətəndaşlarla birlikdə belə bir şüar da səsləndirdi: “2026-cı il seçkilərində biz 16-ya səs veririk”. Məlum olduğu kimi, “16” rəqəmi seçki bülletenində “Vətəndaş sazişi”nin sıra nömrəsini ifadə edir. Yəni Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı siyahıya əsasən, partiya seçki bülletenində 16 nömrəsi ilə qeyd olunub.
Onu da bildirək ki, bu gün “Vətəndaş sazişi”nin Qaregin Njde meydanında böyük mitinqi keçiriləcək. Nikol aksiyanın barışla bağlılığını vurğulasa da, Njde kimi terrorçunun adını daşıyan meydanda tədbirin təşkili sülh baxımından heç də uğurlu rəmzi anlam daşıya bilməz. Hərçənd, Zəngəzurun timsalında Sünik başlanğıcını müsbət qiymətləndirmək olar. Həm də o səbəbdən ki, Zəngəzur adlı özündə sülhü, sabitliyi, inkişafı və rifahı birləşdirəcək qlobal dəhliz və o dəhlizin TRIPP kimi beynəlxalq təminat komponenti var.
Amma Ermənistanda uğursuzlar çoxdur. Onlardan biri də Edmon Marukyandır. O Marukyan ki, “İşıqlı Ermənistan” adlı partiya yaradıb və parlament seçkilərində qələbəyə inamlı olduğunu açıqlayıb. Bu şəxsin ritorikasının sülhyönümlü olmadığı isə seçki kampaniyasının ilk günündən özünü göstərib. Marukyan Yerasxda seçicilərlə təmas zamanı bildirib ki, Azərbaycanla sülh müqaviləsi hazırkı formada imzalana bilməz. Sən demə, rəsmi Bakı indiyədək Ermənistanın ərazi bütövlüyünü kvadratkilometrlərlə tanımayıbmış və bu səbəbdən sülh müqaviləsinə ən azı xəritə əlavə olunmalıdır.
Görəsən, uşaq məntiqli boşboğaz Marukyan başqa nə istəyir? Demək çətindir, ancaq onun ölkə iqtidarına qarşı primitiv tezislərlə “silahlandığı” ortadadır. Amma Marukyan özünü erməni cəmiyyətinə təcrübəli diplomat qiyafəsində sırımaqda israrlıdır: “Hakimiyyət bizi aldadır və deyir ki, tərəflər Alma-Atı Bəyannaməsinə əsasən əraziləri qarşılıqlı şəkildə tanıyıblar. Bəyannamədə xəritələr yoxdur, orada müəyyən prinsiplər əks olunub. Müqaviləyə xəritə əlavə edilməlidir. Bu xəritə olmayanadək heç kimin sazişi imzalamağa haqqı yoxdur”.
Türkiyə ilə münasibətlər baxımından Ankaraya subliminal ittiham yağdıran, sərhədin Ermənistan yox, Türkiyə tərəfindən bağlandığını və bu ölkə tərəfindən də açılmalı olduğunu deyən Marukyan Qarabağ avantürasını qabartmağı yaddan çıxarmayıb. Daha doğrusu, o, bölgənin Azərbaycan tərəfindən, guya, işğal edildiyi fikirini yayıb və bildirib ki, vaxtilə Baş nazir Paşinyana Qaçqınlar Nazirliyinin yaradılmasını təklif edibmiş, lakin ikinci bununla razılaşmayıb və bu, onların arasındakı son görüş imiş. Marukyan, həmçinin, Qarabağ ermənilərinin geri qayıdışı ilə bağlı sərsəmləməyindən də qalmayıb.
Ermənistanda seçki kampaniyasına start verdiyini göstərən siyasi təşkilatdardan biri də hazırda ev dustaqlığında olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasıdır. Partiya ölkə parlamentinin binası önündə aksiya təşkil edib. Qurumun koordinatoru Narek Karapetyan bildirib ki, 8 il əvvəl məhz bu gün bu binada Paşinyan baş nazir seçilmiş və ədalətli sistem, təhlükəsizlik və rifahla bağlı yüzlərlə vəd vermişdi. Lakin 8 il sonra məlum olur ki, heç nə dəyişməyib. “O, sülh vəd etmişdi, amma müharibə gətirdi. Rifah vəd etmişdi, amma insanlar böyük borclar və kreditlərlə üz-üzə qaldılar, yoxsulluq aradan qalxmadı. Halbuki onlar (Paşinyan və tərəfdarları – red.) özlərinə milyardlarla mükafat payladılar və adamlarını işlə təmin etdilər. Nəticədə, kiçik bir qrup qazandı, 600 min erməni isə güclə dolanır”, - deyən partiya funksioneri ölkədəki bütün müxalif qüvvələri hakimiyyət dəyişikliyinə nail olmaq üçün birgə fəaliyyətə çağırıb.
Ermənistanda “Hamıya qarşı” adlanan partiya da seçki marafonuna start verdiyini açıqlayıb və özünün baş nazir postuna namizədini elan edib. Qurumun “Facebook” səhifəsində yayılan məlumata görə, bu siyasi qüvvə seçkilərdə qalib gələcəyi təqdirdə, hökumətə 100 gün Nina Karapetyants rəhbərlik edəcək. Amma “Hamıya qarşı” ilə bağlı qəribə sayılacaq bir məqam var. Sən demə, partiyanın müəyyən edilmiş proqramına əsasən, qələbə qazanacağı təqdirdə, onun namizədi növbəti 10 il ərzində siyasi fəaliyyətlə məşğul olmamağı öhdəsinə götürübmüş. Sual olunur: “Hamıya qarşı”nın namizədi siyasi fəaliyyətlə məşğul olmayacaqsa, bəs nə iş görəcək? Həqiqətən, ortada qəribə olduğu qədər də, gülməli durum var.
Əlbəttə, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın da seçkidə iştirak edəcəyi məlumdur. Yada salaq ki, bir müddət əvvəl Koçaryan özü də baş nazirliyə iddiasını açıqlamışdı. Ancaq seçki kampaniyasının ilk günündə ondan səs-səmir gəlmədi. Elə gəlməməyi yaxşıdır. Daha yaxşı olar ki, Robert ümumiyyətlə sussun və daşnak zəhərini tökməsin. Hərçənd, buna şübhə ilə yanaşırıq.
Ə.RÜSTƏMOV
XQ

